Hərbçilərin maaşları ilə bağlı məsələ MM-də qaldırılıb

Hərbçilərin maaşları ilə bağlı məsələ MM-də qaldırılıb
# 23 fevral 2021 12:08 (UTC +04:00)

“Hərbi qulluqçuların və onların ailələrinin narahatçılığına əsas yoxdur və bu məsələ tezliklə öz həllini tapacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, son günlər işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçulara əmək haqqının əvvəlki aylarda olduğu kimi iki misli qədər ödənilməməsi geniş şəkildə müzakirə olunur və bu mövzuda müəyyən çağırışlar edilir: "Məsələ burasındadır ki, hərbiçilərə ikiqat pul təminatının verilməsi qanunvericliklə tənzimlənir və torpaqlar işğaldan azad edildikdən sonra silahlı qüvvələrin dislokasiyası, coğrafiyası və digər məsələlər kardinal şəkildə dəyişmişdir.

Bu səbəbdən də yeni şəraitdə ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsinə və müvafiq hesablamalrın aparılmasına ehtiyac yaranıb".

Azay Quliyev diqqətə çatdırıb ki, dünən bu məsələni aidiyyatı dövlət qurumları ilə ətraflı müzakirə edib və məlum oldu ki, yaxın günlərdə bütün hesablamalar başa çatacaq və hərbiçilərin döyüş şəraiti, mövcud risklər, xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlimi, yüksəkliyi və digər məqamlar nəzərə alınmaqla onlara əvvəlki aylarda olduğu kimi ikiqat pul təminatı ödəniləcək: "Ona görə bildirmək istəyirəm ki, də bu kateqoriyadan olan hərbi qulluqçuların və onların ailələrinin narahatçılığına əsas yoxdur və bu məsələ tezliklə öz həllini tapacaq.

Bu məsələnin tam həlli üçün "Hərbi qulluqçuların statusu haqqında" qanuna müvafiq dəyişiklər etməyə ehtiyac var. Çünki qüvvədə olan qanunda "döyüş bölgəsi" və "döyüş şəraiti" anlayışları var. "Döyüş bölgəsi" anlayışı yoxdu və qanuna da müvafiq dəyişiklik edilməlidir ki, iki qat pul təminatının hüqüqi əsası yaransın".

Deputat təklif edib ki, Milli Məclis aidiyyəti qurumlarla müzakirə edib bu məsələni həll etsin”.

Spiker Sahibə Qafarova bildirib ki, hazırda Qarabağ döyüş bölgəsi deyil.

Deputat Ziyafət Əsgərov isə bildirib ki, hərbçilərin maaşı ilə bağlı məsələ yeni hazırlanan qanun layihəsində əksini tapacaq: "Müvafiq qurumlarla da müzakirələr aparılır. Qanun layihəsi hazırlandıqdan sonra təqdim edəcəyik”.

Z. Əsgərov bu məsələnin “Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsində əksini tapacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR