Elşad Mirbəşiroğlu: “Həm deputatlar, həm Milli Məclis Aparatı mövcud vəziyyətə uğurla uyğunlaşmaqdadır” - MÜSAHİBƏ

Elşad Mirbəşiroğlu: “Həm deputatlar, həm Milli Məclis Aparatı mövcud vəziyyətə uğurla uyğunlaşmaqdadır” - MÜSAHİBƏ
# 03 aprel 2020 12:59 (UTC +04:00)

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlunun APA-ya müsahibəsi

- Nə üçün deputat seçkilərində iştirak etməyə qərar verdiniz?

- Hər zaman ictimai-siyasi həyatda fəal olmuşam. Siyasi proseslərin mahiyyətini, dinamikasını dərk etməyə çalışmışam və onlara münasibət bildirmişəm. Bir sözlə, cəmiyyətdə və dünyada cərəyan edən proseslərə biganə qalmamışam. Siyasi proseslərə olan yüksək marağım mənim siyasi mədəniyyət səviyyəmə təsir edib və bu proseslərdə iştiraka meylliliyimi şərtləndirib. Mən 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hər zaman Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüslərini yaxından dəstəkləmişəm, onların reallaşdırılmasında mənim də müəyyən töhfəmin olmasına çalışmışam. Cəmiyyətin siyasi həyatı haqqında təsəvvürlərimin meydana gəldiyi vaxtdan dərk etmişəm ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və bizə ərməğan etdiyi ən dəyərli miraslardan olan Yeni Azərbaycan Partiyası əsl inkişaf, dirçəliş, rifah partiyasıdır. Ölkəmizin bugünkü nailiyyətləri ilkin təsəvvürlərimin doğru olduğunu isbat etdi. Yeni Azərbaycan Partiyası iqtidarı həyat fəaliyyətinin bütün sahələrində ölkənin çox güclü potensialını formalaşdırdı.

Hər bir davranışımda, fəaliyyətimdə YAP mənsubiyyətimi nümayiş etdirmişəm, onun ideallarına sadiq olmuşam. Vurğulamaq istəyirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda YAP-ın ilk partiya təşkilatının yaradılması təşəbbüsü ilə çıxış etmişəm, həmin təşkilatın sədri seçilmişəm. YAP-ın üzvü olaraq ölkə başçısının həyata keçirdiyi mərkəzində hər bir azərbaycanlının rifahının dayandığı siyasətə dəstəyimin olmasını istəmişəm və bu istiqamətdə çalışmışam. KİV-də davamlı olaraq, dövlətimizin maraq və mənafelərini, dövlət başçımızın xəttini dəstəkləmişəm və ölkə başçısının siyasətinin təbliği ilə məşğul olmuşam. Beləliklə, dediyim kimi, hər zaman məndə bu proseslərə daha yaxından töhfə vermək istəyi olub. Bu baxımdan, YAP-ın namizədliyimi irəli sürməsi məni sevindirməklə yanaşı, həm də məndə böyük məsuliyyət hissi yaratdı. Bu, partiyamızın qərarı idi və onun mövqeyinə hörmət bizim borcumuzdur. Buna görə də mən seçkilərə qatıldım. Mən YAP rəhbərliyinə növbəti dəfə öz böyük təşəkkürümü bildirmək istəyirəm və qeyd edirəm ki, bu etimadı doğrultmaq üçün bütün gücümü səfərbər edəcəyəm.

Millət vəkili olmağın məsuliyyətini çox dərindən dərk edirəm. Bununla yanaşı, partiyanın etimadını, gözləntilərini də unutmuram. Hesab edirəm ki, millət vəkili partiya mənsubiyyətini, partiya qarşısında məsuliyyətini və partiyasının prinsiplərini dərindən bilərək dərk edirsə, o zaman səmərəli fəaliyyət göstərə biləcək. Bu baxımdan, ümid edirəm ki, həm partiyamın, həm də seçicilərimin etimadını, ümidlərini doğrultmaq istiqamətində səmərəli fəaliyyət göstərə biləcəyəm. Təbii ki, bunu zaman göstərəcək. Bizim əlimizdə olan məsələ isə maksimum səylə və can yanğısıyla fəaliyyət göstərmək, dövlətin və dövlətçiliyin yanında olmaqdır. Eyni zamanda partiyamızın sədri, ölkə başçısı cənab İlham Əliyevin bizə tapşırdığı kimi, hər zaman seçicilərimizin yanında olmalıyıq, onların etimadını doğrultmağı bacarmalıyıq. Biz də fəaliyyətimizi bu istiqamətdə qurmuşuq.

- Seçkilərdə qələbə qazanmaq daha hansı məsuliyyətlərinizi artırıb?

- Seçki prosesində mən əsasən ikili məsuliyyət hissi keçirdim. Yəni, iki dövrün məsuliyyət hissini nəzərdə tuturam. Birincisi seçkiöncəsi dövrdə seçki kampaniyasını partiyamızın gözləntilərinə uyğun səviyyədə aparmaq məsuliyyəti idi. Belə ki, YAP-ın namizədi olaraq, partiyanın cəmiyyətdə nüfuzuna, potensialına uyğun seçki kampaniyası aparmalıydım. Bu, olduqca böyük məsuliyyət hissi yaradırdı. Təbii ki, cəmiyyət YAP-ın nüfuzuna, uğurlarına, təşkilati mütəşəkkilliyinə kadr potensialına yaxşı bələddir. Seçkiqabağı kampaniya dövründə biz də öz davranışımızla, fəaliyyətimizlə bütün bunları bir daha nümayiş etdirməliydik. Bu, çox vacib eyni zamanda məsuliyyətli məsələ idi. Sadə dillə desək, biz partiyanın göstərdiyi etimadı həm də seçki kampaniyası dövründə doğrultmalıydıq. İkincisi isə qələbə qazandığımız seçkilərdən sonrakı dövrün məsuliyyətidir. Artıq həm də seçicilərimiz qarşısında məsuliyyət yaranmış oldu.

Partiyamızın seçkilərdə şüarı “Daha güclü Azərbaycan naminə” idi. Müvafiq olaraq, seçicilərimizə bu şüarla nəyi nəzərdə tutduğumuzu izah edirdik. Daha güclü Azərbaycan deyəndə Azərbaycan vətəndaşının gücü, rifahı, ən yüksək tələblərə cavab verən təhlükəsiz həyatının nəzərdə tutulduğunu əsaslandırırdıq. Hər yerdə hakimiyyətin uğurlarının təqdir olunduğunun və dəstəkləndiyinin şahidi olurduq.

Nəzərə almaq lazımdır ki, informasiya-kommunikasiya texnologiyalarının hazırkı inkişaf mərhələsində seçki kampaniyalarının aparılması nə qədər asandırsa, bir o qədər də mürəkkəbdir. Çünki insanların informasiya almaq və onu yaymaq imkanları olduqca böyükdür. Bir çox halda bu imkanlardan olduqca çirkin məqsədlər üçün istifadə olunur. Konkret olaraq, namizədlər haqqında mənfi rəy formalaşdırmağa hesablanan informasiyaların internetdə tirajlanması hallarına rast gəlinirdi. Biz öz davranışımızla, seçicilərlə intensiv ünsiyyətimizlə, xoş, qarşılıqlı münasibətimizlə və sivil seçki kampaniyası aparma mədəniyyətimizlə belə halları zərərsizləşdirirdik. Beləliklə, uğurlu seçki kampaniyası apardıq.

YAP-ın namizədləri üçün seçki kampaniyasının uğurlu olmasını şərtləndirən vacib məqam YAP-ın lideri, Prezident İlham Əliyevin daxili və xarici müstəvilərdə əldə etdiyi böyük uğurlarla bağlı idi. Həqiqətən də, liderimizin uğurları YAP namizədlərinin seçkilərdə qələbəsinin əsasını təşkil etdi. Məsələn, mən bu uğurlardan bəzilərini seçicilərimə xatırladaraq deyirdim ki, son dövrlərə qədər biz dünyaya Ermənistanın işğalçı dövlət olmasını sübut etməyə çalışırdıq, dünya isə bunu qəbul etmək istəmirdi. Amma hazırda Azərbaycan diplomatiyası, xarici siyasəti, xüsusilə də ölkə başçısının birbaşa bu istiqamətdə fədakarlığı, yorulmaz fəaliyyəti o həddə gətirib çıxardı ki, Ermənistan rəhbərliyi artıq beynəlxalq tribunalardan ölkəsinin işğalçı olduğunu etiraf edir. Paşinyan bu gün Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır. Təbii ki, çoxsaylı digər uğurlarımız üzərindən öz təbliğatımızı daha da gücləndirirdik. YAP iqtidarı öz namizədlərinə onun bu günə kimi əldə etdiyi uğurlara söykənərək uğurlu seçkiqabağı kampaniya aparmağa imkan verdi. Bizim arxamızda YAP, YAP liderinin qazandığı tarixi uğurlar dayanırdı. Səmimiyyətlə qeyd edirəm ki, bizim qələbəmizi şərtləndirən əsas amillər sırasında məhz dediklərim dururdu.

- 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsini təmsil edirsiniz. Yeni şəraitdə seçicilərinizlə əlaqəni, onları təmsil edən deputat kimi fəaliyyətinizi necə qurmağı planlaşdırırsınız?

- Ümumiyyətlə, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə bütün məntəqələrdə görüşlərimiz oldu. Biz elə seçki kampaniyamızı o prinsip üzərində qurmuşduq ki, bütün məntəqələrdə görüşlər keçirək. Azərbaycanda regionların simasının dəyişdiyi göz önündədir. Biz ən ucqar seçki məntəqəsinə belə hamar, asfalt yolla getdik. Bunun özü inkişafın əsas göstəricilərindən idi. Ölkəmizin ən ucqar yaşayış məntəqələri belə ölkə başçısının, dövlətin diqqət mərkəzindədir. Bununla yanaşı, çox az sayda məntəqədə yol, qaz problemi qalmaqdadır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, seçki prosesindən sonra ölkə Prezidenti həmin məntəqələrin bir çoxunun qazlaşdırılması ilə bağlı sərəncam imzaladı. Elə biz də seçicilərimizə izah edirdik ki, bu problemlərin aradan qaldırılması dövlətin özünün diqqət mərkəzindədir və tezliklə onlar həllini tapacaq. Bununla yanaşı, biz də gələcəkdə öz statusumuz daxilində bu istiqamətdə dinamikaya gətirib çıxaracaq addımlar atacağıq. Əlavə olaraq, qeyd etmək istəyirəm ki, regionlarda gənclərin məşğulluq məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Azərbaycan dünya ölkələri sırasında ən səmərəli gənclər siyasəti həyata keçirən azsaylı ölkələrdən biridir. Gənclərin məşğulluğunun təmin olunması, asudə vaxtlarının səmərəli təşkil edilməsi istiqamətində xüsusi dövlət proqramları, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən çoxsaylı tədbirlər, layihələr həyata keçirilib. Belə tədbirlər bu gün də davam etdirilir. Ölkə rəhbəri də hər zaman çıxışlarında qeyd edir ki, Azərbaycan dövlətinin siyasətinin vacib istiqamətlərindən biri də gənclərlə bağlıdır. Bu gün Azərbaycanın demək olar ki, əksər bölgəsində olimpiya idman kompleksləri inşa edilib. Bu komplekslərdən, əsasən, gənc nəslin nümayəndələri istifadə edir. Bu baxımdan, mən də deputatlıq fəaliyyətim zamanı gənclərə yönəlik addımların atılması, onlarla bağlı müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində fəallıq nümayiş etdirəcəyəm.

- Parlamentdə yeni seçilmiş, gənc deputatlardansınız. Eyni zamanda bundan öncə də ictimai-siyasi həyatda aktiv fəaliyyət göstərmisiniz. Yeni formalaşdırılmış parlamentdə ilkin hədəfləriniz nələrdir?

- Parlamentdə iki komitədə təmsil olunuram: Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İnsan hüquqları komitəsi. Bu komitələrdə təmsil olunmağımın səbəbi həm elmi-tədqiqat, həm də keçmiş fəaliyyət sahəmlə bağlıdır. Mən, əsasən, müdafiə, təhlükəsizlik, müharibə mövzusunda elmi-tədqiqat işləri aparmışam. Eyni zamanda üç il Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda Beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri vəzifəsində çalışmışam. Bu zaman da insan hüquqları problemlərinin müxtəlif aspektlərini öyrənmişəm, tədqiq etmişəm.

Bu günə kimi və bu gün də həyata keçirdiyim tədqiqatların nəticəsinə söykənərək, bu komitələrdə səmərəli fəaliyyət göstərə biləcəyəm. Hesab edirəm ki, istənilən sahədə praktiki fəaliyyəti səmərəli qurmaq üçün mütləq onun nəzəri tərəfləri haqqında ən azından təsəvvürlərə malik olmaq lazımdır. Dövr, ətrafımız dəyişir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənir. Bu dəyişikliklərə uyğun olaraq, qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranır. Biz də bu istiqamətdə öz töhfələrimizi verəcəyik. Digər tərəfdən, Milli Məclisin üzvü ən müxtəlif sahələrdə öz mövqelərini əsaslandırmalı, birbaşa olaraq seçicilərinin istəklərindən, mövqelərindən, tələbatlarından çıxış edərək parlamentdə bu və ya digər məsələləri qaldırmalıdır. Mən eyni zamanda situativ olaraq, seçicilərimin müraciətinə uyğun şəkildə fəaliyyət göstərməyi planlaşdırıram. Yəni, səlahiyyətim çərçivəsində səy göstərəcəyəm ki, seçildiyim dairənin mövcud problemlərinin həlli mümkün olsun.

- Milli Məclisin kifayət qədər ciddi iki komitəsinin üzvü olduğunuzu qeyd etdiniz. Hazırda yaranmış vəziyyətlə bağlı qanunvericilikdə daha hansı dəyişikliklərin edilməsinə ehtiyac var? Bununla bağlı komitə daxilində hansı müzakirələr aparılır?

- Ümumiyyətlə, təkcə komitələrdə deyil, bütövlükdə Milli Məclis çərçivəsində mövcud vəziyyətlə bağlı geniş müzakirələr aparılır, müvafiq qanunlarda dəyişikliklər edilir. Bütün dünyada həyatı iflic etməkdə olan koronavirus bəlası Azərbaycan üçün də ciddi təhdid yaradır. Belə ki, biz kifayət qədər qloballaşan dünyanın bir hissəsiyik. Dünyadan təcrid olunmuş deyilik. Təbii ki, dövlət tərəfindən mümkün qabaqlayıcı addımlar atılıb və onlar davam etdirilməkdədir. Müvafiq olaraq Milli Məclisdə də məsələ ətrafında davamlı olaraq, müzakirələr aparılmaqdadır. Biz hər şeydən öncə Milli Məclisin üzvləri olaraq, əsasən, üzərimizə düşən məsuliyyəti, vəzifələri müəyyənləşdirməyə çalışmalıyıq. Hazırda ölkəmizdə karantin rejimi tətbiq edilib. Təəssüf ki, bir çox halda vətəndaşlarımız karantin rejiminə əməl etmirlər. Bizim, əsasən, müzakirə etdiyimiz məsələlərdən biri də vətəndaşların karantin rejiminin qaydalarına əməl etmələri üçün hansı formada çağırışlar etməyimizlə bağlı olur. Burada millət vəkillərinin üzərinə ciddi yük düşür. Biz məsələnin ciddiliyini tutarlı şəkildə əsaslandırmalıyıq. Dövlət karantin rejimi tətbiq edirsə, bu Azərbaycan vətəndaşının sağlamlığı, həyatının qorunması üçündür. Biz karantin rejiminə əməl etməklə, eyni zamanda öz həyatımızı və ətrafdakıların həyatlarını qorumuş oluruq.

Konkret olaraq, Milli Məclisdə indiki vəziyyətlə bağlı mütəmadi müzakirələr aparılır, fikirlər səsləndirilir, təkliflər irəli sürülür.

- Bu şəraitdə seçicilərinizlə münasibətləri necə qurursunuz, onların müraciətlərini necə cavablandırırsınız?

- Seçicilərimizlə çox sıx təmasdayıq. Sosial şəbəkələr, xüsusilə də Facebook üzərindən çoxsaylı müraciət alırıq. Mənim telefon nömrəm də rəsmi səhifəmdə qeyd edilib. Birbaşa telefon vasitəsilə seçicilər mənimlə əlaqə saxlayırlar. Bizə olunan müraciətlərdən heç birini diqqətdən kənar qoymuruq. Nəyə gücümüz çatırsa, o istiqamətdə də məsələnin həllini tapmasına çalışırıq. Ən pis halda müraciəti aidiyyəti üzrə yönləndiririk. Ümumiyyətlə, ayda 2-3 dəfə seçicilərlə görüşlər keçirməyi planlaşdırırdım. Bu gün yaranmış vəziyyət bu imkanlarımızı məhdudlaşdırdı. Amma mən hər zaman seçicilərimin yanındayam və onların problemləri ilə davamlı olaraq məşğul olmalıyam və oluram. Qeyd etmək istəyirəm ki, təkcə 101 saylı Göygöl-Daşkəsən bölgəsindən deyil, müxtəlif bölgələrdən də bizə müraciətlər olur. “Sizin millət vəkiliniz deyiləm” ifadəsini heç vaxt işlətmirəm. Hamıya həssas yanaşıram və imkan daxilində onların yanında olmağa, kömək etməyə çalışıram.

- Milli Məclis xüsusi karantin rejimində fəaliyyət göstərir, komitə iclasları onlayn keçirilir, plenar iclasların da onlayn keçirilməsinə hazırlıq gedir. Yeni seçilmiş deputat kimi, Milli Məclisin abı-havasına uyğunlaşmaq mərhələsində bu şərait Sizin üçün hansısa çətinliklər yaratmır?

- Mən deməzdim ki, çətinliklər yaradır. Nəzərə almaq lazımdır ki, koronavirus pandemiyasının yaratdığı yeni reallıq bəşəriyyəti çox ciddi sınaq qarşısında qoyur. Hesab edirəm ki, II Dünya müharibəsindən sonra bəşəriyyətə ən ciddi çağırış məhz koronavirusdur. Dünyanın bütün nöqtələrində insanların vərdiş etdikləri həyat tərzi dəyişib. Bu baxımdan təbii ki, Azərbaycanda da həyat fəaliyyətimizə bu problem ciddi təsir göstərib. Eyni zamanda, Milli Məclisin də öz fəaliyyətini yeni reallıqlara uyğun şəkildə qurması zərurəti yaranıb. Hesab edirəm ki, hər bir böhran yeni bir şans təqdim edir, yeni təcrübənin meydana gəlməsini şərtləndirir. Təbii ki, belə böhranların olmasını heç vaxt arzu etmirik. Buna baxmayaraq, dövlətimizdə bütün idarəetmə müəssisələri və idarə orqanları mövcud duruma uyğun olaraq çevik fəaliyyət göstərməkdədir. Milli Məclis də vəziyyətə çevikliklə uyğunlaşaraq, yeni şəraitin tələbləri çərçivəsində fəaliyyət göstərməyə çalışır. Plenar iclasların da onlayn keçirilməsi üçün texniki şərtlərin təmin olunması üçün işlər aparılır. Hesab edirəm ki, Milli Məclisin işinin keyfiyyətinə ciddi təsir olmayacaq. Mövcud reallıqlara uyğun olaraq, müvafiq istiqamətlərdə qanun yaradıcılığı fəaliyyətimizi səmərəli davam etdirəcəyik. Biz sözlə, həm deputatlar, həm də Milli Məclis Aparatı mövcud vəziyyətə kifayət qədər uğurla uyğunlaşmaqdadır. Bu, müvəqqəti haldır. Bu halın ömrünün daha da qısa olması üçün dövlət bütün zəruri tədbirləri kompleks şəkildə həyata keçirir. Vətəndaşları məsələyə ciddi yanaşmağa, karantin qaydalarına əməl etməyə çağırıram.

- Siz həm də Sosial Tədqiqatlar Mərkəzinin sədr müavinisiniz. Deputat fəaliyyətinizi Mərkəzindəki fəaliyyətinizlə necə uzlaşdıracaqsınız? İki istiqamətdə effektli fəaliyyət nə dərəcədə mümkün olacaq?

- Kifayət qədər səmərəli uzlaşdıracağımı düşünürəm. İnformasiya əsrində yaşayırıq. Bu baxımdan, kommunikasiya imkanlarımız kifayət qədər böyükdür. İnformasiya əsrində məsafələr çox yaxındır. Deputat seçilməyim STM-dəki fəaliyyətimə hər hansı formada mənfi təsir göstərmir. Əksinə, düşünürəm ki, mərkəzimizdə apardığımız tədqiqatlar sayəsində cəmiyyətdə mövcud olan reallıqlar haqqında əldə etdiyimiz təsəvvürlər qanunverici orqanda daha səmərəli fəaliyyət göstərməyimi şərtləndirəcək. Bu baxımdan, deputatlıqla STM-dəki işimi bir-birinə dəstək olan fəaliyyətlər kimi qiymətləndirirəm. Deputat kimi STM-də, əksinə, STM-in əməkdaşı kimi Milli Məclisdə fəaliyyətim daha səmərəli olacaq.

- Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Düşünürəm ki, STM çox qısa zamanda təşkilatlanmağı bacardı. Oxşar təşkilatlarla əsas fərqimiz qısa zamanda öz potensialımızı formalaşdırıb, onu səfərbər edə bilmək oldu. Uğurlu təşkilatlanma istənilən institutun səmərəli fəaliyyətinin nüvəsini təşkil edir. Sosial Tədqiqatlar Mərkəzi də təşkilatı məsələlərin öhdəsindən uğurla gəldi, keyfiyyətli kadr bazasını formalaşdırdı. Bu istiqamətdə səylərimizi davam etdiririk. Uğurlu təşkilatlanma və peşəkar kadrlarımız STM-in nüfuzunu və fəaliyyətinin səmərəliliyini müəyyən edən əsas amil rolunda çıxış edir. Artıq yaratmış olduğumuz mövcud potensial bundan sonrakı uğurlarımız üçün də real imkanlar açır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR