Deputat: “Dövlət Komitəsi məcburi köçkünlərlə bağlı bəzi məsələlərin həlli istiqamətində təkliflər hazırlayıb” - MÜSAHİBƏ

Deputat: “Dövlət Komitəsi məcburi köçkünlərlə bağlı bəzi məsələlərin həlli istiqamətində təkliflər hazırlayıb” - MÜSAHİBƏ
  • Clock-gray 13:48
  • calendar-gray 20 Dekabr 2019

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadənin APA-ya müsahibəsi

- Azərbaycanda Sizin də üzvü olduğunuz parlament buraxıldı, gələn il fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin olundu. Parlamentin buraxılması ilə bağlı fikrinizi bilmək istərdik...

- 2018-ci ildə keçirilən seçkilərdə cənab İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra kadr və struktur islahatları yeni vüsət aldı. Bu islahatlar bu gün ölkədə bütün sahələri əhatə etməkdədir. Xüsusilə yerli, məhkəmə və icra orqanlarında bu islahatlar aparılmaqdadır. Eyni zamanda, bir-birini təkrarlayan komitə, nazirik, agentliklərin vahid şəkildə fəaliyyət göstərməsi üçün birləşdirilməsi istiqamətində də addımlar atılır. Bu gün ölkədə aparılan struktur və kadr islahatları artıq müsbət nəticəsini verməkdədir. Qeyri-neft sektorundan əldə edilən gəlirlərin artması son vaxtlar vergi və gömrük orqanlarında aparılan islahatların nəticəsidir. Aparılan islahatlar nəticəsində şəffaflıq təmin olunmaqdadır. Şəffaflıq təmin olunduqdan sonra isə dövlət büdcəsinə gəlirlər artır. Bu da cənab Prezidentin sosial sahələrin inkişafı ilə bağlı ata biləcəyi addımlara əlavə iqtisadi imkanlar yaradır. Aparılan iqtisadi, struktur və kadr islahatlarını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, respublikamızın qarşısında duran yeni çağırışların gələcəkdə müsbət nəticələrini görə biləcəyik.

Ölkədə aparılan struktur, kadr islahatları bütün cəmiyyəti əhatə etməkdədir və insanlarımız bunu çox müsbət qarşılayır. Bildiyiniz kimi, hakimiyyət 3 qoldan ibarətdir. İcraedici, məhkəmə və qanunverici orqan. Ölkədə icra strukturunda islahatlar başlayıb, bir sıra kadr islahatları aparılıb. Bundan əlavə, məhkəmə-hüquq orqanlarında da islahatlar gedir. Bununla bağlı cənab Prezident müvafiq fərman da imzalayıb. Həmin fərmana uyğun olaraq çox ciddi işlər görülür.

Hakimiyyətin digər qolu olan qanunverici orqanda da islahatın aparılmasına ehtiyac vardı. YAP-ın Siyasi Şurası tərəfindən ölkəmizdə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müvafiq qərarı oldu. Bu məsələ Milli Məclisin plenar iclasının gündəliyinə salındı və qəbul edildi. Sevindirici hal ondan ibarətdir ki, parlamentdə təmsil olunan müstəqil deputatlar da YAP-ın Siyasi Şurasının qərarına müsbət münasibət bildirdilər. Belə qərara alındı ki, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Milli Məclis Prezidentə müraciət etsin. Bundan sonra isə Prezident İlham Əliyev gələn ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı sərəncam imzaladı. Ümid edirəm ki, yeni formalaşacaq parlament ölkəmizdə aparılan islahatlara adekvat olacaq, həmin islahatların qanunverici bazasının hazırlanmasında müsbət rol oynayacaq.

- Yenidən deputat olmağı düşünürsünüzmü?

- 2015-ci ildə keçirilmiş parlament seçkilərində YAP-ın partiya siyahısına əsasən 121 saylı Laçın seçki dairəsindən Milli Məclisə deputat seçilmişəm. Bu dəfə də partiyamızın verəcəyi qərar partiya üzvləri, o cümlədən mənim üçün əsas olacaq. YAP namizədliyimi dəstəkləsə, təbii ki, növbədənkənar parlament seçkilərində iştirak edəcəyəm.

- Milli Məclisin son iclaslarının birində vitse-spiker Bahar Muradova və deputat Elman Məmmədov tərəfindən Nazirlər Kabinetinin məcburi köçkünlərlə bağlı bəzi qərarlarına yenidən baxılması məsələsi qaldırıldı. Qeyd edildi ki, məsələn, məcburi köçkün olan qadın məcburi köçkün olmayan kişiyə ərə gedibsə, onların övladlarına məcburi köçkün kimi müavinətin verilməməsi düzgün deyil. Bu barədə Sizin fikriniz necədir?

- Dövlət tərəfindən qaçqınlara və məcburi köçkünlərə hər zaman qayğı və diqqət göstərilir. Təbii ki, bu diqqət, qayğı Nazirlər Kabinetinin müvafiq qərarları ilə həyata keçirilir. Nazirlər Kabinetinin müvafiq qərarlarında bu kateqoriyadan olan insanlara müavinətlərin verilməsi, təhsil haqqından azad olunması və digər məsələlərlə bağlı müəyyən qaydalar var. Həmin qaydalara əsasən məcburi köçkün olan qız məcburi köçkün olmayan oğlanla ailə qurduğu halda həmin adamın məcburi köçkün statusu ləğv edilir və ona verilən müavinət dayandırılır. Yaxud əksinə, məcburi köçkün oğlan məcburi köçkün olmayan qızla ailə qurduğu halda həmin adamın məcburi köçkün statusu ləğv edilir və ona müavinət verilmir. Həmin qərarda digər problemlər də var. Həmin qərarda adına əmlak olan, 2011-ci ildən sonra dünyaya gələn uşaqlara müavinətlərin verilməməsi məsələsi əks olunur. Təbii ki, bu problemlərin həlli ilə əlaqədar olaraq məcburi köçkün rayonlarından olan deputatlar kimi zaman-zaman Milli Məclisdə çıxış edir, təkliflərimizi deyirik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məsələlərin həlli istiqamətində müəyyən təkliflər hazırlayıb. Hesab edirəm ki, qarşıdakı aylarda bu problemlərin aradan qaldırılması ilə bağlı müəyyən məsələlərə nail ola biləcəyik.

- Siz həm də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorusunuz. Bu il ölkə üzrə nə qədər məcburi köçkün ailəsinin mənzillə təmin olunması nəzərdə tutulur?

- Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də məcburi köçkünlərə dövlət qayğısı davam etdirilir, bundan sonra da davam etdiriləcək. 2019-cu ildə 6 min məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq. Qarşıdakı illərdə bu rəqəmin artırılması nəzərdə tutulub. 2019-cu ildə Bakının Pirallahı rayonunda, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, Beyləqan, Göyçay, Şirvan, Kürdəmir, Ucar, Göygöl, Füzuli rayonlarında, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki məcburi köçkünlər yeni mənzillərlə təmin olunacaq. Bu işlərin böyük bir hissəsi yekunlaşıb. Sadaladığım qəsəbələrin bir çoxunun açılışı olub. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva açılışlarda iştirak edib, məcburi köçkünlərlə görüşüb. Prezident İlham Əliyevin, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə biz hər il yeni qəsəbələrin tikilərək istifadəyə verilməsinin şahidi oluruq. İnanıram ki, qarşıdakı aylarda da yeni qəsəbələr istifadəyə veriləcək.

- Gələn il üçün planlar nədir? Hansı ərazilərdə yeni şəhərciklərin salınması nəzərdə tutulur?

- Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, 2020-ci ildə də məcburi köçkünlər üçün rayonlarda və Bakıda yeni qəsəbələrin tikintisini planlaşdırırıq. Gələn il Binəqədi rayonunun Xocasən qəsəbəsində, Sabunçu rayonunun Ramana qəsəbəsində , Qaradağ rayonunun Ümid qəsəbəsində, Abşeron rayonu ərazisindəki “Stansiya-Sumqayıt” adlanan ərazidə, Samux rayonunda yeni evlər tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək.

Digər xəbərlər