Deputat: “VII qurultay YAP-ın həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər”

Deputat: “VII qurultay YAP-ın həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər”
# 10 mart 2021 18:55 (UTC +04:00)

“Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində mühüm, köklü islahatlar həyata keçirilir. 2018-ci il prezident seçkilərindən sonra bu islahatlar daha da dinamik xarakter alıb".

Bunu APA-ya açıqlamasınmda Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, bütün sferaları əhatə edən bu islahatların məqsədi müstəqil dövlətimizi daha da inkişaf etdirmək və gücləndirməkdir: "Biz artıq islahatların müsbət nəticələrini görürük və cəmiyyətimiz tərəfindən islahatların rəğbətlə qarşılanması fikrimizi təsdiqləyir”.

Deputat bildirib ki, islahatlar təkcə sosial-iqtisadi sahələri əhatə etmir: “Belə ki, kadr, hüquq və siyasi sferalarda yeniliklər də dövlətimizin başçısının islahatlar kursunun mühüm komponentlərini təşkil edir. Siyasi sahədə islahatlardan bəhs edərkən, ötən il keçirilən parlament seçkilərini, bu il martın 5-də isə Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsini qeyd edə bilərik. Bu gün cəmiyyətimizin gündəmində olan əsas mövzularından biri YAP-ın VII qurultayının qərarları və partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışıdır. Məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyamız Azərbaycanın ən çətin anlarında yaradılıb və onun əsas missiyası yeni müstəqilliyini elan etmiş respublikamızı düşdüyü dərin böhrandan xilas etmək, onu inkişaf yoluna çıxarmaqdan ibarət idi. Və Ulu Öndərimiz bu missiyanı uğurla yerinə yetirdi. Ötən dövr ərzində partiyamız böyük inkişaf yolu keçib və bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 760 mindən çox insanın birləşməsi də bu faktı təsdiqləyir. Biz böyük bir ailəyik və böyük siyasi güc olaraq Prezidentimizin ətrafında sıx birləşmişik. Bu ailəmizi daha da böyütmək və gücləndirmək üçün islahatların aparılması günün tələbi idi”.

Millət vəkili qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi ideya və prinsiplər var və YAP üzvləri də bu yolla addımlayır: “Heydər Əliyev ideyalarında yeniləşmə, müasirləşmə amili mühüm yer tutur. Bu gün ölkəmizdə aparılan islahatlar, dəyişikliklər də məhz bu prinsiplərə əsaslanır. 2019-cu ilin sonlarında V çağırış Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edən YAP-ı təmsil edən deputatların mövqeyi də məhz bugünkü islahatlara adekvat olan qanunvericilik orqanının formalaşdırılmasından ibarət idi. Ötən il fevralın 9-da keçirilmiş parlament seçkiləri məhz bu məqsədə xidmət etdi. Bu il martın 5-də keçirilən YAP-ın VII qurultayı da partiyadaxili islahatlar baxımından böyük önəm kəsb edir”.

Fatma Yıldırım nəzərə çatdırıb ki, partiyada yeniləşmə, islahatlar Ulu Öndərin ideyalarına əsaslanmaqla yeni düşüncə tərzini, yeni təfəkkürü və yanaşmaları özündə ifadə etməlidir: “Məlumdur ki, partiyamız daim gəncləşir, partiyamızın sıralarına yüksək intellektli, müasir dünyagörüşünə sahib olan gənclər qoşulur. Bu gənclərin potensialından daha səmərəli istifadə olunmalı, ideoloji işin daha da güclənməsində onların roluna önəm verilməlidir. Məqsəd isə Ulu Öndər Heydər Əliyevin ideya və prinsiplərini gələcəyə daha güclü formada daşımaqdır. Hesab edirəm ki, VII qurultayda qəbul olunmuş qərarlar, yeni nizamnamənin qəbul olunması, struktur dəyişikliyi məhz bu məqsədlərə xidmət edir”.

Deputatın sözlərinə görə, İlham Əliyevin dediyi kimi, YAP-ın VII qurultayının keçirilməsi ölkədə və regionda yaranmış yeni reallıqlarla bağlıdır: “Belə ki, Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, eləcə də, ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri isə bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Müharibənin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb”.

F.Yıldırımın fikrincə, VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər: “Partiyanın Sədri, Prezident İlham Əliyev qurultayda proqram xarakterli çıxış etdi. Möhtərəm Sədrimizin tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramı kimi qəbul olunmalıdır. Partiyamızın üzvləri yeni mərhələdə ictimai-siyasi proseslərdə daha fəal iştirak etməli, ölkəmizin inkişafına, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işlərinə öz töhfələrini verməlidir".

Onun sözlərinə görə, eyni zamanda, partiyanın Mərkəzi Aparatının strukturunda da yeniliklərin edilməsi siyasi-ideoloji işin daha da gücləndirilməsı baxımından önəmlidir: "Yeni struktur dəyişikliyinə əsasən Mərkəzi Aparatda yeni şöbələr yaradılacaq ki, bu da partiya işində daha çeviklik, operativlik, ölkədə aparılan islahatlara uyğun olaraq daha müasir yanaşmaları özündə ehtiva edəcək”.

Deputat həmçinin partiyanın yerli strukturları ilə bağlı məsələyə də toxunub: “Düşünürəm ki, qurultayda qəbul olunan qərarlar, aparılan struktur dəyişiklikləri partiyanının yerli strukturlarının işinə də əhəmiyyətli təsir göstərəcək. Partiya işində əvvəllər bəzi nöqsanlar olub ki, onlar tamamilə aradan qaldırılmalıdır və inanıram ki, belə də olacaq. Mən dövlət orqanlarında çalışdığım zaman həmin qurumlardakı ərazi ilk partiya təşkilatlarının rəhbərliyində təmsil olunmuşam. Ona görə də, bu barədə məlumatlıyam. Əvvəllər müəyyən təbəqələrə aid olan bəzi insanların partiya sıralarına qəbul olunmasında problemlər yaşanırdı. Amma YAP ümümxalq partiyası olduğu üçün vəzifəsindən, sosial statusundan asılı olmayaraq bütün sağlam düşüncəli insanlar üçün açıq olmalıdır. İnanıram ki, VII qurultayda edilmiş yeniliklər nəticəsində partiyamızın sıraları daha da genişlənəcək, cəmiyyətimizdə mövqeləri daha da güclənəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR