İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik plenar iclasa tövsiyə edilib

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik plenar iclasa tövsiyə edilib
  • Clock-gray 17:33
  • calendar-gray 13 Noyabr 2020

Noyabrın 13-də Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Əli Hüseynli gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.

Əvvəlcə  komitənin üzvü  Kamal Cəfərov “Dövlət  qulluğu  haqqında”  qanun  layihəsində  dəyişikliklər  edilməsi ilə bağlı sənədi  ikinci  oxunuşda təqdim edib. İclasda Kamal Cəfərov  qanun layihəsinin  Milli Məclisin plenar iclasında  birinci oxunuşu  zamanı millət  vəkilləri  tərəfindən  səsləndirilən, yazılı şəkildə komitəyə  daxil olan  digər  rəy, təklif  və suallara  da aydınlıq  gətirib. Deputatlardan  Qüdrət  Həsənquliyev,  Erkin Qədirli, Əminə Ağazadə, Etibar Əliyev,  Dövlət  İmtahan Mərkəzinin nümayəndəsi Vüqar  Əsgərov  sənədlə  bağlı fikir mübadiləsi  aparıb, qanun layihəsinin  əhəmiyyəti  barədə danışıblar.

Sonra  komitədə İnzibati Xətalar Məcəlləsinə  dəyişiklik  edilməsi  barədə  qanun layihəsi  birinci  oxunuşda  müzakirə  edilib.  Komitə sədri Əli Hüseynli  qeyd  edib ki, sənəd uyğunlaşdırma   xarakteri daşıyır və “Ətraf  mühitin mühafizəsi  haqqında”  qanun  layihəsinə edilən dəyişikliklərə  əsasən hazırlanıb.  Qanun layihəsinə  təklif olunan  dəyişiklikdə  qalınlığı 15 mikrona  qədər olan polietilen torbaların,  habelə birdəfəlik istifadə  üçün nəzərdə  tutulan  plastik qarışdırıcı  çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların  sahibkarlar  tərəfindən idxalına, istehsalına, istehlakçıya  satılmasına, inzibati  tənbeh  almış  şəxs  tərəfindən  təkrar  törədilməsinə görə  də inzibati  məsuliyyət  nəzərdə  tutulur.  Qanun layihəsinin  polietilen  torbalara  münasibətdə  2021-ci il yanvarın 1-dən, digər  birdəfəlik istifadə üçün  nəzərdə tutulan məhsullara  münasibətdə  isə  2021-ci il  iyulun 1-dən  qüvvəyə minməsi  təklif  edilib.

Komitə  üzvləri   tərəfindən hər  iki qanun layihəsinin Milli Məclisin plenar  iclasının müzakirəsinə  tövsiyə  edilməsi  qərara  alınıb.

Firuzə Vahid

Digər xəbərlər