İlham Əliyev: “Əslində bizim niyyətimiz, istəyimiz insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır”

İlham Əliyev: “Əslində bizim niyyətimiz, istəyimiz insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır”
# 04 iyun 2020 22:38 (UTC +04:00)

“Növbəti “ASAN xidmət” mərkəzinin açılışı çox əlamətdar hadisədir. Çünki biz qısa müddət ərzində “ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq və bu proses davam etdirilir. Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Onlardan bəziləri demək olar ki, hazırdır, bəzilərində isə işlər davam etdirilir”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bütün ölkə “ASAN xidmət” mərkəzləri ilə əhatə olunacaq: “Əslində, bizim planlarımız da bundan ibarət idi. Biz bu təşəbbüsü irəli sürəndə mənim qəti fikrim ondan ibarət idi ki, əgər bu təcrübə müsbət olarsa, - mən buna şübhə etmirdim, - bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir. Biz bu işi ardıcıllıqla görürük. Bu gün bu mərkəzin işinə start verərkən gördüm ki, “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olmuşdur. “ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola bildik”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur: “Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmət” innovasiyadır və hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur, o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır”.

Prezident İlham Əliyevin sözlərinə görə, “ASAN xidmət”in fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan verib: “Şadam ki, bu innovasiyaları təqdim edən, onları icad edən gənclərdir. Beləliklə, qısa müddət ərzində ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi. Bəlkə on il bundan əvvəl heç kim təsəvvür edə bilməzdi ki, bir mərkəzdə 320 xidmət göstərilə bilər. Bu xidmətlərin yüksək innovativ əmsalı var. Eyni zamanda, bu mərkəzlərdə şəffaflığın dərəcəsi mütləqdir. Yəni, “ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR