Dövlət başçısı: “Yeni texnologiyaların tətbiqi imkan verəcək ki, bundan sonra da hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək”

Dövlət başçısı: “Yeni texnologiyaların tətbiqi imkan verəcək ki, bundan sonra da hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək”
  • Clock-gray 14:29
  • calendar-gray 26 Yanvar 2021

“Yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan döyüş meydanında öz üstünlüyünü göstərib.

“Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və əlbəttə ki, yeni texnologiyaların tətbiqi müharibədə qələbənin qazanılmasının əsas amillərindən biridir. Texnoloji təminat, əlbəttə ki, bizə əlavə imkanlar yaratdı. Ancaq mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, torpaqları azad edən Azərbaycan əsgəri olub, Azərbaycan zabiti olub. Bayrağı azad edilmiş torpaqlara gətirən də və yüksəklərə qaldıran da Azərbaycan vətəndaşı olub”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev deyib ki, buna baxmayaraq, biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik: “Nəzərə alsaq ki, bizim bu sahədə aparıcı ölkələrlə çox sıx dostluq əlaqələrimiz var və Azərbaycana texnoloji ixracla bağlı hər hansı bir məhdudiyyət yoxdur, biz bu sahədə daim qabaqlayıcı addımlar atmalıyıq. Hər zaman öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı, müdafiə qabiliyyəti daim yüksək səviyyədə olsun və heç vaxt heç kim bizə qarşı hər hansı bir təxribat törətməyə belə cəhd etməsin.

Azad edilmiş torpaqlarda bərpa işlərini apararkən mütləq yüksək texnologiyalardan istifadə olunmalıdır. Hazırda minalardan təmizləmə prosesi gedir. Bununla paralel olaraq şəhərsalma layihələri icra edilir. Şəhərsalma layihələri hazır olandan sonra biz artıq praktiki inşaat işlərinə start verəcəyik. Burada infrastruktur layihələri ilə bərabər, mütləq nəqliyyat və texnologiyalar sahələri də diqqət mərkəzində olmalıdır. Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır”.

apa-logo-mini

Digər xəbərlər