Deputat: "Qanun mənə şamil edilə bilməz, yaxud virus mənə yoluxa bilməz düşüncəsi məntiqsizliyə söykənir və cahillikdir"

Deputat: "Qanun mənə şamil edilə bilməz, yaxud virus mənə yoluxa bilməz düşüncəsi məntiqsizliyə söykənir və cahillikdir"
# 22 avqust 2020 13:15 (UTC +04:00)

"Qanun mənə şamil edilə bilməz, yaxud virus mənə yoluxa bilməz düşüncəsi eyni məntiqsizliyə söykənir və hər ikisi cahillikdir".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrinin müavini Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanda hüquqi dövlət qanunu pozanları hüquqi məsuliyyətə cəlb etmək üçün yaradılıb: “Bunu hamıdan yaxşı hüquqşünaslar bilir, ya da bilməlidir. Qanun qarşısında hamı bərabərdir, ancaq müəyyən sosial zümrə var ki, onlar qanunlara daha ciddi riayət etməklə, həm də nümunə yaratmalıdırlar. Bu zümrə cəmiyyətdə yüksək sosial statusa malik olan və və müxtəlif strukturlarda vəzifə tutan zümrədir. Çünki onlar daim ictimai diqqətin mərkəzində olurlar və daha çox ictimai məsuliyyət daşıyırlar. Ona görə də qanun pozuntusuna görə vətəndaşların hüquqi məsuliyyəti də bir növ kateqoriyalandırılır. Məsələn, eyni qanun pozuntusuna görə fiziki şəxslər az, vəzifəli şəxslər bir qədər çox, hüquqi şəxslər isə daha çox məsuliyyət daşıyır və uyğun olaraq cərimələnirlər. Dolayısıyla hər bir vətəndaşın sosial statusu artdıqca, adekvat olaraq sosial məsuliyyəti və qanun qarşısında cavabdehliyi də artır.

Hazırda pandemiyaya qarşı mübarizə bizi karantin rejimi adlandırdığımız xüsusi rejimdə yaşamağa məcbur edib və bu, ictimai mənafelərimiz baxımından olduqca vacibdir. Belə olan halda Operativ Qərargahın qəbul etdiyi qaydalara riayət etmək hər bir vətəndaşın ümdə vəzifəsinə çevrilir. Belə zamanlarda cəmiyyətdə ictimai həssaslıq daha da artır və ictimai diqqət müvafiq sosial zümrənin üzərinə fokslanır. Həmin zümrənin nümunəvi olması belə zamanlarda daha da aktuallaşır. Elə bu günlərdə kifayət qədər tanınmış, sabiq deputat İlham Əliyevin ailəsində təşkil edilmiş toy mərasiminə və orada iştirak edən qonaqların sosial məsuliyyətinə ictimai reaksiyanın belə kəskin olması da haqlı olaraq bununla əlaqədardır. Hazırda ictimai rəyi emosional şəkildə məşğul edən sual ondan ibarətdir ki, belə həssas bir dönəmdə qadağan olunmuş tədbirin keçirilməsində məqsəd nə idi?! Toy edənlər bu hadisənin ictimai rəydə necə kəskin etiraz doğuracağını hesablaya bilməmişdilərmi? Bu hadisənin indiki vaxtda ümumi maraqlarımız baxımından kimin lehinə olacağını düşünməmişdilərmi? Bax, təəssüf doğuran məsələlərdən biri də cəmiyyəti belə lüzumsuz bir sualla üz-üzə qoymaqdır. Ona görə də əgər hesab edilibsə ki, bu mərasimdən heç kəs xəbər tutmayacaq, ona görə də qanunu gizli şəkildə pozmaq olar, bu, mənəvi sadəlövhlükdür. Yox, əgər bizim bilmədiyimiz daha başqa məqsədlər olubsa, bu, daha da pisdir".

Deputat vurğulayıb ki, məsələnin ən xoşagəlməz tərəflərindən biri isə bəzi qonaqların hadisəni qiymətləndirən zaman öz açıqlamaları ilə ictimai rəyi provokasiya etmələridir: "Kimlər çəkibsə, tapılacaq", yaxud "Çağırılmışam, necə getməyim" kimi fikirlər xalqımızın milli mənəvi dəyərlərini istismar etməkdir. Pandemiya bir müharibədir və bu müharibədə hamımız birmənalı şəkildə milli iradəmizin legitim təmsilçisi Prezident İlham Əliyevin yanında olmalıyıq. Qanun onu pozanların hamısına, deputatına da, vəzifəli şəxsinə də, aliminə də eyni dərəcədə şamil edilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR