İlham Əliyev: “Bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!”

İlham Əliyev: “Bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!”
  • Clock-gray 00:19
  • calendar-gray 01 Yanvar 2021

“İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı. O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciətində deyib.

“Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət aparılmalıdır. Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!”, Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik: “Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. Eyni zamanda, biz öz siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik. Mən bunu təkcə bu gün demirəm, 10 il bundan əvvəl demişdim, nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistanı bütün layihələrdən, bütün regional təşəbbüslərdən məhrum edəcəyik, onları təcrid edəcəyik və bunu etdik. Baxın indi Avrasiyanın enerji, nəqliyyat, kommunikasiya xəritələrinə, ölkələri birləşdirən bütün o yollar, ölkələr üçün böyük fayda gətirən layihələr Ermənistandan yan keçib. Kim bunu edib? Biz, təzyiqlərə baxmayaraq. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, hətta Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Sanki biz təbiəti burada çirkləndiririk, ekoloji tarazlığa ziyan vururuq. Nə üçün? Çünki bu layihəni dayandırmaq, yaxud da ki, bu layihəni Ermənistan ərazisindən həyata keçirmək üçün. O təqdirdə bizim əl-qolumuz bağlı olacaqdı, bizim bütün neft və ondan sonra qaz ixracımız Ermənistanın əlində olacaqdı. Mən buna razı ola bilərdim? Əlbəttə ki, yox! Ona görə də təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum. Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə, bütün şər-böhtana, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək!

Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edilirdi. Biz heç nəyi hansısa məxfi formatda etməmişdik. Demişdim ki, təcrid edəcəyik, etdik, neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistandan yan keçdi, telekommunikasiya xətləri Ermənistandan yan keçdi, elektroenergetika layihələri Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi”.

Rəşad Sarıyev

Digər xəbərlər