Deputat müfəssəl plan hazırlananadək tikintilərə icazə verilməməsini təklif edib

Deputat müfəssəl plan hazırlananadək tikintilərə icazə verilməməsini təklif edib
# 01 fevral 2021 15:58 (UTC +04:00)

“Bu qanunun qəbul edilməsi müddətinin uzadılması problemlərin yaranmasına şərait yaradır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev deyib.

Deputat bildirib ki, palçıq vulkanı yanında, Teleqüllənin ətrafında tikintilər aparılır: “Müfəssəl plan hazırlananda bu tikililər söküləcək?! Bu yaxınlarda yenə Badamdarda sürüşmə baş verdi. Məhz Teleqüllənin ətrafında tikintiyə icazə veriləndə bilmirdilər ki, burada tikintiyə icazə vermək olmaz?! Təklif edirəm ki, müfəssəl plan hazırlanana qədər bu tikililərə icazə verilməsin. Əgər biz bu dəyişikliyi qəbul ediriksə, 8 il kifayət etməyibsə, onda məhdudiyyətlər nəzərə alınmalıdır. 11 il gözləyəcəyiksə, onda bu məhdudiyyətlərə də əməl edilsin”.

Birinci Vitse-spiker Əli Hüseynli isə cavabında bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra yeni şəhərlərin də müfəssəl planı hazırlanmalıdır: “Ona görə də aidiyyəti qurumun 3 il təklifi ilə çıxış etməsi əsaslandırılıb. Prezident İlham Əliyev də şəhərsalma məsələləri ilə bağlı tövsiyələr vermişdi. Onların da yerinə yetirilməsi üçün zamana ehtiyac var. Amma sizin dediyinizlə də razıyam ki, qanunun icrası ilə bağlı itirilmiş illər oldu. Şəhərsalma və Tikinti Məcəlləsi çox mükəmməldir. Bu məcəllənin real tətbiqinə son illərdə başlanılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR