Fatma Yıldırım: "Birlik və həmrəylik göstərərək xəstəliyə qalib gələ bilərik”

Fatma Yıldırım: "Birlik və həmrəylik göstərərək xəstəliyə qalib gələ bilərik”
# 10 iyun 2020 18:58 (UTC +04:00)

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə ötən gün növbəti 3 yeni modul tipli xəstəxananın istifadəyə verilməsi Azərbaycanın koronavirusla mübarizədə qətiyyətini və pandemiya dövründə səhiyyə infrastrukturunun daha da gücləndirilməsi sahəsində dövlətin xüsusi diqqətini nümayiş etdirdi”.

Bunu APA-ya açıqlamasında deputat Fatma Yıldırım deyib.

O bildirib ki, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi bir daha Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün bütün imkanların səfərbər olunduğunu təsdiqlədi:
”Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin maddi-texniki bazası və koronavirusla mübarizədə tibbi infrastruktur daha da güclənmiş oldu. Bu isə koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması və tibbi koordinasiyanın daha da səmərəliliyinə öz töhfəsini verəcək. Bütün bu addımlar bizim üçün vətəndaşların sağlamlığı hər şeydən üstündür deyən Prezident İlham Əliyevin insanların həyat təhlükəsizliyinə xüsusi diqqətin göstəricisidir".

F.Yıldırım bildirib ki, koronavirusun yayılmasının qarşısının alınmasında ilk gündən xəstələrə xidmət yüksək səviyyədə təşkil edilib. Onun sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə səhiyyə infrastrukturunun imkanları geniş olsa da, virusa yoluxmuş insanların əksəriyyəti tibb müəssisələrində tam müalicə ala bilmir: “Ancaq Azərbaycanda bütün xəstələr müasir yeni tibbi müəssisələrinə qəbul edilir və onlara yüksək səviyyədə lazımi xidmət göstərilir. Yeri gəlmişkən, həkimlərimizin fəaliyyətini, fədakarlığını da xüsusi olaraq qiymətləndirərdim. Bu çətin günlərdə həkimlər böyük qəhrəmanlıq göstərirlər, öz sağlamlıqlarını risk altına ataraq, vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirirlər".

Millət vəkili vətəndaşlara müraciət edərək onları yumşalma dövründə məsuliyyətsizlik göstərməməyə dəvət edib: “Baxmayaraq ki, son günlərdə alınan qərarlara riayət edərək maskadan istifadə edənlərin sayı gündən-günə çoxalır. Lakin bu gün hökumətimizin karantin rejimini yumşaltmasından sui-istifadə edənlər var. Hər kəs əvvəlki kimi qaydalara əməl etməli və məsuliyyətli olmalıdır. Dünyada bu xəstəliyin qarşısını almaq üçün vaksin hələ də tapılmayıb. Bu istiqamətdə çoxsaylı araşdırmalar aparılsa da, virusun yayılmasının qarşısının nə vaxt alınacağı bəlli deyil. Lakin buna baxmayaraq, biz iş və sosial həyatımızı davam etdirməliyik. Müvəqqəti olsa da, bu virusla birgə yaşamağı öyrənməliyik. Təəssüf ki, bəzi vətəndaşlarımız pandemiyanın fəsadlarını tam dərk etməyərək, mövcud vəziyyətə uyğunlaşmaq istəmirlər. Lakin bu insanlar sərgilədikləri məsuliyyətsizlik və laqeydliklə öz ailə üzvlərini, dostlarını, qonşularını, iş yoldaşlarını, bütövlükdə cəmiyyətimizi böyük risk altında qoyurlar. Ona görə hər birimiz həmrəylik nümayiş etdirərək, bəhanə göstərmədən qapalı məkanlarda mütləq tibbi maskadan istifadə etməli, sosial məsafəni maksimum dərəcədə qorumalı, şəxsi gigiyena qaydalarına diqqət etməli və ən önəmlisi, bu günlərdə zərurət olmadıqca evdən çıxmamalıyıq. Ancaq bu çətin günlərdə birlik və həmrəylik göstərərək və hökumətimizin bizim sağlamlığımız üçün qəbul etdiyi qərar və tövsiyələrə əməl edərək, bu xəstəliyə qalib gələ bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR