MM-in komitəsində Ombudsmanın illik hesabatının müzakirəsi zamanı müxtəlif təkliflər səsləndirilib

MM-in komitəsində Ombudsmanın illik hesabatının müzakirəsi zamanı müxtəlif təkliflər səsləndirilib
  • Clock-gray 18:55
  • calendar-gray 21 Aprel 2020

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsində keçirilən iclasda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatının müzakirəsi zamanı müxtəlif təkliflər səsləndirilib.

APA-nın məlumatına görə, komitə sədri Zahid Oruc bildirib ki, müvəkkil institutunun rəhbərliyində aparılan dəyişiklik insan hüquqları sahəsində yeni keyfiyyət mərhələsinə daxil olmağa imkan verəcək: “Qeyri-hökumət, həmçinin beynəlxalq təşkilatlarla əlaqələrin güclənməsinə yeni imkanlar yaranacaq. İnsan haqları mövzusunu siyasiləşdirərək onun ətrafında dövlətimiz əleyhinə xüsusi kampaniyalar aparanlara qarşı daha etibarlı sipər çəkməyə şərait yaranacaq, koordinasiyalı işlərə geniş imkan olacaq”.

Millət vəkili Hikmət Babaoğlu deyib ki, Milli Məclisin İnsan Hüquqları komitəsi və Ombudsman Aparatı birlikdə müəyyən yeni fəaliyyət istiqamətləri müəyyənləşdirməlidir: “Hazırda postmodernist cəmiyyətlər informasiya cəmiyyəti kimi xarakterizə olunur. İnformasiya platformasında informasiya istehsalçıların hüquqları ya istismar, ya manipulyasiya edilir, ya da təhrif olunur. Hazırda ölkəmizdə koronavirus təhlükəsinə qarşı çox ciddi mübarizə aparılır. Bununla bağlı xüsusi sosial izolyasiya tədbirləri həyata keçirilir. Təəssüf ki, bəzi radikal marginal qruplar bunu ictimai rəyə insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışır. Hətta bunu insan hüquqlarının məhdudlaşdırılması kimi beynəlxalq təşkilatların da diqqətinə çatdırmaq istəyirlər. Düşünürəm ki, bu bizim indiki mərhələdə aktuallaşdırmalı olduğumuz problemdir”.

Komitə sədrinin müavini Tahir Kərimli bildirib ki, bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməlidir: “O cümlədən, Ombudsman cari il qurtarandan sonra uzağı iki ay müddətində illik məruzəni təqdim etməlidir. Bir sıra müddəalar konstitusion olduğundan dəyişmək çətindir. Yəni, tutaq ki, növbədənkənar seçkilər olan zaman Ombudsmanın məruzəni nə vaxt təqdim etməsi ilə bağlı məsələ aydınlaşdırılmalıdır”.

Millət vəkili Ombudsmanın hesabatında erkən evlilik hallarının aradan qaldırılması üçün qızların nikah yaşının 16 deyil, 18 götürülməsi ilə bağlı qeyd etdiyi təkliflə razılaşmayıb: “Əvvəllər 16 yaşında qızların ailə qurulması ilə bağlı müəyyən məsələlər nəzərə alınırdı. Azyaşlı ilə qeyri-nikah münasibətində olanlar bəzi hallarda heç məsuliyyətə cəlb edilmirlər. Gender bərabərliyi adı altında bu məsələlərə belə yanaşma doğru deyil. Xahiş edirəm ki, Ombudsman bu məsələdə təkid etməsin və heç olmasa, 1 il güzəşt məsələsi qalsın. Bu, həm cinayətlərə yol açmamaq, həm də adət-ənənələrimiz baxımından vacibdir”.

Millət vəkili Fazil Mustafa isə Ombudsmanın İnsan Hüquqları komitəsində keçirilən iclaslarda iştirakının vacibliyini vurğulayıb: “Bu, həm komitənin, həm də Ombudsmanın özünün nüfuzu üçün vacibdir. Bu məruzədə əksini tapmayan kifayət qədər məqam var. Məhkəmə qərarları və məhkəmələrin fəaliyyəti ilə bağlı vətəndaşlara çox ciddi köməklik göstərilməlidir. Bizdə məhkəmə islahatları istiqamətində ölkə başçısı tərəfindən çox ciddi təşəbbüslər irəli sürülüb. Amma hələ də bu prosesin ən azı kadr dəyişikliyi istiqamətində bir az ləngiməsi məhkəmələrdə hələ də müəyyən qanunsuzluqların davam etdiyini göstərir. Ona görə bu istiqamətə xüsusi diqqət etməliyik. İkincisi, hərbi cinayətlərin statistikası mütləq şəkildə aparılmalıdır. Buna Ombudsman aparatı da xüsusi diqqət yetirməlidir”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Ombudsmanın hesabatda əksini tapmış təklifləri əhəmiyyətli adlandırıb: “Eyni zamanda məruzədə bəzi çatışmazlıqlar da var. Gələcəkdə məruzənin strukturuna başqa elementləri də daxil etmək yaxşı olardı. Məsələn, bəzi beynəlxalq təşkilatlar Azərbaycana yönəlik məruzələrlə çıxış edir. Gələcəkdə hesabatda bu məruzələrə münasibət bildirilsə, yaxşı olar. Eyni zamanda bu, həm də gələcəkdə Ombudsmanın məruzəsinə digər beynəlxalq təşkilatların diqqətinin artmasına səbəb olacaq. Məruzədə birləşmək və sərbəst toplaşmaq azadlığı hüququ ilə bağlı məsələlər yer almayıb. Bununla bağlı məsələlər bütün hallarda məruzədə yer almalıdır. Çünki beynəlxalq təşkilatlarda əsas fokuslaşma məhz bu hüquqlarla bağlıdır. Digər tərəfdən, indiyə qədər informasiyanın əldə edilməsi ilə bağlı Ombudsmana verilən hüquq icra olunmur. Çünki Maliyyə naziri buna vəsait ayırmır. Buna vəsait ayrılmaması, ştatların olmaması bu hüququn həyata keçirilməsinin qarşısını alır. Həmçinin, bəzi beynəlxalq konvensiyalara qoşulmaqla bağlı məsələ də var. Azərbaycanın qeyd-şərtlə İstanbul konvensiyasına qoşulması mümkündür. Bu, fundamental konvensiyadır. Digər tərəfdən, hesabatda ayrı-ayrı yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən insan hüquqlarının pozulması ilə bağlı qeydlər və təqdimatlar yoxdur”.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deputatların təklif və çıxışlarına münasibət bildirib və qeydlər aparıb.

Firuzə Vahid

Digər xəbərlər