Kürdəmirin deputatı icra başçısının həbsinə münasibət bildirib

Kürdəmirin deputatı icra başçısının həbsinə münasibət bildirib
  • Clock-gray 13:53
  • calendar-gray 20 Avqust 2020

"Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü kimi, təəssüf hissi ilə bildirirəm ki, ölkədə davam edən korrupsiya ilə radikal mübarizə tədbirlərinə baxmayaraq, deputat seçildiyim Kürdəmir rayonunda da  bu kimi neqativ hallar baş verib".

APA-nın məlumatına görə, bunu 57 saylı Kürdəmir seçki dairəsindən deputat seçilən Əminə Ağazadə deyib.

O bildirib ki, güclü dövlət, şəffaf idarəçilik sistemi naminə bundan sonra da korrupsiya ilə əlaqədar hüquq pozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar kəsərli tədbirlər davam etdiriləcək və təqsirli şəxslər öz layiqli cəzalarını alacaqlar: "Bunu əminliklə deyə bilərəm".

Qeyd edək ki, Kürdəmir əhalisinin, RİH-nin vəzifəli şəxsləri tərəfindən rüşvət alınması, dövlət əmlakının ələ keçirilməsi barədə çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı qeyd olunan faktlar təsdiqini tapmış və 19.08.2020-ci il tarixdə Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıb.

İcra başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikası  CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin faktla əlaqədar tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.

Firuzə Vahid

Digər xəbərlər