II Dünya Müharibəsinin Böyük Vətən Müharibəsi adlandırılması ətrafında Milli Məclisdə diskussiya aparılıb

II Dünya Müharibəsinin Böyük Vətən Müharibəsi adlandırılması ətrafında Milli Məclisdə diskussiya aparılıb
# 30 mart 2020 13:36 (UTC +04:00)

“Böyük Vətən Müharibəsinə böyük ehtiramla yanaşırıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker Əli Hüseynli "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə. Hüseynli bildirib ki, bu yubiley medalı həmin dövrdə ön cəbhədə, arxa cəbhədə fəaliyyət göstərən, düşmən arxasında döyüşən azərbaycanlılar o cümlədən, o dövrdə faşistlərə qarşı döyüşən əcnəbilərin təltif edilməsi üçün nəzərdə tutulub.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, II Dünya Müharibəsini Böyük Vətən Müharibəsi kimi təqdim etməkdən çəkinmək lazımdır: “Bunu faşizm üzərində böyük qələbə kimi qəbul etməliyik. Qarşıdan 28 aprel gəlir. Biz bu hadisələrə müstəqil dövlət təfəkkürü ilə qiymət verməliyik. Hadisənin 100 illiyini qeyd etməliyik. Söhbət bolşevik Rusiyası tərəfindən bizim müstəqilliyimizə son qoyulmasından gedir. Bu gün Jirinovski kimi insanlar Böyük Vətən Müharibəsi anlayışından istifadə edib bizi konfederasiyaya dəvət edirlər. Bizim üçün ən böyük Vətən Müharibəsi Qarabağ müharibəsidir”.

Millət vəkili Musa Qasımlı qeyd edib ki, Böyük Vətən Müharibəsi başlayanda SSRİ-də yalnız Bakı-Tehran aviareysi işləyirdi: “Azərbaycanın nəqliyyat kommunikasiya məsələlərinə də böyük töhfələri olub. Bu gün Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan tarixi köklərinə böyük hörmət bəslənilir, Ermənistanda isə nasizm hökm sürür. Ona görə də bu medalın qəbulu həm bu gün, həm keçmiş, həm də gələcəyə hörmət baxımından böyük önəm daşıyır”.

Millət vəkili Hikmət Babaoğlu II Dünya Müharibəsinin Böyük Vətən Müharibəsi kimi təqdim edilməsini dəstəkləyib: “O vaxt SSRİ bizim böyük vətənimiz idi”.

Millət vəkili Qüdrət Həsənquliyev də II Dünya Müharibəsinin Böyük Vətən Müharibəsi kimi qəbul edilməsinə münasibət bildirib: “1941-ci ildə almanlar hücum edəndə azərbaycanlılar öz vətəni uğrunda döyüşürdü. Bu insanlar heç faşizmin mahiyyətini bilmirdi, vətənləri uğrunda savaşırdı. Ermənistanda faşizmin qəhrəmanı Njdeyə heykəl ucaldırlar. Ona görə də, bunun Böyük Vətən Müharibəsi kimi qəbul edilməsi anlaşılandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR