Deputat: ““YAŞAT” fondunun yaradılması yardımlaşma, dayanışma ruhunun möhkəmlənməsinə verilən töhfədir"

Deputat: ““YAŞAT” fondunun yaradılması yardımlaşma, dayanışma ruhunun möhkəmlənməsinə verilən töhfədir"
# 08 dekabr 2020 16:56 (UTC +04:00)

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğurunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə “YAŞAT” fondunun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma və dayanışma ruhunun möhkəmlənməsinə verilən töhfə deməkdir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir, dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olunmasıdır: “Şəhid ailələrinə və müharibə veteranlarına birdəfəlik yardım da daxil olmaqla çoxsaylı güzəştlərin tətbiq olunması, onların mənzil və avtomobillərlə təmin edilməsi, aylıq müavinət və təqaüdlərin verilməsi, vergi güzəştlərinin nəzərdə tutulması və s. kimi bu qəbildən olan sosial güzəştlər yalnız bu təminatın kiçik bir qismidir. İşverənlərə bu statusda olan vətəndaşlarımız üçü məcburi kvotanın müəyyən edilməsi, özünüməşğulluqla bağlı çoxsaylı layihələrin həyata keçirilməsi və maliyyələşdirilməsi də güzəştli ailələrimiz üçün nəzərdə tutulan digər kateqoriyaya aid fəaliyyət növüdür. Ancaq bütün bunlarla yanaşı, ayrı-ayrı vətəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki , yeni yaradılan “YAŞAT” fondu da məhz bu funksiyanı yerinə yetirəcək. Bizim ən yaxşı milli xüsusiyyətlərimizdən bir qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmi göstərə bilməsidir. Bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Nəticə etibarilə hər bir fərd özünü tarixi qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının bir növ iştirakçısına çevrilə bilmə arzusunu realizə etmiş hesab edir ki, bu da ictimai vicdanı rahatladan mühüm mənəvi komponent qismində çıxış edir. Beləliklə, xalq olaraq ümumi işimizə birgə töhfə verməklə kütləvi sinxron hərəkətin iştirakçısı, milli mənəvi bağlarımızı möhkəmləndirmiş oluruq. Bu, çox mühüm hadisədir və gələcək inkişafımız, birlik və bərabərliyimiz üçün çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR