Ekspert: “Prezidentin konfransdakı çıxışı ciddi mesajdır”

Ekspert: “Prezidentin konfransdakı çıxışı ciddi mesajdır”
# 05 fevral 2020 17:15 (UTC +04:00)

“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Azərbaycan iqtisadiyyatının daha qabaqlayıcı inkişaf tempi seçməsini şərtləndirir.

Bunu APA-ya açıqlamasında Prezident İlham Əliyevin “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

E. Məmmədov qeyd edib ki, əvvəlki proqramlarda daha çox infrastruktur layihələrindən söhbət gedirdi: “Bu gün infrastruktur layihələri tədricən reallaşarkən paralel olaraq biznes mühitinin də təkmilləşdirilməsi və iqtisadi artıma köklənən, bunu stimullaşdıran investisiya fəaliyyətinin reallaşdırılmasını, yəni işgüzar fəallığın yüksəlməsini müşahidə edirik. Məhz bölgələrdən başlayan gözləntilər bu sahədə daha çoxdur. Ona görə də məhz sonuncu proqram artıq paralel olaraq həm infrastruktur, həm də işgüzar mühitin təkmilləşdirilməsini özündə ehtiva edir. Yəni, burada tamamlama prosesi gedir. Ona görə də dövlət başçısı da məsələni məhz bu cür qoyur: Əgər biz ciddi sərmayələr, investisiyalar hesabına infrastruktur layihələrini reallaşdırırıqsa, paralel olaraq, biznes mühiti də təkmilləşdirilməlidir. Həm dövlət qurumları - ilk növbədə icra strukturları, həm də biznes mühiti təkmilləşdirilmiş şəkildə öz iqtisadi siyasətinə yanaşmalıdır”.

İqtisadçı-ekspertin sözlərinə görə, burada ən önəmli məsələlərdən biri biznesin stimullaşdırılması üçün kreditləşmənin daha aktiv şəkildə real sektora istiqamətlənməsidir: “Bank sektorunda yaranmış problemlər faktiki olaraq iqtisadi inkişafla bağlı hədəflərin reallaşmasına imkan vermir. Dövlət başçısı ona görə də tamamilə obyektiv olaraq, bank sektoruna öz iradlarını bildirdi. Çünki bank sektorunun real sektora təklif etdiyi biznes kreditlər adekvat deyil. Bu göstəricilər iqtisadiyyatımızın dayanıqlı inkişafına xidmət etmir. Azərbaycanda reallaşdırılan sosial-iqtisadi islahatlar nöqteyi-nəzərindən regional, o cümlədən investisiyaların və prioritet olaraq iqtisadiyyatımızın bu gün yeni texnoloji quruluş və sənaye inqilabına uyğun olaraq, müvafiq sahələrinə investisiya resurslarının qabaqlayıcı şəkildə yerləşdirilməsinə ciddi ehtiyac var. Buna görə də həm kölgə iqtisadiyyatı ilə mübarizə, həm iqtisadiyyatın ağardılması, həm vergi siyasətinin iqtisadi inkişafı stimullaşdırması baxımından kreditləşmənin və pul kredit siyasətinin iqtisadi inkişafa xidmət etməsi nöqteyi-nəzərindən həyata keçirilən tədbirlər biznes və investisiya mühitinin ölkədə təkmillləşdirilməsinə və ölkədə iqtisadi inkişafın daha dayanıqlı və yüksək göstəricilərlə reallaşmasına şərait yaratmalıdır”.

E. Məmmədov qeyd edib ki, Prezidentin 2020-ci ildən başlayaraq, bütün bu bicliklər, manipulyasiyalar, saxtakarlıqların qıraqda qalacağı ilə bağlı çıxışı da ciddi mesajdır: “Bütün bunlar kölgə iqtisadiyyatı ilə bağlı olan məsələlərdir. Bu istiqamətdə artıq müsbət dinamika müşahidə edilməkdədir. Büdcəyə 1 milyard manatdan artıq vəsait daxil olub. Amma sözsüz ki, bu sahədə görüləsi hələ çox iş var. Bir sıra halda aidiyyəti dövlət qurumları ilə razılaşmalara gedən sahibkarlar manipulyasiyalara yol verir. Eyni zamanda əmək resursları, işçi qüvvəsi ilə bağlı da əmək qanunvericiliyinə ziddi hərəkətlərə yol verilir”.

İqtisadçı hesab edir ki, əmək qanunvericiliyinə də dəyişikliklər edilməlidir: “İşə daxil olanların səlahiyyətlərinin və hüquqlarının genişləndirilməsinə, həmkarlar ittifaqlarının daha effektiv fəaliyyət göstərməsinə ehtiyac var. Çünki işə götürənlər bir sıra halda hətta mövcud olan əmək qanunvericiliyinə ziddi olan addımlar atırlar. Bu yolverilməzdir. Dövlət başçısının da bu istiqamətdə verdiyi tapşırıqlar belə deməyə əsas verir ki, ölkə rəhbərliyində bu məsələlərin həlli ilə bağlı ciddi siyasi iradə mövcuddur”.

E. Məmmədov vurğulayıb ki, eyni zamanda sosial sahədə ötən il atılan addımların davamı olacaq: “Çünki sosial siyasət bu gün dünyada aparıcı milli iqtisadiyyatlarda ön plandadır. Bu sahədə addımlar daha ardıcıl şəkildə davam etdirilməlidir. Bu siyasəti davam etdirmək üçün Azərbaycanın kifayət qədər resursu da var. Ölkəmiz bu gün büdcə daxilolmalarının artırılması, həm də büdcə xərclərinin çoxalması baxımından resurslara malikdir. Hətta büdcə defisitini artırmaq imkanlarımız da mövcuddur. 2020-ci ildə sosial siyasət nöqteyi-nəzərindən daha ardıcıl və qabaqlayıcı tədbirlərin reallaşmasının şahidi olacağıq”.

İqtisadçı diqqətə çatdırıb ki, 2020-ci ildə neftdən sonra daha çox gəlir gətirən turizm sahəsinin inkişafı ilə bağlı da ciddi işlər görüləcək.

O, Cənub Qaz Dəhlizinin tam istismara verilməsini isə Azərbaycanın növbəti böyük tarixi qələbəsi adlandırıb: “TANAP layihəsi və bütövlükdə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycana 2-3 milyard dollarlıq valyuta daxilolmaları reallaşdırıla bilər. Bu da ölkə iqtisadiyyatında həm tədiyyə balansı, həm büdcə resursları, həm ümumdaxili məhsul, həm də əlavə investisiya resursları baxımından son dərəcə mühümdür. Buna görə də yaxın illər ərzində Cənub Qaz Dəhlizi layihəsinin bütövlükdə reallaşmasından Azərbaycan iqtisadiyyatı üçün ciddi dividentlərin əldə olunmasını gözləyə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR