Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılması ilə bağlı görüş keçirib

Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılması ilə bağlı görüş keçirib
  • Clock-gray 18:29
  • calendar-gray 25 Dekabr 2020

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüş keçirib.

APA-nın  məlumatına görə, H. Hacıyev Prezident İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğuladığını, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasında və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdırıb.

Prezident köməkçisi 2013-cü ildə ölkədə ictimai nəzarət mexanizminin hüquqi bazasının yaradıldığını, “İctimai iştirakçılıq haqqında” qanun qəbul edildiyini, qanuna əsasən, mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkil etmək üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizminin təsbit edildiyini vurğulayıb. O, sözügedən qanunun qəbul edilməsindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun tətbiqində ciddi problemlərin qaldığını, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmadığını, mövcud olan əksər şuraların isə yaradılmasında və fəaliyyətində kifayət qədər nöqsanlara yol verildiyini bildirib.

Daha sonra mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri çıxış edərək ictimai şuraların yaradılması və fəaliyyəti zamanı üzləşdikləri problemləri diqqətə çatdırıbar. Onlar bəzi hallarda ictimai şuralara seçilən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin öz funksiyalarını, hüquq və vəzifələrini bilmədiklərini, habelə aidiyyəti sahə üzrə məlumatsız olduqlarını vurğulayıblar.

Görüşdə mərkəzi icra hakimiyyəti orqanlarının ictimai şuraları yaradarkən diqqət yetirməli olduqları əsas məqamlar barədə ətraflı məlumat verildi, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda H. Hacıyev çıxış edərək, qısa müddət ərzində ictimai şuraların yaradılması prosesinə başlanılması, qanunvericiliyin bütün tələblərinə əməl edilməklə şəffaf və obyektiv seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb. O, ictimai şuralarda müstəqil və təcrübəli şəxslərin təmsil olunmasına üstünlük verilməsinin, yerli qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığın təmin edilməsinin, ictimai şuraların fəaliyyəti ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq təlim proqramlarının təşkil edilməsinin, ictimai şuraların iclaslarının mütəmadi keçirilməsinin, şuraların işində şəffaflığın təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

apa-logo-mini

Digər xəbərlər