Deputat: “Sarkisyanın səsləndirdiyi fikirlər kifayətdir ki, terrorçu kimi mühakimə edilsin”

Deputat: “Sarkisyanın səsləndirdiyi fikirlər kifayətdir ki, terrorçu kimi mühakimə edilsin”
# 17 fevral 2021 18:55 (UTC +04:00)

“Ermənistanın keçmiş prezidenti son açıqlamasında sözün əsil mənasında özünün terrorçu, vaxtilə rəhbərlik etdiyi dövlətin isə terrorçu dövlət olduğunu etiraf edib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, heç bir siyasətçi hələ indiyədək öz siyasi xələfini qonşu ölkəyə qarşı münasibətdə daha yaxşı və cəsarətli terrorçu ola bilməməkdə qınamayıb: “Sarkisyan isə faktiki olaraq Paşinyanı yaxşı terrorçu olmamaqda, əsgərlərin kütləvi toplanma ərazilərinə “İsgəndər” raketi atmamaqda suçlayır. Bu azmış kimi, Sarkisyan Azərbaycanın reallaşdırdığı beynəlxalq enerji layihələrini, qaz və neft boru kəmərlərini “İsgəndər” raketlərilə vurulmamasını qəbahət və suç hesab edir. Eyni zamanda Gəncədə bir mülki obyektin digər mülki hədəflə səhv salınmasını qeyri-dəqiqlik hesab edir. Beləliklə də uzun illər Ermənistan adlandırılan dövlətin və onun rəhbərlərinin terrorçu düşüncə sahibləri olduğunu bütün dünyaya nümayiş etdirir. Elə bu gün də Ermənistanda revanş hissləri ilə yaşayanlar Sarkisyan-Köçəryan-Paşinyan terrorçuluğunun davamçılarıdır. Ona görə də bütün dünya bir daha görsün ki, Azərbaycan uzun illərdir sadəcə işğalçı ölkə ilə deyil, həm də dövlət adı altında beynəlxalq terror təşkilatı ilə necə mübarizə aparıb. Əslində isə işğalçılarla bərabər həm də beynəlxalq terrorizmin mərkəzlərindən birini məhv edib. O mərkəz ki, daim beynəlxalq enerji layihələrini də terror hədəfi kimi görüb”.

Deputat diqqətə çatdırıb ki, Sarkisyan öz açıqlamasında sadəcə fiziki terroru deyil, həm də siyasi terroru yaxşı bacardığını göstərir: “Onun bu terroru isə daha çox öz xalqına yönəlmiş siyasi terrordur. Erməni ictimai rəyini terrorizə edərək bildirir ki, guya 2016-cı il Aprel döyüşlərində Azərbaycan məğlub ediləcəyini başa düşərək atəşkəs haqqında qərar qəbul edib. Ancaq elə növbəti cümləsində özünü təkzib edərək bildirir ki, o atəşkəs üçün Rusiyaya müraciət edib. Bax bu, əsl siyasi terror nümunəsidir. Ona görə də Sarkisyanın bu müsahibədə səsləndirdiyi fikirlər kifayətdir ki, o, terrorçu kimi mühakimə edilsin və dünyada antiterror koalisiyasından danışanlar ilk olaraq Ermənistanın da adını terror təşkilatı kimi siyahıya daxil etsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR