Deputat: “Vətən müharibəsində qələbəmizin memarı Prezident İlham Əliyevdir”

Deputat: “Vətən müharibəsində qələbəmizin memarı Prezident İlham Əliyevdir”
# 24 dekabr 2020 15:11 (UTC +04:00)

“Son 17 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Azərbaycan cəmiyyəti və bütün dünya Prezident İlham Əliyevin timsalında praqmatik, hadisələri, prosesləri dəqiq qiymətləndirən, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edən, verdiyi bütün vədləri gerçəkləşdirən siyasətçini görür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Deputat deyib ki, ötən illər ərzində ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün həm hüquqi baza davamlı şəkildə möhkəmləndirilib, həm də praktiki müstəvidə zəruri tədbirlər görülüb, iqtisadi subyektlərin öz fəaliyyətlərini genişləndirmələrinə dəstək artırılıb: “Ələlxüsus yeni iqtisadi şəraitdə Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bu sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasında mühüm rol oynayıb. Azərbaycanın yeni növ koronavirus pandemiyasının yaratdığı çətinlikləri sırf öz gücünə qarşılaması da milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin kifayət qədər yüksək olduğunu əyani şəkildə təsdiqləyir. Respublikamız pandemiya şəraitində iqtisadiyyatın qorunmasına, eləcə də genişmiqyaslı sosial müdafiə tədbirləri üçün zəruri olan vəsaitləri sırf daxili imkanları hesabına qarşılayır”.

Azərbaycanın sosial dövlət olduğunu söyləyən Fatma Yıldırımın sözlərinə görə, Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır: “Son 17 ildə respublikamızda əməkhaqları, pensiyalar mütəmadi qaydada artırılıb. Ötən il iki mərhələdə aparılan və 4 milyon insanı əhatə edən böyük sosial paket çərçivəsində reallaşdırılan islahatların ən mühüm qolu məhz əmək münasibətləri ilə bağlı olub. Dövlət başçısı bəyan edib ki, pandemiya şəraitində insanların sağlamlığının qorunması və sosial müdafiələrinin təmin olunması bizim üçün əsas məsələdir”.

Deputat qeyd edib ki, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin edilməsinə nail olmaq Prezident İlham Əliyevin fəaliyyətində ana xətti təşkil edib: “İşğalçılıq siyasətini genişləndirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyi cəzalandırılmalı idi və bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev etdi. Sentyabrın 27-də Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın Silahlı Qüvvələri düşmənin təxribatının qarşısını almaq məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. Respublikamız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu. Silahlı Qüvvələrimiz torpaqlarımızın xeyli hissəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin geri qaytarılmasından sonra düşmən müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşərək onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən, işğalçı Ermənistan sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təslim etdi. Vətən müharibəsində qələbəmizin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR