Deputat: “Korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət var”

Deputat: “Korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət var”
# 04 may 2020 12:32 (UTC +04:00)

"Korrupsiyaya qarşı mübarizədə əsas silah əzm, iradə, ardıcıllıq və qətiyyətdir”.

Bunu APA-ya açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət mövcuddur: “Azərbaycan Prezidentinin əzmkarlığı, qətiyyəti və ardıcıl mübarizə tədbirləri ölkəmizdə korrupsiya və rüşvətin sonunu gətirməkdədir. Son bir neçə ayda DTX tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri sadəcə qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması hadisəsi deyil, həm də başqalarının nəticə çıxarmalı olduğu yaxşı bir dərsdir. Hamı dərk etməlidir ki, istənilən qanun pozuntusu mütləq təsbit ediləcək və layiqli şəkildə cəzalandırılacaq. Ancaq bu hələ məsələnin yalnız bir tərəfidir”.

Millət vəkili vurğulayıb ki, sadəcə inzibati metodlarla yaxud yuxarıdan aşağı tətbiq edilən şaquli tədbirlərlə korrupsiya və rüşvətxorluğa qarşı qısa müddətdə arzu olunan nəticə əldə etmək bir qədər çətindir: “Mübarizəni daha effektiv etmək üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da korrusiyaya qarşı mübarizədə iştirakçıya çevrilməlidir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev vaxtaşırı bu məsləyə toxunaraq ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır. Burada məqsəd korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə kütləviliyi və ümumi ictimai mənafelər naminə mübarizliyi təmin etməkdir. Çünki ictimai nəzarət yol verilmiş qanun pozuntularının aşkar edilməsində əlavə informasiya mənbəyi kimi çıxış etməklə müvafiq orqanları faydalı məlumatlarla təmin edə bilər. İctimai qınaq isə ən səmərəli çəkindirici vasitələrdən biridir. Ona görə də korrupsiya və rüşvətxorluq kimi ümumi bəlaya qarşı kütləvi şəkildə mübarizə aparmaq üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi faktorlar da prosesin tərkib hissəsinə çevrilməlidir. Belə olarsa, daha tez və daha yaxşı nəticələri qısa müddətdə əldə edə bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR