Fəzail Ağamalı: "Ermənistanda Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına alınıb"

Fəzail Ağamalı: "Ermənistanda Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına alınıb"
# 18 iyun 2020 14:08 (UTC +04:00)

“Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir və Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulub”.

Bunu APA-ya açıqlamasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, son hadisələrdən sonra Ermənistanda Nikol Paşinyanı diktator hesab edənlərin sayı artır: Qaqik Sarukyanın məhz Nikol Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb, yüzlərlə adam saxlanılıb və polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib. Ancaq bütün bunlara Qərb təşkilatları tərəfindən reaksiya verilməyib. Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına alınıb. Maraqlıdır, bəs Qərb niyə susur?! ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib”.

Deputat qeyd edib ki, ancaq bu, Qərbin özünü görməzliyə vurduğu ilk hadisə deyil: “Populist çıxışları ilə tanınan Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu Paşinyanın əl-qolunu daha da açır. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir”.

F. Ağamalı nəzərə çatdırıb ki, Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır: “2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkiləri 25 il il ərzində ilk dəfə onun nəticələrinin hamılıqla qəbul edildiyini və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmadığını qeyd etdi. Yəni, Qərbin əvvəlki seçkilərə verdiyi qiyməti Paşinyan bu çıxışında heç sayıb. Bir sözlə, Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür, onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan. Ancaq buna son verilməlidir. Beynəlxalq təşkilatları Ermənistanda baş verənlərə düzgün qiymət verməyə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR