Fatma Yıldırım: “İnanırıq ki, dövlətimiz bu çətin sınaqdan şərəflə çıxacaq”

Fatma Yıldırım: “İnanırıq ki, dövlətimiz bu çətin sınaqdan şərəflə çıxacaq”
# 15 aprel 2020 16:51 (UTC +04:00)

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə əldə edilən uğurlarla bərabər, hökumətin qarşısında duran vəzifələr açıqlandı”.

Bunu APA-ya açıqlamasında millət vəkili Fatma Yıldırım bildirib.

Millət vəkili deyib ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri müsbət olsa da, koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycana da öz təsirini göstərməkdədir: “Aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə dövlət başçısı mövcud proseslərlə bağlı dərin məzmunlu nitq söylədi. Prezident qeyd etdi ki, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq. Koronavirus pandemiyası olmasaydı, bizim uğurlarımız daha da böyük olardı. Dövlət başçısı bizim bu ağır vəziyyətdən də çıxacağımıza əminliyini ifadə edib”.

F. Yıldırım qeyd edib ki, ötən il ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nəticələr, aşağı inflyasiya və sabit milli valyuta şəraitində iqtisadi artımın sürətlənməsi və gəlirlərimizin artması cari ildə də bu müsbət tendensiyanın davam etməsi üçün əsaslı gözləntilər formalaşdırıb. Bu gözləntilər ötən yanvar-fevral aylarında özünü tam doğruldub, cari ilin birinci rübü üzrə dövlət büdcəsinin mədaxil göstəriciləri artıqlaması ilə yerinə yetirilib: “Bütövlükdə, Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən struktur islahatları, siyasi dialoq mühüm nəticələr verməkdədir. Hər üç hakimiyyət qolunda aparılan kadr islahatları iqtisadiyyatın inkişafına, eyni zamanda sosial rifahın yüksəlməsinə böyük təkan oldu. Xüsusən son parlament seçkilərindən sonra parlament rəhbərliyində, eləcə də komitə rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması cəmiyyətimizin siyasi həyatında yeni mərhələnin başlamasının nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizdə siyasi dialoq bundan sonra da davam etdirilməlidir. Çünki bu cəmiyyətimiz üçün çox faydalıdır”.

Millət vəkili dövlət başçısının müşavirədə beynəlxalq əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqeyini bir daha ortaya qoyduğunu söyləyib: “Məlumdur ki, martın sonunda işğalçı Ermənistan və separatçı rejim tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “prezident seçkiləri” keçirildi. Dünya ölkələrinin və beynəlxalq təşkilatların mütləq əksəriyyəti həmin “seçkiləri” tanımadılar. Amma Avropa Şurası tərəfindən bu seçki şousuna heç bir münasibət bildirilmədi. Prezidentin qeyd etdiyi kimi bu təşkilat Azərbaycana şər, böhtan atmaqla məşğuldur. Əslində, bu gün həmin təşkilatda ciddi böhran hökm sürür və özlərinin islahatlara ehtiyac var. Beynəlxalq təşkilatlardan söz düşmüşkən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti, üzv dövlətlərin əməkdaşlığı bütün dünyaya nümunə ola bilər. Türk Şurası dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirib və bu görüşdə Azərbaycanın koronavirusla mübarizə istiqamətində təcrübəsi dünya üçün nümunə kimi qiymətləndirilib”.

F. Yıldırım müşavirədə ölkəmizdə sosial-iqtisadi proseslərin geniş şəkildə təhlil olunduğunu və qarşıda duran vəzifələrin geniş müzakirə edildiyini xatırladıb: “Qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Amma məlumdur ki, iqlim dəyişiklikləri nəticəsində son illər quraqlıq baş verməkdədir ki, bu da kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Bizim torpaqlarımız zəngin və bərəkətlidir. Problemi aradan qaldırmaq üçün Prezident müvafiq tapşırıqlar verdi. Bu məsələdə artıq köhnə metodlardan deyil, müasir texnologiyalardan istifadə olunmalıdır. Bizim su mənbələrimiz sərhədlərimizdən kənarda formalaşdığı üçün bu məsələyə xüsusi diqqət yetirilməlidir. Dövlət başçısının vurğuladığı kimi, hazırda dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir. Bu təcrübə Azərbaycanda tətbiq edilməlidir. Cənab Prezidentin tapşırığı ilə yaradılan xüsusi komissiya bu məsələnin həlli ilə məşğul olacaq. Su probleminin həll edilməsi kənd təsərrüfatının daha da inkişafına böyük təkan verəcək”.

Millət vəkili qeyd edib ki, hökumətin həyata keçirdiyi tədbirlər ciddi nəticələr verməkdədir: “İnanırıq ki, dövlətimiz bu çətin sınaqdan şərəflə çıxacaq və qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR