Deputat: “Tədbirlər Planı Prezidentin dövlət siyasətindəki bərabərlik, dayanıqlılıq və davamlılıq prinsiplərini bir daha sübut etdi”

Deputat: “Tədbirlər Planı Prezidentin dövlət siyasətindəki bərabərlik, dayanıqlılıq və davamlılıq prinsiplərini bir daha sübut etdi”
# 10 aprel 2020 11:16 (UTC +04:00)

“Nazirlər Kabinetinin təsdiq etdiyi son Tədbirlər Planı möhtərəm Prezidentimizin dövlət siyasətindəki sosialyönümlülük, ədalətlilik, heç kəsə ayrı-seçkilik qoymadan bərabərlik, dayanıqlılıq və davamlılıq prinsiplərini bir daha sübut etdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

O bildirib ki, dünyanı bürüyən, ən inkişaf etmiş ölkələrdə belə çox ciddi və ağır itkilərə səbəb olmuş koronavirus epidemiyası ölkəmizdən də yan keçməyib: “Prezident İlham Əliyev dünyada gedən hər cür prosesləri dərin və iti ağılla dəyərləndirir. Buna görə də uzaqgörənlik və müdrikliklə bu epidemiyanın ölkəmizdə ağır fəsadlarının qarşısını almaq üçün çox erkən və qəti önləyici tədbirlər həyata keçirilib, bu tədbirlər bu gün də davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə elə gün yoxdur ki, Prezidentin rəhbərliyi ilə istər ümumxalq sağlığı, istərsə də ölkəmizin gələcək iqtisadi inkişafı və əhalinin sosial müdafiəsi ilə bağlı ciddi qərar və sənədlər qəbul olunmasın. Yeri gəlmişkən, xalqımız ilk gündən bu mübarizədə çox ciddi milli birlik və həmrəylik nümayiş etdirir. Məhz ölkə başçısının sərəncamının icrası olaraq bu günlərdə Nazirlər Kabineti koronavirusla mübarizə məqsədilə çox mükəmməl Tədbirlər Planını təsdiq edib. Bu sənəd koronavirusun sosial sahədə yarada biləcəyi bütün riskləri demək olar ki, minimuma endirmiş oldu. Qısa olaraq qeyd edim ki, dövlət bütövlükdə mövcud olan bütün yükü öz üzərinə götürdü. Prezidentimiz bununla özünün və dövlətimizin bütün gücü ilə ən çətin məqamlarda xalqımızın və hər bir vətəndaşın yanında olduğunu bir daha sübut etdi”.

Millət vəkili vurğulayıb ki, qəbul olunmuş Tədbirlər Planına əsasən, heç vətəndaş və ya koronavirusun zərər verə biləcəyi heç bir sahə dövlət dəstəyindən kənarda qalmayıb: “Əslində, koronavirus itkilərinin ölkəmizdə tezliklə aradan qaldırıla biləcəyində hər kəs Prezidentimizə və onun atacağı humanist addıma inanırdı və əmin idi. Fəxrlə deyə bilərik ki, məhz Prezidentimizin qəti siyasi iradəsi nəticəsində Nazirlər Kabineti belə bir mükəmməl Tədbirlər Planını təsdiq edə bildi”.

M. İbrahimqızı qeyd edib ki, koronavirusun itkilərinin aradan qaldırılmasına çətinlik yarada biləcək səbəblərdən biri də dünyanın bütün ölkələrində, eləcə də bizim ölkədə mövcud olan qeyri-rəsmi məşğulluq problemidir: “Ölkəmizdə kölgə iqtisadiyyatına qarşı müntəzəm olaraq, ciddi mübarizə aparılmasına baxmayaraq, çox təəssüf ki, bu problem hətta ABŞ kimi ölkələrdə də tam həll olunmamış qalmaqdadır. Çünki qeyri-rəsmi məşğulluq sahəsində təkcə hökumətin deyil, vətəndaşın da çox ciddi məsuliyyəti var”.

Millət vəkili bildirib ki, Tədbirlər Planında problemdən çıxış yollarına tam sistemli, kompleks şəkildə baxılıb: “Qeyd etdiyim kimi, əsas çətinlik olan muzdlu işçilərin sayının müəyyən olunmasının meyarları ilə bağlı idi. Sənəddə göstərildiyi kimi, məşğul əhalinin 910 000 nəfəri dövlət və neft sektorunda çalışır ki, onların da əksəriyyəti ödənişli məzuniyyətə buraxılıb. Bunların bir qismi ya öz işində çalışır və ya karantinlə bağlı evdən online işini davam etdirir. Bu səbəbdən əməkhaqları da dövlət tərəfindən ödənilir. Tədbirlər Planında dövlətin məşğul əhalinin 2-ci seqment üzrə, yəni qeyri-neft və qeyri-dövlət sektorunda çalışanları üçün də konkret və çox ciddi tədbirləri nəzərdə tutması eyni zamanda koronavirusdan sonrakı dönəm üçün ölkəmizdə dayanıqlı və davamlı inkişafın qorunması məqsədini daşıyır. Dövlətimiz muzdla işləyən 600 000-dən çox vətəndaşına dəstək olmaqla, çalışan vətəndaşlarımızın 1-ci kateqoriyada olan sahibkarlıq subyektləri üzrə kiçik, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşlara koronavirusun vurduğu təsirlərin aradan qaldırılmasına nail oldu. Ümumiyyətlə, koronvirusun birbaşa təsirlərinə məruz qalan əsas sahələr sahibkarlıq sahəsində 4 sektor və 20 fəaliyyət üzrə çalışanlardır. Koronavirusla bağlı karantin tətbiq olunduğu gündən bu sahələrdə demək olar ki, fəaliyyət dayanmışdı. Xüsusən də xidmət sektorunda işləyən, eyni zamanda muzdla çalışan vətəndaşlarımızın fəaliyyəti dayanıb. Dövlətimiz həmin sahibkarlıq subyektinin rəhbərinin bank hesabına ödəniş edib. Burada məqsəd sözügedən qurumda çalışan muzdlu vətəndaşın maaşının sahibkarlıq subyekti tərəfindən qarşılanması, başqa sözlə, vətəndaşımızın karantin dövründə əmək haqlarının dövlət tərəfindən subsidiya edilməsidir. Sözsüz ki, burada əmək haqları üçün əsas meyar orta aylıq əməkhaqqı nəzərdə tutulur. Bütövlükdə bunun üçün 215 manat milyon vəsait ayrılıb.

Koronavirusun yaratmış olduğu problemlərdən biri də 300 000 vətəndaşımızı əhatə edən fərdi sahibkarlar və mikrosahibkarlardır. Bu fəaliyyət sahələrində çalışanlara də dövlət birbaşa minimum 250 manat məbləğində yardım edəcək. Yəni bu sahibkar il ərzində 250 manatadək və ya bundan az ödəniş edibsə, yenə də onlara 250 manat ödəniş olacaq. Əgər 250 manat artıq ödəniş edibsə, məcburi ödənişdən asılı olaraq 5000 manata qədər ödəniş ediləcək. Nəticə etibarı ilə, bu iki seqment üzrə 300 000 milyon manat ayrılacaq və ümumilikdə, 600 000 vətəndaşımızı əhatə etmiş olacaq. Tədbirlər Planının mükəmməlliyi bir də ondadır ki, əhalinin qeyri-rəsmi məşğul hissəsinin məşğulluqdan qeydiyyatının təmin olunması və əlçatanlığı üçün bir neçə sadə mexanizm hazırlanıb. Əhalinin bu təbəqəsinə aid olan vətəndaşlar bu mexanizmlərin birindən istifadə etməklə qısa müddət ərzində qeydiyyata düşərək, onlar üçün nəzərdə tutulmuş müavinəti (190 manat) əldə edə biləcəklər”.

Millət vəkili nəzərə çatdırıb ki, koronavirusun yaratdığı zərərləri minimuma endirmək məqsədilə ölkə başçısının göstərişləri və prinsipial mövqeyi ilə reallaşacaq sosial paket mərhələli şəkildə bütün vətəndaşları, həm əvvəllər qeydiyyatdan keçmiş işsizləri, həm də işi olmayan vətəndaşlarımızı qeydiyyat imkanı yaratmaqla dövlətin ayırmış olduğu müavinətlərlə təmin edəcək: “Bu mənada həyata keçiriləcək Tədbirlər Planı ölkəmizdə koronavirus epidemiyasından sonrakı dövr üçün işsizlərin sayının bir daha dəqiqləşdirilməsinə, qeyri-formal iş sahələrində çalışanların müəyyənləşməsinə də önəmli dəstək olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR