Deputat millət vəkillərinə iki köməkçi təyin olunması təklifi ilə çıxış edib

Deputat millət vəkillərinə iki köməkçi təyin olunması təklifi ilə çıxış edib
# 21 aprel 2020 17:14 (UTC +04:00)

“Millət vəkillərinə iki köməkçi təyin olunması yaxşı olardı”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin sədr müavini Tahir Kərimli komitənin bu gün keçirilən iclasında deyib.

T. Kərimli bildirib ki, ötən plenar iclasda spiker Sahibə Qafarova deputatların köməkçilərinin seçildikləri dairədə qeydiyyatda olmasını və orada yaşamalı olduğunu qeyd edib: “Ancaq vətəndaşlar tərəfindən Milli Məclisə ünvanlanan müraciətlərin, məktubların 90-95 %-i deputatların adına gəlir. Bu məktubları da köməkçilərimiz bizə çatdırır. Bu tələb bu işlərin ləngiməsinə səbəb ola bilər. Xahiş edirəm ki, komitə sədri kimi siz (red.- Zahid Oruc) bu məsələni rəhbərliklə müzakirə edəsiniz. Deputatlara iki köməkçi təyin olunsun, biri rayonda, biri isə burada fəaliyyət göstərsin”.

Zahid Oruc isə bildirib ki, bu müraciəti komitənin üzvü olan deputatlar adından Milli Məclis rəhbərliyinə çatdıracaq: “Parlamentin uzun illərdir üzvü olaraq bu problemin aktuallığından xəbərdaram. Ancaq Milli Məclisin həm Aparatı, həm də İşlər idarəsi yenidən qurulur. Bu o deməkdir ki, Milli Məclisin rəhbərliyi də sizin və bizim qədər düşünür ki, Milli Məclis hakimiyyət institutları içərisində öz yeri ilə seçilsin və mühüm dövlət institutuna çevrilsin, dövlətin beynəlxalq əlaqələrinin quruculuğunda rol oynasın. Amma hazırda ən önəmlisi xalqla olan təmasların dərinləşdirilməsidir”.

Komitə sədri qeyd edib ki, iki köməkçi mövzusu əvvəllər də gündəmə gətirilib: “Aparatın yenidən qurulmasından sonra bütün bu təkliflər və müraciətlər dərindən müzakirə ediləcək. Lakin bütün hallarda bu məsələ büdcə vəsaitinə bağlıdır. Parlamentin büdcəsi isə öncədən müəyyənləşir. Bundan əlavə, bu məsələdə əlavə resurslar da tələb oluna bilər. Bilirəm ki, bu məsələdə məram xoşdur, xalqa xidmət məqsədlidir. Ancaq bunun hamısı Milli Məclisin rəhbərliyi və müvafiq olaraq hökumət qurumları çərçivəsində həllini tapa bilər. Bu məsuliyyəti tək öz üzərimə götürmürəm, müraciəti Milli Məclis rəhbərliyinə deputatların adından çatdıracağam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR