Deputat: "Prezidentin çıxışı yaxın zamanlarda dərinləşmiş iqtisadi islahatlarla bağlı yeni paketin təqdim olunacağından xəbər verir"

Deputat: "Prezidentin çıxışı yaxın zamanlarda dərinləşmiş iqtisadi islahatlarla bağlı yeni paketin təqdim olunacağından xəbər verir"
  • Clock-gray 23:48
  • calendar-gray 06 Avqust 2020

“Azərbaycan Prezidenti İlham Əliyevin son müşavirədə çıxışı Azərbaycanda pandemiyanın davam edən aylarda, eləcə də potensial postpandemiya dövründə dərinləşdirilmiş islahatların davam etdiriləcəyi ilə bağlı siyasi iradənin bir daha nümayiş etdirilməsi kimi xarakterizə olunmalıdır”.

Bunu APA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, pandemiya dövründə də islahatlar prioritet olaraq qalmaqdadır:

“Pandemiya dövründə həyata keçirilən tədbirlər və islahatların əsas hədəfi pandemiyanın vətəndaşlarımıza və bütövlükdə iqtisadiyyata təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır. Bu baxımdan da dərinləşmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə həm pandemiya dövrü uzanarsa onun iqtisadiyyata təsirlərini minimumlaşdırmağa imkan verir, həm də postpandemiya dövründə iqtisadi artımın, inkişafın daha qısa müddətdə əldə edilməsinə imkan yaradacaq. Praktik olaraq bu, 2020-ci ilin ikinci yarısı üçün həyata keçirilən islahatlarla bağlı tapşırıq və göstərişlər kimi xarakterizə olunmalıdır. Liberal iqtisadiyyatın genişləndirilməsi, dövlət dəstəyinin artırılması fonunda sahibkarlıq subyektləri üçün yeni imkanların yaradılması, o cümlədən iri dövlət müəssisələrinə idarəetmə sisteminin təkmilləşdirilməsi korporativ idarəetmədən istifadə edilməsi məhz dərinləşmiş  islahatların əsas hədəfidir”.

Deputat qeyd edib ki, 2018-19-cu illərdə həyata keçirilən islahatlar Azərbaycanın pandemiyaya daha çevik reaksiya verməsinə və pandemiyanın təsirlərini minimumlaşdırmasına imkan yaradıb:

“Xüsusən də iqtisadi paket çərçivəsində bir tərəfdən dövlət müəssisələrində çalışan 900 min vətəndaşımızın əməkhaqqısı, eyni zamanda 300 minə yaxın özəl sektorda çalışan muzdlu işçinin tam və ya qismən kompensasiya olunması. Təxminən 300 minə yaxın fərdi və mikrosahibkarların dövlətdən birbaşa kompensasiya almaq imkanı yarandı. Eləcə də iqtisadi paket, həmçinin strateji olaraq sahibkarlar üçün vergi güzəştləri və güzəştli kredit portfeli təklif etdi. Bu, artıq reallaşmaqdadır. Artıq pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarlar vergi güzəştlərindən faydalanırlar. Kifayət qədər çoxmiqyaslı vergi güzəştləri iqtisadi islahatların genişləndirilməsi üçün bir baza formalaşdırıb. Eyni zamanda güzəştli kreditlərə çıxış imkanlarını artırıb ki, bu da sahibkarlıq fəaliyyətinin daha yaxından dəstəklənməsi baxımından vacibdir”.

V.Bayramov nəzərə çatdırıb ki, müşavirədə Prezidentin çıxışı məhz yaxın zamanlarda dərinləşmiş iqtisadi islahatlarla bağlı yeni paketin təqdim olunacağından xəbər verir:

“Praktik olaraq iri dövlət müəssisələri ilə bağlı islahatların genişləndirilməsi imkan verəcək ki, həm büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi mümkün olsun, eyni zamanda, həmin şirkətlərin xidmətləri üzrə itkilərin azaldılması nəticədə daha səmərəli xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq. Bu baxımdan Azərbaycanda pandemiya dövründə iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyur. İqtisadi islahatlar liberal iqtisadiyyatın daha dərinləşməsi, gizli iqtisadiyyata qarşı mübarizənin daha genişləndirilməsi və eyni zamanda, iri dövlət müəssisələrinin idarə edilməsi də çevikliyə, eləcə də korporativ idarəetmədən daha geniş istifadə edilməsinə imkan yaradacaq. Bu isə ondan xəbər verir ki, Azərbaycan artıq yeni iqtisadi modeli təqdim etməkdədir və yeni iqtisadi model pandemiyanın təsirlərini minimumlaşdırmaqla yanaşı, postpandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda əldə edilməsinə imkan yaradacaq”.

apa-logo-mini

Digər xəbərlər