MSK bələdiyyə seçkilərinin nəticələrini təsdiqləyib

MSK bələdiyyə seçkilərinin nəticələrini təsdiqləyib
  • Clock-gray 18:54
  • calendar-gray 11 Yanvar 2020

Bu gün Mərkəzi Seçki Komissiyası  (MSK) 2019-cu il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də baş tutub.

MSK sədri qeyd edib ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib: "Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olmaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 976 858 seçicinin adı seçici siyahısına daxil edilib. Seçki məntəqələrində seçici fəallığı 32.69% faiz olub (səsvermə hüququna malik 4 976 858 seçicidən 1 626 910 nəfəri səs verib). Seçilənlərin 72,5 %-nin partiya mənsubiyyəti var”.

MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsi barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 9  bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi (65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsi), 39 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb. Sənəddə yol verdiyi nöqsanlara görə eyni zamanda 12 məntəqə seçki komissiyası buraxılıb. Eyni zamanda  22 saylı Nəsimi II seçki dairəsi üzrə 5,6, 7 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 9 saylı, 24 saylı Nizami I seçki dairəsi üzrə 3,4 saylı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14 saylı,  69 saylı Cəlilabad-Masallı seçki dairəsi  üzrə 8, 10 saylı, 84 saylı Füzuli seçki dairəsi  üzrə 4 saylı, 111 saylı Zaqatala-Balakən seçki dairəsi  üzrə 3 saylı, 119 saylı Ağdam kənd seçki dairəsi  üzrə 13 saylı məntəqə seçki komissiyaları buraxılıb.

Müzakirələrdən sonra MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı yekdilliklə qəbul edilib.

Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date