Deputat: “Prezidentin nitqini koronavirus dövründə çətin mərhələdən keçmək üçün “yol xəritəsi” adlandırmaq olar”

Deputat: “Prezidentin nitqini koronavirus dövründə çətin mərhələdən keçmək üçün “yol xəritəsi” adlandırmaq olar”
# 15 aprel 2020 14:08 (UTC +04:00)

“Prezidentin aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəki nitqini koronavirus pandemiyası dövründə çətin mərhələdən keçmək üçün ölkəmizin “yol xəritəsi” də adlandırmaq olar”.

Bunu APA-ya açıqlamasında millət vəkili Könül Nurulllayeva deyib.

Xanım deputat bildirib ki, prezident İlham Əliyev nitqində təkcə dünyanın və ölkəmizin qarşılaşdığı problemlərdən söz açmaqla kifayətlənməyib, eyni zamanda bu problemlərdən çıxış yollarını göstərib, bu məqsədlə tapşırıq və göstərişlərini verib: “Müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan dövlət başçısı Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını qeyd etdi. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan Prezident Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirdi. Eləcə də iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını vurğulayaraq, ilin birinci rübünün iqtisadi göstəricilərindən danışdı. 2020-ci ilin Azərbaycan üçün uğurla başladığını qeyd edən dövlət başçısı vurğuladı ki, ilin əvvəlinin göstəriciləri Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deməyə əsas verir”.

K. Nurullayeva Prezidentin xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəriciləri çox müsbət olduğunu, mart ayında isə müəyyən qədər tənəzzül baş verdiyini qeyd etdiyini xatırladıb: “Dövlət başçısı vurğuladı ki, bu da təbiidir. “Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər”, - deyə Prezident qeyd etdi.

Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlərin yaşandığını xatırladan dövlət başçısı Azərbaycanda durumun nəzarət altında olduğunu söylədi. Prezidentin də ifadə etdiyi kimi, koronavirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən tədbirlərin artıq müsbət nəticələr verməsi bizim doğru yolda olduğumuzun göstəricisidir.

Qeyd etmək istərdim ki, cənab Prezidentin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 minlərlə ola bilərdi.

Dövlət başçısı da qeyd etdi ki, ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır”.

Millət vəkili koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mümkün mənfi təsirləri haqda danışan dövlət başçısının bunun qlobal proses olduğunu vurğulayaraq qabaqlayıcı tədbirlər sayəsində bundan da minimum itkilərlə çıxmağın əsas vəzifələrdən olduğunu qeyd etdiyini diqqətə çatdırıb: “Proqram xarakterli çıxışda demək olar ki, ölkənin yaxın zamanlar üçün atmalı olduğu bütün zəruri addımlar göstərilib, ən kritik mərhələlər üçün belə “xilas modelləri” təklif olunub. Hesab edirəm ki, indi həm müvafiq dövlət strukturlarının, həm də hər birimizin bir nömrəli vəzifəsi bu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirməkdir. Belə olacağı təqdirdə isə prezident İlham Əliyevin “yol xəritəsi”nin reallaşacağının şahidi olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR