Dövlət başçısı: “İnkişaf etmiş ölkələr vaksinləri öz arasında ədalətli bölə bilmirsə, başqa ölkələr nə fikirləşməlidir?”

Dövlət başçısı: “İnkişaf etmiş ölkələr vaksinləri öz arasında ədalətli bölə bilmirsə, başqa ölkələr nə fikirləşməlidir?”
# 01 fevral 2021 18:38 (UTC +04:00)

“Biz bunu bir məsuliyyətli ölkə kimi özümüzə borc bildik. Xüsusilə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi mütləq bunu etməli idi. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Belə olan halda, biz hesab edirik ki, mütləq imkan daxilində bu yardımı etməliyik”.

APA-nın məlumatına görə, bunu Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib: “Onun 5 milyonu onların ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan xüsusilə kasıb ölkələrin yardımına istiqamətləndirilib.

Bundan əlavə, biz beynəlxalq müstəvidə zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olmuşuq. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki zirvə görüşü COVID-19-a həsr edilmişdir. Onların da çox müsbət nəticələri olmuşdur. Çünki birinci belə bir təşəbbüs idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi. Çünki Baş Assambleyanın xüsusi sessiyasını keçirmək üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr açıq etiraz etməsələr də, buna o qədər də maraqlı deyildilər. Çünki bəziləri hesab edirdi ki, belə bir təşəbbüs, necə deyərlər, ancaq böyük ölkələrə məxsus olmalıdır və belə bir təşəbbüs yəqin ki, onların fikirlərinə görə gərək daha əvvəl razılaşdırılaydı. Biz isə onu öz təşəbbüsümüz kimi irəli sürdük. Bildiyiniz kimi, Ermənistan buna qarşı çıxmışdır və bu da böyük təəccüb doğururdu. Yəni, Ermənistanda azərbaycanafobiyanın nə qədər böyük olduğunu Ermənistan bir daha bütün dünyaya göstərdi və bu, müharibədən əvvəl olan hadisə idi.

BMT Baş Assambleyasının xüsusi sessiyasında mən Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırmışdım ki, bu bəlaya qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yəni, məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük”.

“Siz vaksinlərin ədalətli bölgüsünə toxundunuz. Bir məsələ ilə bağlı da fikrinizi öyrənmək istəyərdik. Ümumiyyətlə, hazırda pandemiya ilə mübarizədə deyə bilərik ki, yeni bir mərhələ başlayıb - dünya üzrə vaksinasiya. Hətta bu sahədə də artıq müəyyən ölkələr arasında ümumən gərginliyin şahidi olmaqdayıq. Misal üçün, Avropa İttifaqı ilə Böyük Britaniya arasında olan qalmaqalı göstərə bilərik. Sizcə, bunun səbəbi nədir” sualına cavabında bildirib ki, bunun səbəbi ədalətsizlik, bu sahədə hətta müttəfiqlər arasındakı münasibətlərdə olan ziddiyyətlərdir: “Dediyiniz bu fakt özlüyündə çox narahatedici bir faktdır. Çünki Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal əlbəttə ki, bir çox suallar doğurur. Biz bunu açıq mətbuatdan görürük. Misal üçün, mən bu yaxınlarda görmüşəm ki, Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Hətta mən o rəqəmləri də xatırlayıram. Bildirilmişdir ki, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları isə 2 faiz. Əgər belə gedərsə Böyük Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək, Avropa İttifaqı isə oktyabr ayına qədər. Yəni, bu, çox düşündürücü açıqlamalardır. Hətta ondan sonra biz gördük ki, bəzi embarqolar da qoyuldu. Bildiyiniz kimi, bəzi istehsal sahələri Avropada təşkil olunub. Ona görə belə bir qalmaqal yarandı. Əlbəttə ki, biz gərək buna diqqətlə nəzər salaq. Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm.

Ona görə biz Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırırıq. Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki Zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR