Fəzail Ağamalı: “Fövqəladə rejim elan olunmalı, komendant saatı tətbiq ediməlidir” - MÜSAHİBƏ

Fəzail Ağamalı: “Fövqəladə rejim elan olunmalı, komendant saatı tətbiq ediməlidir” - MÜSAHİBƏ
  • Clock-gray 17:30
  • calendar-gray 26 İyun 2020

Deputat Fəzail Ağamalının APA-ya müsahibəsi

- Pandemiya ilə mübarizənin ilkin mərhələsində ölkəmiz ciddi uğurlar əldə etmişdi. Bu gün isə vəziyyət dəyişib, yoluxma pik həddədir. Sizcə, buna səbəb nə oldu?

- Virusun dünya miqyasında yayıldığı ilk anlarda Azərbaycan dövləti çox operativ, çevik və kompleks tədbirlər həyata keçirməklə virusun ölkəmizdə geniş yayılmasına imkan vermədi. Dərhal təşkilati tədbirlər həyata keçirildi, qadağalar tətbiq olundu, kütləvi tədbirlərin keçirilməsi dayandırıldı. Digər tərəfdən maarifləndirmə işləri də geniş miqyas almağa başladı. Müəyyən zaman kəsiyində bu tədbirlər öz effektini göstərdi. Lakin sonradan vətəndaşlarımızın məsələyə ciddi yanaşmaması virusun yayılma miqyasını artırmağa başladı. Vəziyyətin geniş miqyas almaması üçün Operativ Qərargah sərt karantin rejimi tətbiq etdi. Həqiqətən bir tərəfdən sərt karantin rejiminin tətbiqi, digər tərəfdən maarifləndirmə işinin geniş vüsət alması Azərbaycanda yoluxmanın sayını demək olar ki, minimuma, 20-yə endirdi. Sağalanların sayı iki qat artdı və ölüm faktı qeydə alınmadı. Bununla bağlı keçirilən tədbirlərin müsbət nəticə verməsi nəzərə alınaraq, Operativ Qərargah tədricən yumşalma taktikasını seçdi. Operativ Qərargah vətəndaşlara bununla belə yenə də bütün qaydalara əməl etməsini tövsiyə etdi. Təbii ki, insanlar da normal həyatına qayıtmalı idi, uzun müddət karantin rejimində yaşamaq mümkün deyil. İş yerləri açılmalı, istehsal fəaliyyəti bərpa olunmalı idi. Yəni Operativ Qərargahın yanaşması bütün mənalarda əslində doğru idi. Lakin bununla bərabər eyni zamanda Milli Məclis İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə etdi. Bu maddədə tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi və gigiyena qaydalarına əməl edilməsini xüsusi olaraq önə çəkildi. Qapalı məkanlarda maskalardan istifadə etməyənlər üçün cərimələr müəyyənləşdi. Biz belə düşündük ki, Operativ Qərargahın yumşalma ilə bağlı qərarı ilə yanaşı, bu qanunla maskalardan istifadənin vacibliyi önə çəkilsin. Milli Məclisin və Operativ Qərargahın paralel addımları əslində vətəndaşlarımızı qaydaları pozmaqdan çəkindirməli idi. Ancaq bu, baş vermədi. İnsanlar kütləvi şəkildə maskasız gəzintilərə başladılar, sosial məsafə ilə bağlı qadağa pozuldu, parklarda vətəndaşların kütləvi şəkildə toplanması müşahidə edildi. Digər tərəfdən, bəzi insanlar vəziyyətin kifayət qədər ciddi olduğunu anlamır və hətta təhsili olmayanlar belə ekspert kimi çıxış edərək, baş verənləri oyun kimi qiymətləndirir, bu inamsızlığı sosial şəbəkələrdə bütün vətəndaşlarımıza yoluxdururdular. Həmçinin, antimilli qüvvələrin dövləti ittiham etməsi, onların da sosial şəbəkələrdə vətəndaşların koronavirusa inamsızlığını stimullaşdırmaq üçün şərhlər vermələri, müxtəlif fikirlər ifadə etmələri koronavirusun ölkəmizdə daha geniş yayılmasında ciddi rol oynadı.

Beləliklə, hazırda biz kifayət qədər ciddi situasiya ilə qarşı-qarşıyayıq. Azərbaycanda təəssüflər olsun ki, koronavirusa yoluxmanın və ölümün sayı kəskin artır, sağalanların sayı isə azalır. Artıq verilən rəsmi məlumatlara görə, xəstələrin yerləşdirilməsi və müalicəsi ilə bağlı müəyyən problemlər yaranır. Bu da ciddi məqamlardan xəbər verir.

- Azərbaycanın 8 şəhər və rayonlarında yenidən sərt karantin rejimi tətbiq edildi. Yenidən xüsusi sərt karantin rejiminin tətbiq edilməsi nə dərəcədə effektli olacaq?

- Düşünürəm ki, bu, ciddi şəkildə davam etdirilməlidir. Bununla kifayətlənmək olmaz. Pandemiyanın Azərbaycanın digər rayonlarına, yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün daha ciddi xarakter daşıyan tədbirlər həyata keçirilməlidir. Heç bir halda insanlara güzəşt olunmalı deyil. Vətəndaşların hərəkətinə və fəaliyyətinə ciddi şəkildə qadağalar qoymaq lazımdır. Hökmən maskalardan istifadə insanlar tərəfindən qəbul edilməli, sosial məsafənin gözlənilməsinin virusa yoluxmanın azalmasına səbəb olması reallığı dərk edilməlidir. Bununla yanaşı, hər kəs gigiyena qaydalarına əməl etməlidir.

Karantin rejimi daha da sərtləşdirilməlidir. Hətta dəfələrlə cərimə edilməsinə baxmayaraq, ən müxtəlif bəhanələrlə qaydaları pozan şəxslər hətta cinayət məsuliyyətinə cəlb edilməlidir.

Digər tərəfdən, cərimələrin miqdarı artırılmalıdır. Görünür ki, 50-200 manat cərimə bəzi insanlar üçün çəkindirici xarakter daşımır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Gəncədə səsləndirdiyi fikirlər bu gün öz aktuallığını göstərməkdədir. Prezidentin də qeyd etdiyi kimi, bir sıra nazirliklərdə, qapalı məkanlarda insanların maska taxmamasına göz yumurlar. Eyni zamanda belə fikir də irəli sürüldü ki, bəzi imkanlı adamlar cərimənin miqdarının az olmasından istifadə edərək, öz işləri ilə məşğul olurlar. Bu insanlar bu gün virusun yayılmasında ciddi rol oynayırlar. Ona görə də bu məntiqlə çıxış edərək, cərimələrin miqdarının xeyli artırılmasının vacib olmasını düşünürəm. İnsanlar anlamalıdır ki, bu addım onların sağlamlığına xidmət edir. Bu, vətəndaşların pul qabının zəifləməsinə xidmət edən addım deyil. Onlar sağlam olmalıdır ki, özlərinin gələcək həyatlarını yüksək səviyyədə qura bilsinlər. Bu, olmursa, maariflənməyə əhəmiyyət verilmirsə, Operativ Qərargahın tövsiyələri, tapşırıqları nəzərə alınmırsa, sərt tədbirlər həyata keçirilməlidir. Pandemiyanın genişlənməsində bu və ya digər şəkildə rol oynayan şəxslər haqqında ciddi cəzalar tətbiq edilməlidir. Sərt rejim daha da sərtləşdirilməli, paralel olaraq maarifləndirmə işi genişləndirilməlidir. Bunun nəticəsində yaranmış olan kritik situasiyadan tezliklə xilas ola bilərik.

- Hazırda 15 günlük sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərar verilib. Bundan sonra hansı addımlar atılmalıdır?

- Yoluxmanın səviyyəsinin azalmasının şahidi olmayacağıqsa, virusa yoluxanların və ölüm sayının azalması, sağalanların sayının çoxalması tendensiyasını görsək belə, yumşalmaya keçmək lazım deyil. Tədricən bunu etmək olar. Azərbaycanda hər gün yoluxma sayı artmaqdadır. Görünən budur ki, 1 həftə - 10 günə bunun azalma səviyyəsi olmayacaq. Ona görə də təklif edirəm ki, iyulun 5-dən sonra da sərt karantin rejimi tətbiq olunmalı və əlavə sərt elementlər də daxil edilməlidir.

- Sərt elementlər dedikdə nəyi nəzərdə tutursunuz?

- Yoluxma bu sürətlə gedərsə, fövqəladə rejim və ya komendant saatı tətbiq edilə bilər. Bu rejimlərdə artıq tələbləri pozan şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb edilir. Artıq bu rejimlərdə cərimə yoxdur. Bu, daha sərt yanaşmadır. Ona görə də xalqımızı bu bəladan qorumaq və dövlətimizi də xilas etmək üçün buna getmək olar. Baş verənlər dövlətimizin dayaqlarına ciddi zərbələr vurur. Artıq Azərbaycanda iqtisadi geriləmə rəsmi şəkildə açıqlanıb. Belə getsə, biz çox ciddi problemlərlə qarşılaşa bilərik. Bunun qarşısını almaq üçün addımlar atılmalıdır. Harada yoluxma sayı çoxdursa, bu tendensiyanın ardıcıl xarakter daşıdığı yerlərdə komendant saatı və fövqəladə rejim tətbiq olunmalıdır. Qardaş Türkiyədə 20 bölgədə komendant saatı tətbiq edildi və bu rejim özünün müsbət nəticələrini verdi. Halbuki bu rejim tətbiq edilməsi barədə qərar vətəndaşlar arasında birmənalı qarşılanmamışdı və Daxili İşlər Naziri Süleyman Soylu istefa ərizəsi yazmışdı.

Ona görə də biz bir qrup məsuliyyətsiz insanların avantürasının içərisində yaşamalı deyilik.

Avantürist, düşüncəsiz insanların qarşısı alınmasa, onlara qarşı sərt tədbirlər həyata keçirilməsə, biz bu bəlanın içərisindən çıxa bilməyəcəyik. Nəticədə bu, uzun sürən prosesə çevrilə bilər. Çünki dünyanın ayrı-ayrı ölkələrində bunun artıq ikinci dalğasının başlandığı göz önündədir. Pandemiya bu gün böyük bəladır və bu bəlanın qarşısını almaq üçün hər hansı güzəşt və yumşaq münasibət inkar olunmalı və ortadan qalxmalıdır. Bunun başqa variantını deputat kimi görmürəm.

- Fəzail müəllim, Prezident İlham Əliyev, I Vitse-Prezident Mehriban Əliyeva qapalı məkanlarda maska taxır. Hökumət ilk dövrdən başlayaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransı təşkil edilir, insanları maraqlandıran suallar cavablandırılır. Koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanalardan reportajlar edilir. Bunlar təbliğat və təşviqat yönündə atılmış addımlardır. Maarifləndirmə yönündə başqa hansı addımlar atılmalıdır?

- Ölkə Prezidenti və I Vitse-prezident səviyyəsində ciddi nümunələr ortadadır. Ölkə Prezidenti səviyyəsində qoruyucu maskadan istifadə etməyin vacibliyi, zəruriliyi dəfələrlə önə çəkilib. Ölkə başçısı və I Vitse-prezident qapalı məkanlarda maskadan istifadə edirlər və nümunə ortaya qoyurlar. Yəni maarifləndirmə işi aparılır. Televiziya və mətbuat işçiləri bu maarifləndirmə prosesinin içərisində xüsusi fəallığı ilə seçilir. Eyni zamanda hər zaman olduğu kimi Azərbaycan xalqı ilə bərabər olan polis cərimələrin tətbiqi ilə paralel olaraq, maarifləndirmə işi ilə məşğul olur. Bizim hər birimiz millət vəkilləri olaraq maskadan istifadənin vacibliyinin nümunəsini göstəririk. KİV-də xalqa müraciətlər edirik. Ancaq bir qrup insan maarifləndirmə işinin mahiyyətini başa düşmür, qəbul etmir. Çünki bu insanların dünyagörüşü fərqlidir. Bu insanlara qarşı sərt rejim tətbiq edilməlidir. Bu insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Dəfələrlə şahidi olmuşam yolboyu gedəndə ticarət mərkəzlərinin, böyük marketlərin çölündə və içərisində kifayət qədər maskasız insanlar var. Supermarketlərdə insanlar sosial məsafəni gözləmir. Bu cür insanlar təhlükənin böyüklüyünü dərk etmirlər. Azərbaycan qanunlarının tətbiqinə bu insanların qarşısını almaq üçün fikir verilməlidir. Elə düşünmək lazım deyil ki, o insanlar narazı qalacaq.

Bununla bərabər, vətənpərvər, xalqına böyük sevgi ilə yaşayan, dövlətinə qayğı ilə xidmət edən vətəndaşlarımız sosial şəbəkələrdə inamsızlığa qarşı ciddi müharibə elan etməlidirlər. Bu prosesdə pozucu rol oynayan insanlara qarşı ciddi mübarizə aparılmalı, Azərbaycan xalqı tərəfindən kütləvi şəkildə sosial şəbəkələrdə ifşa edilməlidir. Sosial şəbəkələrdə də işi yüksək səviyyədə qurmaq lazımdır.

- Son günlər polisdə yorğunluq olması ilə bağlı fikirlər səsləndirilir. Artıq əvvəlki kimi nəzarət tədbirlərinin effektiv şəkildə həyata keçirilməməsi fikri formalaşmaqdadır. Bununla razılaşırsınızmı?

- İki sahənin əməkdaşları böyük fədakarlıq göstəriblər və göstərməkdə də davam edirlər. Bunlardan biri səhiyyə işçiləri, digəri isə hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Onlar bu günə qədər öz üzərlərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirirlər. Bu şəxslərin yorulması da tamamilə mümkün olan haldır. Saatlarla onlar ayaq üstündə günün altında dururlar. Pozucu insanlara qarşı yüksək təmkinlə xidmət göstərmək insanı fiziki cəhətdən yora bilər. Ancaq bütün bunlara baxmayaraq, polislərimiz bu gün də üzərlərinə düşən vəzifəni yerinə yetirməkdədirlər. Öz övladlarımız olan tibb işçilərinə, polislərə qarşı mərhəmətli və məsuliyyətli olmaq lazımdır. Bu insanlar fədakarcasına insanları bu bəladan xilas etmək üçün çalışır. Bunu nəzərə almalı və məsuliyyətli olmalıyıq. Karantin rejiminin qaydalarına əməl etməyənlərin qarşısı Azərbaycan qanunları çərçivəsində alınanda yuxarıdan yaramazlar, tərbiyə, əxlaq kimi keyfiyyətlərə malik olmayanlar polisin başına zibil atdılar. Polis öz vəzifəsini yerinə yetirəndə onu ittiham etdilər. Təbii ki, o görüntülərdə təxribatların izlərini də mən özüm üçün müəyyənləşdirdim. Antimilli qüvvələr, avantürist insanlar bu görüntülərin ətrafında müxtəlif manipulyasiyalar apardılar. Lakin DİN rəhbərliyinin çox yüksək səviyyədə ağıllı və düşünülmüş şəkildə davranışları, çox az sayda deputatın bu baxımdan sosial şəbəkələrdə fəallıq göstərməsi bu avantüranın axıra kimi getməsinə mane oldu. Biz bu insanların qarşısında dayandıq. Baxmayaraq ki, bizi söydülər, təhqir etdilər, ancaq geri çəkilmədik.

Biz polisi də, həkimlərimizi də qorumalıyıq. Bunun üçün məsuliyyətli olmaq və karantin rejiminin şərtlərinə əməl etmək lazımdır. Ehtiyac olmadan çölə çıxmaq lazım deyil. Əgər çıxmısansa, tibbi maskadan mütləq istifadə etməli və sosial məsafəni qorumalısan. Başqa ölkələrdə olan görüntülərə baxanda həm ictimai nəqliyyatda, həm küçələrdə, həm marketlərdə - hər yerdə insanlar maskadan istifadə edir, qaydalara əməl edirlər. Yəni onlar maskanı çənəsinə, qoluna taxmır, cibində saxlamır. Bizimkilər isə uşaq kimi bəhanələr gətirməkdə israr edirlər.

Bizdə məsuliyyət artmalı, nizam-intizam güclənməli, Operativ Qərargahın dediklərinə əməl edilməli, bütün bəhanələr kənara atılmalıdır. Nəhayət biz xalq olaraq dərk etməliyik ki, bu virusa yoluxaraq biz tək özümüz üçün deyil, ətrafımızdakı hər kəs üçün təhlükə mənbəyinə çevrilirik. Bu virusdan ölənləri heç islam qaydalarına uyğun olaraq dəfn edə bilmir, ölüm ayağında olan yaxınları ilə vidalaşa bilmirlər. Belə ölüm kimə lazımdır?! Bu gün koronavirus hər birimizin evinin içərisindədir. Bunu çıxartmaq üçün deyilən üç şərtə əməl edilməlidir. Belə olan halda polislərimizin də işləri yüngülləşər.

- Bu prosesdə parlamentin rolunu necə görürsünüz? Milli Məclisin rolunu artırmaq mümkündürmü?

- Parlament özündən asılı olan vəzifəni yerinə yetirir. Milli Məclis olaraq, prosesi çox ciddi şəkildə izləyirik. Parlamentin sədri Sahibə Qafarova səviyyəsində, eyni zamanda deputatlar səviyyəsində məsuliyyət başa düşülür və buna uyğun addımlar atılır. İlk olaraq parlamentin deputatlarının maarifləndirmə prosesində iştirakı göz önündədir. Ancaq etiraf edim ki, bundan o qədər də razı deyiləm. Çünki maarifləndirmə prosesində millət vəkillərinin hamısı fəal şəkildə iştiraklarını ortaya qoymayıb.

Eyni zamanda, antimilli qüvvələrə, pandemiyanın ölkəmizdə yayılmasında maraqlı olan avantüristlərə qarşı da deputatların heç də hamısı öz iradələrini nümayiş etdirmir, çəkinir. Belədirsə, onda düşmən Ermənistan Azərbaycana hücum edəndə və hər birimizin həyatı təhlükə qarşısında qalanda biz qaçıb evin küncündə gizlənməliyik?! Ermənilərin gülləsi ilə avantürist qüvvələrin söz gülləsindən söhbət gedir. Bu gün o söz gülləsinin qarşısından qaçanların sabah erməni gülləsinin qarşısında dura biləcəyinə mənim əminliyim yoxdur. Ona görə də hər zaman dediyimi təkrar edirəm ki, millət vəkilləri təkcə bu adı daşımaqla kifayətlənməli deyillər, özlərini gündəlikdə saxlamaq üçün bəzən bir mövzunu şişirdərək, özlərini xalqın gözündə saxlamalı deyillər. Millət vəkillərinin hamısı bu gün müsəlləh əsgər kimi xalqımızın pandemiyadan az itki verməklə çıxması üçün özünün fədakarlığını ortaya qoymalıdır. Maarifləndirmə işində, sosial şəbəkələrdə fəallıq göstərməliyik. Bu situasiyadan istifadə edib dövlətimizə qarşı onu zəiflətməyə yönəlmiş olan pozucu qüvvələrlə mübarizəmizi kəskinləşdirməliyik.

Digər sahələrdə millət vəkilləri qanunvericiliyin təkmilləşməsində, pandemiya ilə bağlı ayrı-ayrı qanunların işlənib hazırlanmasında, müzakirəsində və qəbulunda öz üzərinə düşən vəzifəni yerinə yetirirlər.

- Deputat Sahib Alıyev koronavirusa yoluxdu, bunu özü bəyan etdi. Həm də bununla maarifləndirmə işi apardı. Ancaq parlamentdə son testlərdən sonra sanki qapanma oldu. Sanki tanınmış şəxslər bu və ya digər səbəbdən yoluxduğunu deməkdən çəkinir. Fərqli meyl hiss olunur. Sahib Alıyev nümunəsindən sonra bu meyllər niyə yarandı?

- Həmkarım Sahib Alıyevin göstərdiyi nümunəni çox yüksək qiymətləndirirəm. O, doğrudan da böyük vətəndaşlıq mövqeyini ortaya qoydu, yoluxmanın əsas səbəbini önə çəkdi. Baxmayaraq ki, mən həmkarımı Milli Məclisdə hər zaman tibbi maskada görürdüm. O, kifayət qədər məsuliyyətli, intizamlı adamdır. Ancaq bazarlarda, marketlərdə bu və ya digər səbəbdən ehtiyatsızlıq ucbatından məsuliyyətli insanlar da virusa yoluxur. Tanınmış insanlar bu virusa yoluxduğunu gizlətməli deyil. Kimsə bunu gizlətməli deyil, dərhal həkimlərə müraciət etməlidir.

 

 

 

 

Firuzə Vahid

Digər xəbərlər