Deputat: "Tofiq Yaqublu dövlətin humanizm siyasəti sayəsində evinə gedə bilib"

Deputat: "Tofiq Yaqublu dövlətin humanizm siyasəti sayəsində evinə gedə bilib"
# 18 sentyabr 2020 17:24 (UTC +04:00)

“Tofiq Yaqublu barəsində qərarın dəyişdirilməsi bir daha Azərbaycan dövlətinin ənənəvi olaraq, hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlı olduğunu göstərdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir: “Ancaq bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq, həm də ictimai-siyasi müstəviyə transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı. Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də, heç də əsl məqsədləri bu deyildi. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox, şəxsi siyasi çıxarları maraqlandırırdı və axıra qədər də bu mövqelərindən əl çəkmədilər. İctimai vicdanı ağrıdan da elə budur. Ancaq bu marginal qruplardan fərqli olaraq, xeyli sayda ziyalılarımız, millət vəkillərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki, onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək, dövlətimizin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş edirdilər. Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər bunlar idi”.

Deputat qeyd edib ki, hüquq sistemimiz isə bütün nüansları nəzərə alaraq ölkədə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul edib və bu qərarı hamı alqışlayır: “Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə də həm dövlətimizin ədalətini, həm hüquq sistemimizin humanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR