Milli Məclis Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB

Milli Məclis Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB
  • Clock-gray 13:03
  • calendar-gray 13 Noyabr 2020

Milli Məclisin bu gün keçirilən iclasında Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə deyilir ki, son 100 ildən artıq dövrdə Azərbaycan xalqı “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş erməni şovinist dairələrinin etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinin fəlakətli nəticələrini mütəmadi yaşamalı olub.

Mərhələ-mərhələ həyata keçirilən bu siyasət ötən əsrin əvvəllərində Cənubi Qafqazda yüz minlərcə azərbaycanlının və digər xalqların  nümayəndələrinin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsinə gətirib çıxarıb.  Çar Rusiyasının süqutunun ardınca keçmiş İrəvan xanlığının (sonrakı İrəvan quberniyasının) ərazisində erməni dövləti yaradılıb. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur, Dərələyəz mahalı, Qazax qəzasının dağlıq hissəsi və digər yerlər Ermənistana verilib, nəticədə onun ərazisi 9 min kvadrat-kilometrdən 29,8 min kvadrat-kilometrə çatdırılıb. Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərcə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün 1923-cü ildə qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilib. Beləliklə, erməni şovinistlərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açılıb, Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyulub. 1948–1953-cü illərin zorakı deportasiyaları nəticəsində Ermənistan  SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulub, onların bütün əmlakı talan edilib.

Müraciətdə bildirilir ki, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq müharibəsinin gedişində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 20 mindən çox azərbaycanlı qətlə yetirilib, on minlərcə soydaşımız  yaralanıb və əlil olub. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınıb. İşğalçılıq müharibəsi zamanı erməni şovinistləri azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırım cinayətləri törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində əsrin ən dəhşətli faciələrindən biri baş verib. Soyqırım aktı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Müraciətdə vurğulanır ki, Ermənistan Respublikasının etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinə qarşı müqavimət cəbhəsi 1993-cü ilin iyun ayında böyük siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təşkil edilib. Ordu quruculuğu və silahlı qüvvələrin möhkəmləndirilməsi sahəsində görülən düşünülmüş tədbirlər Ermənistan hərbi birləşmələrinə ağır zərbələr endirməyə və işğal altında olan bəzi əraziləri, o cümlədən Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini azad etməyə imkan verib. Azərbaycanla silah dili ilə danışmağın daha mümkün olmadığını görən Ermənistan Respublikası 1994-cü ilin mayında atəşkəs imzalamağa məcbur olub. Beləliklə, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üçün mötəbər beynəlxalq təşkilatların köməyi ilə aparılan danışıqlara əlverişli şərait yaranıb, həmin təşkilatların qəbul etdikləri sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların müxtəlif illərdə qəbul etdikləri sənədlərdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb olunub, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiq edilib. Münaqişənin nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, yəni Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Fransanın dövlət başçıları dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Həmsədrlərin irəli sürdüyü və Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəlib. Ümumiyyətlə, uzun illər boyu aparılan danışıqlarda Azərbaycan tərəfi daim təmkinli davranaraq, sülh prosesinə sadiqlik nümayiş etdirib, işğalın aradan qaldırılmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına, didərgin düşmüş soydaşlarımızın  doğma yurdlarına qayıtmasına hər hansı şəkildə kömək göstərə biləcək bütün təkliflərə anlayışla yanaşıb. Təəssüf ki, münaqişənin həll edilməsi üçün göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Bu dövlətin rəhbərliyi cəzasız qalmasından, bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrin dəstəyindən istifadə edərək, aparılan danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarının işğalını əbədiləşdirmək üçün müntəzəm cəhdlər göstərib. 

Müraciətdə qeyd edilir ki, 2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat sülh prosesinə ciddi zərbə vurub. Azərbaycanın ön mövqelərinin və cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrinin güclü artilleriya atəşinə tutulması nəticəsində 2 nəfər dinc sakin həlak olub, 10 nəfər yaralanıb. Azərbaycan Silahlı Qüvvələri əhalinin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olub. Dörd gün davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. Təəssüf ki, 2016-cı ilin aprel döyüşlərindən dərs almayan Ermənistan  rəhbərliyi pozuculuq hərəkətlərindən əl çəkməyib. 2018-ci ilin aprelində Ermənistanda baş verən “məxməri” inqilabdan və hakimiyyət dəyişikliyindən sonra Azərbaycana qarşı təxribatlar daha geniş vüsət alıb. Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut ediblər ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür. Dağlıq Qarabağda yaradılmış qondarma rejimin başçısının Şuşada “andiçmə” mərasiminin keçirilməsi, oyuncaq qurumun  “parlamentinin” Şuşaya köçürülməsi, işğal olunmuş ərazilərə Ermənistandan yeni yol çəkilməsi, qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, danışıqları davam etdirmək üçün Azərbaycan qarşısında üzdəniraq “7 şərt” qoyulması, Ermənistanın dövlət başçısının irəli sürdüyü  “Qarabağ Ermənistandır və nöqtə”, Ermənistan müdafiə nazirinin səsləndirdiyi “yeni ərazilər üçün yeni müharibə” iddiaları işğalçı dövlətin rəhbərliyinin əsl niyyətlərini üzə çıxarıb. Bu məsuliyyətsiz davranış və bəyanatlara beynəlxalq təşkilatlar, eləcə də işğalçını sülhə sövq etməli olan Minsk qrupunun həmsədr ölkələri tərəfindən heç bir münasibət bildirilməməsi Ermənistan Respublikasının daha çox əl-qol açmasına gətirib çıxarıb. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəsi kobudcasına pozaraq, cəbhə xəttindən uzaqlarda, dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini artilleriya atəşinə tutmağa başlayıblar. İriçaplı toplardan, raket qurğularından, müxtəlif növ atıcı silahlardan və zirehli texnikadan istifadə edən Ermənistan silahlı qüvvələrinin həmlələri  iyulun 16-dək davam edib. Düşmənin silahlı təcavüzünün qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi cəza tədbirləri nəticəsində işğalçıların müxtəlif təyinatlı hərbi texnikası, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliyindəki ehtiyatları və yüzlərcə canlı qüvvəsi məhv edilib. Azərbaycanın yeni ərazilərini  işğal etmək üçün düşmənin göstərdiyi bütün cəhdlərin qarşısı qətiyyətlə alınıb. 2020-ci ilin avqustun 23-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd edib. Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alınıb, təxribat qrupunun başçısı yaxalanıb. 

Son illərdə Azərbaycan Ordusundan aldığı qüvvətli zərbələrdən lazımi nəticələr çıxarmayan Ermənistan rəhbərliyi 2020-ci il sentyabrın 27-də növbəti planlaşdırılmış  təxribata əl atıb. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar olub: "Qeyd edilməlidir ki, Ermənistanın bu xaincəsinə hücumu işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquqa saymazyana münasibətinin növbəti təzahürü, Azərbaycanla aparılan sülh danışıqlarını pozaraq münaqişəni öz xeyrinə birdəfəlik həll etmək niyyətinin yeni ifadəsi olub.  Düşmənin hücumunun cavabında Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinə uyğun özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək məqsədi ilə əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən əməliyyat gedişində möhtəşəm qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapıb. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılıb, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilib, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, ümumən 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad edilib. Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatıb. Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu dərk edən düşmən məğlubiyyətini etiraf edərək diz çöküb.  2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə,  Azərbaycan torpaqlarının işğalına son qoyub, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim edib. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edilib. Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılacaq. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu 5 il müddətinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır və bu mərkəzdə Rusiya və Türkiyə hərbi qulluqçularının birgə fəaliyyəti nəzərdə tutulur. Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək.  Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıdacaqlar. Hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək. Bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin  və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.  Tarixi əhəmiyyət daşıyan bu bəyanat çoxillik münaqişə və müharibədə Azərbaycan xalqının şanlı qələbəsini təcəssüm etdirir. Tarixi ədalət öz yerini tutur, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunur.   Bu möhtəşəm qələbəyə görə, möhtərəm cənab Prezident, Sizə sonsuz  minnətdarlığımızı bildiririk. Sizin uzaqgörən rəhbərliyiniz ilə Azərbaycan Respublikasının böyük iqtisadi potensialı yaradılmış, müasir hərb nəzəriyyəsinin və praktikasının tələblərinə cavab verən güclü Azərbaycan Silahlı Qüvvələri qurulub. Sizin dəmir iradəniz, sarsılmaz əzminiz və lider qətiyyətiniz sayəsində həm döyüş meydanında, həm də danışıqlar masasında parlaq nailiyyət qazanılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları və prinsipləri əsasında başa çatdırmaqda, tarixi düşmənə qarşı əsrlik mübarizədə məğlubiyyət  sindromunu aradan qaldırmaqda öz inamı, hörməti, məhəbbəti və dəstəyi ilə kömək etmiş əziz xalqımız, sizi böyük Qələbə münasibəti ilə ürəkdən təbrik edirik.  Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikası daha yüksək sürətlə inkişaf edərək, qüdrətli dünya  dövlətlərindən birinə çevriləcək. Biz bu yolda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzulayırıq.  Eşq olsun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə! Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.

Müraciət səsə qoyularaq qəbul edilib.

***

12.44

Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edir.

APA-nın məlumatına görə, Milli Məclisin üzvü Nigar Arpadarai Milli Məclis adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciəti təqdim edir.

Firuzə Vahid

Digər xəbərlər