Hikmət Babaoğlu: "Azərbaycan dünya siyasətinin gündəmini müəyyən edən ölkələrdən birinə çevirilməkdədir"

Hikmət Babaoğlu: "Azərbaycan dünya siyasətinin gündəmini müəyyən edən ölkələrdən birinə çevirilməkdədir"
  • Clock-gray 16:03
  • calendar-gray 06 Noyabr 2020

"Azərbaycan hazırda ən aktual məsələlərlə bağlı dünya siyasətinin gündəmini müəyyən edən ölkələrdən birinə çevirilməkdədir".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu, bir tərəfdən ölkəmizin beynəlxalq münasibətlər sistemində milli aktor kimi fəal davranışları və nüfuzu ilə əlaqədardırsa, başqa bir tərəfdən onun mötəbər beynəlxalq təşkilatlara rəhbərlik etməsi ilə bağlıdır: “Artıq məlumdur ki, Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərlik etmək və bu müddət ərzində onların fəaliyyətini səmərəli formada təmin etmək təcrübəsi var. Hələ 2011-2013- cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata sədrlik edən zaman terrorizmə qarşı mübarizə, beynəlxalq hüququn aliliyinin təmin edilməsi və s. kimi bir sıra aktual məsələləri beynəlxalq gündəmə gətirə bilmişdi. Hazırda isə Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir və bu statusda artıq bir neçə vacib məsələni gündəmə gətirməklə qlobal problemlərin həlli istiqamətində təqdirəlayiq təşəbbüslərlə çıxış etməyi bacarıb. 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv olan ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı  Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş, bu təşəbbüs BMT-yə üzv ölkələrin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdi. BMT Baş Assambleyası isə noyabrın 5-də keçirilmiş plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib. Qətnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu il dekabrın 3-4-də keçirilməsi qərara alınıb”.

Deputat nəzərə çatdırıb ki, burada əsas məsələlərdən biri açılış mərasimində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxışının nəzərdə tutulmasıdır: “Şübhəsiz ki, Azərbaycan Prezidenti öz çıxışından pandemiya və ona qarşı mübarizə məsələləri ilə yanaşı, həm də Azərbaycan həqiqətləri, beynəlxalq hüquq və onun tələblərinin yerinə gətirilməsi, işğalçı ölkə olan Ermənistanın regionda təhlükəsizliyi təhdid edən terrorçu dövlət olması barədə də danışacaq. Eyni zamanda bunun ümumi rifaha və regional inteqrasiyaya, o cümlədən pandemiyaya qarşı mübarizədə birgə səylərə ciddi əngəllər törətdiyini bildirəcək. Bu isə indidən Ermənistanı narahat etməyə başlayıb. Dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan COVID-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı ilk günlərdən etibarən qarşı çıxan Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıb və qətnamənin açılış hissəsində QH sədri qismində Azərbaycan Prezidentinin çıxışının qarşısını alan addımlar atmağa cəhd edib. Ancaq həmişəki kimi, Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib, onun bu cəhdi də rədd edilib. Bu isə bir daha Azərbaycanın beynəlxalq nüfuzu və qlobal prosesləri idarəetmə bacarığı kimi qiymətləndirilməlidir”. 

apa-logo-mini

Digər xəbərlər