Fəzail Ağamalı: “Vahid Əhmədovun köhnə Müdafiə naziri ilə yaxşı əlaqələri, işbirliyi olub”

Fəzail Ağamalı: “Vahid Əhmədovun köhnə Müdafiə naziri ilə yaxşı əlaqələri, işbirliyi olub”
# 31 may 2020 15:27 (UTC +04:00)

“Burada hansısa deputat yanlış fikir bildirirsə, buna münasibət bildirmək lazımdır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fəzail Ağamalı deyib.

O, deputat Vahid Əhmədovun Müdafiə naziri Zakir Həsənovun ünvanına səsləndirdiyi fikrilərin əsassız olduğunu bildirib: “Vahid Əhmədova bildirmək istəyirəm ki, o vaxtlar əsgərlərin çəkmələrini valideynlər alırdı, bunun üçün ayrılan pullar ciblərə gedirdi. Hansı ciblərə gedirdi bəllidir. Köhnə Müdafiə naziri ilə sizin yaxşı əlaqələriniz və işbirliyiniz olub, bunu bilirəm. Görüşlər üçün külli miqdarda pullar yığılırdı. Bu gün isə bu hallar yoxdur. Şəffaflıqdır. İstər qidalanmada, istərsə də geyimdə. Məni susdura bilməyəcəksiniz. Biz Ordumuzla fəxr edirik. Fəxr etməyənlər mümkün olsa, qisas hissini içində saxlasınlar”.

“Şimaldan, cənubdan, şərqdən və qərbdən uzanan iti caynaqlar və məsud baxışlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır”.

Bunu isə Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli deyib.

O, Azərbaycanın kifayət qədər düşməni olduğunu bildirib: “Bizim bu çətin məqamlardan çıxmağımızın yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Ona görə də hər sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək, millətin, dövlətin taleyi ilə bağlı olan məsələlərdə kifayət qədər diqqətli olmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR