MM-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunub

MM-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunub
# 18 may 2020 15:08 (UTC +04:00)

Milli Məclisin İnsan Hüquqları və Hüquq və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının (2019) müzakirəsi zamanı millət vəkilləri irad və təkliflərini səsləndiriblər.

APA-nın məlumatına görə, Hikmət Babaoğlu bildirib ki, hazırda bütün sahələrdə olduğu kimi insan alverinə qarşı mübarizə sahəsində də yeni bir fenomen var: “Bu, sosial şəbəkələr fenomenidir. Sosial şəbəkələrdə bütün sövdələşmələr var ki, onlar bütün cinayətkarlığın başlanğıcı ola bilər. Digər tərəfdən 2011-ci ildə Yaxın Şərqdə Suriya müharibəsi başlayandan sonra xeyli sayda azərbaycanlı muzdlu döyüşçü kimi Yaxın Şərqə cəlb olunub. Hazırda İraqda və bir neçə ölkədə həmin muzdlu döyüşçülərin övladları istismar olunur, düşərgələrdə saxlanılırlar. Bunlarla bağlı da hesabatda məlumat olsa, çox yaxşı olardı”.

Millət vəkili Elman Nəsirlinin fikrincə isə hesabatda bildirilir ki, 2005-ci ildən 2019-cu ilə qədər insan alverinin qurbanı olanlarla bağlı 1514 cinayət faktı qeydə alınıb və 570 cinayət işi açılıb: “Müəyyən suallar yaranıb. Bu cinayətdə mənbə, tranzit və təyinat nöqtəsi kimi olan ölkələr var. Hesabatda Azərbaycanın daha çox mənbə ölkəsi kimi təqdim olunub. Təklif edərdim ki, Azərbaycanın tranzit və təyinat nöqtəsi ölkə kimi bu təsnifatda yeri və çəkisi ilə bağlı məlumatları da hesabata daxil edəsiniz. Eyni zamanda Azərbaycanda insan alverindən əldə olunan gəlirlərin miqdarı da açıqlansın”.

Millət vəkili Tural Gəncəliyev bir neçə təkliflə çıxış edib. O bildirib ki, sırf işğal olunmuş ərazilərdən əsir və itkin düşmüş və girov götürülmüş şəxslərin insan alverinin obyekti kimi olduğu hadisələr də hesabata daxil edilməlidir: “Çünki bu insanların insan alverinin qurbanı olması, onların orqanlarından istifadə edilməsi, onların məcburi əməyə cəlb edilməsi istisna olunmur. Bu məlumatları biz əldə etsək, Ermənistanın ifşa edilməsi ilə bağlı gələcək fəaliyyətimizdə də işlər görə bilərik. Digər tərəfdən, 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən QİÇS xəstəliyi üzərində hansısa dərmanların tapılması ilə bağlı məlumatlar yayıldı. Sonrada məlum oldu ki, bu preparatları məhz bizim orada əsirlikdə olan insanlar üzərində sınaqdan keçiriblər. Hazırda da istisna etmək olmaz ki, COVID-19 pandemiyası ilə bağlı eksperimentləri yenə də bizim orada olan vətəndaşlarımız üzərində etmirlər”.

Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, hesabatda yer alan rəqəmlərdə kifayət qədər ziddiyyət var: “Cinayətlərin sayı artsa da, cinayətlərə yol vermiş insanların məsuliyyətə cəlb edilməsində rəqəm isə azalır. Bu məsələ burada çoxu üçün də aydın deyil. Digər tərəfdən, Yaxın Şərqdə gedən müharibələrdə iştirak etmiş azərbaycanlıların taleləri ilə bağlı da məruzədə heç bir məlumat yer almayıb. Son vaxtlar Azərbaycandan Avropa ölkələrinə də kifayət qədər insan axını var. Saxta sənədlərlə Azərbaycan vətəndaşları yaxşı həyat naminə Avropaya gedirlər. Lakin bu insanların Avropada əmək istismarına da cəlb edilirlər. Fiziki əməyin istismarı ilə yanaşı, orada əqli əməyin istismarı da baş verir”.

Millət vəkili Elşad Mirbəşir qeyd edib ki, insan alveri və insan qaçaqmalçılığı anlayışları arasındakı sərhədlərin müəyyənləşdirilməsi mübarizənin effektivliyi baxımından faydalı olar: “İnsan alveri ilə bağlı cinayətləri törədənlər arasında da, insan alverinin qurbanı olanlar içərisində də qadınların çoxluq təşkil etməsinin səbəbləri də araşdırılmalıdır. Bununla bağlı sosial monitorinqlər aparılsa, yaxşı olar. Azərbaycanın işğal altında olan ərazilərində həm qanunsuz silah, narkotik, həm də insan alveri cinayətləri geniş yayılıb. Bu istiqamətdə məlumatların əldə edilməsi mümkünlüyü nəzərdən keçirilərsə, Azərbaycanın mübarizəsinin daha effektiv olmasını şərtləndirən məqamlar ortaya çıxa bilər”.

Millət vəkili Əminə Ağazadə isə bəzi iradlarını səsləndirib. O bildirib ki, statistik tərtibatla bağlı aydın olmayan məqamlar var: “Cinayət təqibi və qurbanlarla iş fəslində qeyd edilib ki, insan alveri və məcburi əməklə bağlı başlanmış cinayət işlərindən 27-nin istintaqı tamamlanıb və 27 təqsirləndirilən şəxsə cinayət məsuliyyətinə cəlb edilib. Bu, 2019-cu il ərzində nəzərdə tutulub. Əvvəlki, illərdə təqsirləndirilən şəxslər barəsində isə 42 hökm çıxarıldığı qeyd olunub. Builki 27 təqsirləndirilən şəxslə bağlı nə qədər hökm çıxarılmasını bilsək, bu, daha yaxşı olardı. Çünki əvvəlki illərdən 15 iş qaldığı məlum olur. Həmçinin axtarış elan edilmiş 35 təqsirləndirilən şəxslərdən neçəsinin azərbaycanlı olması da hesabatda qeyd edilsə, daha yaxşı olardı”.

Millət vəkili Nizami Səfərov isə qeyd edib ki, işğal olunmuş ərazilərdə bu gün də hərbi və insanlıq əleyhinə cinayətlər törədilir: “Bütün bunlar bizim diqqət mərkəzimizdədir. BMT-yə XİN tərəfindən təqdim edilən bir çox faktlarda bu məsələlər öz əksini tapıb. Bu ərazilərdə insan alverinə cəlb edilmiş şəxslərin olmasına şübhə etmirəm. Biz hələ uzun müddət Ermənistanla qlobal münaqişə səviyyəsində olacağıq. Bunu nəzərə alaraq, bu faktları əldə edib məruzəyə daxil etmək çox mühüm əhəmiyyət kəsb edir”.

Həzi Aslanov səslənən fikir və iradlara münasibət bildirib: “Əminə xanımın verdiyi suallarla bağlı qeyd edim ki, DİN və onun tərkib hissəsində olan bir neçə qurumlar spesifik sahədə xidmət aparır. Artıq ikinci dəfədir, hesabat təqdim edirik. Əminəm ki, gələn dəfə deyilən iradlar məruzədə əksini tapacaq. Rəqəmlərdə əsasən, dekabrın 31-ə olan məlumatlar əsas götürülür. Rəqəmlər hamısı baş idarənin internet səhifəsində də var. Məsələn, 2018-ci ildə 20 hökmlə 23 azadlıqdan məhrumetmə hökmlərinə baxılıb. Orada 20 nəfər şərti məhkum olunub, 1-i məhkəmələr tərəfindən təxirə salınıb, 2 real azadlıqdan məhrumetmə cəzası verilib. 2019-cu ildə 27 şərti məhkum etmə hökmü çıxarılıbsa, artıq 14 nəfərə real azadlıqdan məhrumetmə cəzası verilib”.

H. Aslanov axtarışda olanlarla bağlı məsələlərə də toxunub: "Axtarışda olan şəxslərin keçən il 50%-dən çoxunun tutulması təmin olunub. Bu günə respublika üzrə cəmi 19 şəxs axtarışda qalıb. Onların içində cəmi 4 nəfər (3-ü Türkiyə, 1-i İran vətəndaşı) əcnəbi vətəndaşdır. Bütün axtarılan şəxslər haqqında bütün məlumatlar idarə tərəfindən əldə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR