MSK "Seçki günü üçün yaddaş" kitabçası hazırlayıb

MSK "Seçki günü üçün yaddaş" kitabçası hazırlayıb
  • Clock-gray 18:03
  • calendar-gray 23 Noyabr 2019

Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində "Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları ilə bağlı məlumatlarının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi  məqsədi daşıyır.

Nəşrdə MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yer alıb. Sədr müraciətində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsində məntəqə seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladır, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsində onlara uğurlar arzulayır.

Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması müfəssəl izah olunub.

Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanıb.

"Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date