“Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib - FƏRMAN

“Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib - FƏRMAN
  • Clock-gray 17:39
  • calendar-gray 13 Fevral 2021

Prezident İlham Əliyev “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməyi; Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə ESTİS-in təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməyi və bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, ESTİS-in aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etmək tapşırılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş ESTİS haqqında Əsasnamə”nin 6.1-ci bəndində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların ESTİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etmək və bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. 

Nazirlər Kabinetinə ESTİS-in formalaşdırılması, aparılması və saxlanılması xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görçək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Günay Elşadqızı

Digər xəbərlər