Hikmət Babaoğlu: "Azərbaycan-Türkiyə tandemi yeni dünya nizamında diqtə edən güc mərkəzlərindən birinə çevriləcək"

Hikmət Babaoğlu: "Azərbaycan-Türkiyə tandemi yeni dünya nizamında diqtə edən güc mərkəzlərindən birinə çevriləcək"
  • Clock-gray 14:12
  • calendar-gray 12 Noyabr 2020

“Azərbaycanın əldə etdiyi tarixi-strateji qələbənin miqyası o qədər böyükdür ki, bunu dərk etmək üçün zamana ehtiyac var”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, qələbə - şaquli dərin və üfüqi coğrafi olmaqla çoxvektorludur:

“İkinci görünən tərəfdir, hamımız bunu vizual olaraq aydın görürük ki, torpaqlarımız işğaldan azad edildi. Birinci isə heç də hamımızın görə bilmədiyi dərin qatlardadır. Zamanla üzə çıxdıqca biz onu dərk edəcəyik. Məhz dərin qatlarda baş verən hadisələr mənsub olduğumuz geostrateji rayonun gələcəyini təyin edəcək. Bu, elə bir gələcək olacaq ki, Azərbaycan-Türkiyə tandemi yeni dünya nizamında diqtə edən güc mərkəzlərindən birinə çevriləcək”.

Deputat qeyd edib ki, xalqımızın Vətən Müharibəsinin, İstiqlal Savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırıb:

“Qısaca olaraq, bu tarixi qələbəyə necə gəldiyimizin siyasi arxeologiyası isə belədir. Problemin 70 illik fasilədən sonra yenidən aktiv fazaya keçməsi dövrü. Yəni, 1920-ci ildən 1988-ci ilədək davam edən mərhələnin bitməsi. 1990-94-cü illər assimmetrik müharibə dövrü və döyüşlərdə Azərbaycanın uduzdurulması. 1994-97-ci illər fəal sülh axtarışları mərhələsi. 1997-2001-ci illər problemin həllinə yaxınlaşmaq mərhələsi. 2001-ci ildə Ki Uest fiaskosu. 2001-2003-cü illər danışıqların imitasiyası dövrü. 2003-2016-cı illər strateji sükut, yaxud səssiz müharibə dövrü. 2016-2018-ci illər strateji sükut və səssiz müharibə dövründə Azərbaycanın müharibəyə hazırlığının test edilməsi mərhələsi. Aprel və Günnüt döyüşləri. 2018-2020-ci ilin iyul tarixləri arasındakı vaxt nəticələrin təhlil edilməsi, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması və hərbi-siyasi və geostrateji zamanın zərgər dəqiqliyi ilə seçilməsi. 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-na qədər davam edən 44 günlük müharibə dövrü və tam qələbə, işğalçı Ermənistanın kapitulyasiya aktına qol çəkməsi. Ancaq müharibələr tarixi göstərir ki, müharibəyə başlamaq nə qədər çətindirsə, onu bitirmək ondan da çətindir. Üstəlik yaşadığımız mürəkkəb regionda mövcud olan güc balansları konteksində bunu etmək daha da çətindir. Ancaq Azərbaycan bunu bacardı və hərbi qələbəsini siyasi-diplomatik qələbəsilə də taclandırdı”.

H. Babaoğlu bildirib ki, hazırda çox fəal və sürətli postmüharibə mərhələsinə qədəm qoymuşuq və ən çox müzakirə olunan məsələlərdən biri xalqımızın öz doğma torpaqlarında necə və nə vaxt məskunlaşacağı məsələsidir:

“Bəzi kommunikasiya və təhlükəsizlik məsələlərinin aparacağı vaxtı çıxmaq şərtilə elə dərhal bu proses başlayacaq. Yeddi rayonda əhalinin müharibəyə qədər olan demoqrafik strukturu qeyd-şərtsiz bərpa olunacaq, sonradan süni məskunlaşdırma nəticəsində işğal edilmiş ərazilərimizə gətirilənlər sonuncu nəfərinədək və bəyanatda qeyd olunan müddət ərzində təcili olaraq çıxarılacaq. Keçmiş Dağlıq Qarabağ adlandırılan ərazilərdə ordumuzun işğaldan azad etdiyi yerlərə əvvəllər yaşamış ermənilər qaytarılmayacaq. Onlar sadəcə kompakt yaşadıqları bəzi ərazilərdə Azərbaycan vətəndaşlığını qəbul etdikləri və vətəndaşlıqdan irəli gələn vəzifələri və məsuliyyəti yerinə gətirdikləri halda yaşaya biləcəklər. Əks təqdirdə, əsla yaşaya bilməyəcəklər".

apa-logo-mini

Digər xəbərlər