Fəzail Ağamalı: "Sərtləşdirilmiş karantin rejiminin müddəti koronavirusun yayılmasından asılıdır"

Fəzail Ağamalı: "Sərtləşdirilmiş karantin rejiminin müddəti koronavirusun yayılmasından asılıdır"
# 25 iyun 2020 16:46 (UTC +04:00)

“Dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, ağır itkilərin qarşısını almaq mümkün olmayacaq”.

Bunu APA-ya açıqlamasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, bu, milli təhlükəsizlik məsələsidir və dövlət, yerli icra, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır: “Vətəndaşlarımız sadəcə üç adi qaydanı gözləməklə bu virusa qarşı mübarizədə dövlətə dəstək ola bilər. Yəni, həmrəylik, birlik nümayiş etdirdiyi kimi, məsuliyyət, nizam-intizam göstərilməlidir. Vətəndaşlar tərəfindən məsuliyyətsiz şəxslərə qarşı ictimai qınaq artırılmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı cərimə tətbiq edilməlidir. Eyni zamanda, qaydalara əməl etməyənlər vətəndaşlarımız tərəfindən tənbeh olunmalıdır. Çünki bu virusa yoluxan bir nəfər yüzlərlə, hətta minlərlə vətəndaşı yoluxdura bilər. Polis insanları virusdan qorumaq üçün gecə-gündüz fasiləsiz çalışır. Unutmaq olmaz ki, bir xəstənin müalicəsi üçün çox sayda həkim və tibb işçisi çalışır. Onlar gecə-gündüz kombinezonda, eynəkdə, maskada ağır durumda öz müqəddəs vəzifələrini yerinə yetirirlər. Müşahidələr göstərir ki, son dövrlər gənclərimiz arasında məsuliyyətsiz davranışlar artmaqdadır. Onlar elə düşünürlər ki, xəstəlik onlar üçün təhlükəli deyil. Ancaq onlar ciddi şəkildə yanılırlar. Bütün bu davranışlar aradan qaldırılmalıdır. Biz ciddi dövlət nəzarəti ilə bərabərinsanlarımızın yüksək məsuliyyəti ilə bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Unutmamalıyıq ki, sabah bu pandemiya daha geniş vüsət alsa, yoluxan insanlar harada yerləşdiriləcək? Yerləşdirilksə belə, həkimlərin sayı necə artırılacaq? Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”.

Deputat nəzərə çatdırıb ki, bundan öncə həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu: “Görülən tədbirlər nəticəsində sağalanların sayı yoluxanların sayından çox olduğuna görə, may ayının əvvəlindən yumşalma meyilləri başladı. Ancaq bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmədilər və biz yenidən sərtləşmə tədbirlərinə getməyə məcbur olduq. Maska, məsafə və dezinfeksiya insanları qoruyur. Ancaq yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulduğuna görə, yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olundu. Sərtləşdirilmiş rejimin müddəti koronavirusun yayılmasından asılıdır. Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə ala bilsinlər”.

F. Ağamalı qeyd edib ki, koronavirusun hələlik dərmanı, peyvəndi tapılmayıb: “Biz bu xəstəliklə yaşamağa məcburuq. Azərbaycan dövləti hər zaman olduğu kimi Azərbaycan vətəndaşının yanındadır. Azərbaycan hökuməti üçün ölkə başçısının da qeyd etdiyi kimi, hər zaman əsas prioritet vətəndaşlarının sağlamlığıdır. Dövlətimiz insanlarımıza xüsusi diqqət və qayğı göstərməkdədir. Bundan öncə 600 mindən çox vətəndaşımız 190 manatla təmin olundu. Yenidən xüsusi sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda bu vəsaitin vətəndaşlara verilməsi üçün qərar qəbul edilib. İşini itirmiş, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlara da dövlət öz köməyini göstərdi. Sosial layihə ixtisar edilməyib- məcburi köçkünlər üçün şəhərciklər salınır, məktəblər, yeni yaşayış kompleksləri tikilir. Əminəm ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalacaq. Dövlətimizlə bərabərf bu ağır bəladan az itki ilə çıxacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR