MM-in Komitə sədri: “Təhsil kreditləri çox vacibdir”

MM-in Komitə sədri: “Təhsil kreditləri çox vacibdir”
  • Clock-gray 14:18
  • calendar-gray 13 Mart 2020

“Təhsil kreditləri vacibdir, biz müvafiq dövlət qurumu ilə müzakirələr apararaq bu layihənin gündəmə gəlməsinə çalışmalıyıq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Qanunvericilik İşlər Planının müzakirəsi zamanı Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q. Paşayeva deyib ki, işğal altında olan ərazilərimizlə bağlı qanun layihəsinin qəbulunun vacibdir:

“Eyni zamanda distant təhsil genişləndirilməlidir. Eyni zamanda autizmli uşaqlarla bağlı məsələ də Milli Məclisin diqqətində olmalıdır. Autizmli uşaqların sayı getdikcə artır. Bu ailələr qanunverici orqandan dəstək gözləyir”.

Millət vəkili həmçinin bir sıra qəbul olunmuş qanunların və ya onların bir sıra maddələrinin bu günə qədər həyata keçirilməməsinin doğurduğu narahatlıqlar barədə də danışıb: “Həmin məsələlərlə bağlı müvafiq qurumlarla həmin qanunların və ya maddələrin işləməsi üçün ciddi müzakirələrə ehtiyac var. Qanunla qadağan olunsa da bu gün hər yerdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Qanunda öz əksini tapan bu məsələlərin həyata keçirilməsi istiqamətində qanunu həyata keçirməli olan qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir. Prezidentin 6-cı Çağırış Milli Məclisinin açılışındakı çıxışı, orada verilən önəmli mesajlar  hər birimiz üçün örnəkdir və çıxışında qaldırdığı məsələlərə də yaz sessiyası çərçivəsində baxılmalıdır”.  

Millət vəkili Sahib Alıyev bildirib ki, “İnformasiya haqqında”, Sosial Şəbəkələrlə bağlı qanun layihələri də Qanunvericilik İşlər Planına daxil edilməlidir: “Deputatların statusu məsələsinə yenidən baxılmalıdır. Təhlükəsizlik və Beynəlxalq Əlaqələr komitələrinin qapalı iclaslarına güc strukturlarının rəhbərləri və Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri də dəvət edilməlidir”.

 

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date