Milli Məclisin iki komitəsinin birgə iclasında ictimai dinləmələr keçirib

Milli Məclisin iki komitəsinin birgə iclasında ictimai dinləmələr keçirib
# 06 may 2020 15:41 (UTC +04:00)

Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirdiyi iclasda ictimai dinləmələr keçirib.

APA-nın məlumatına görə, ictimai dinləmələr "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinin üçüncü oxunuşda müzakirə edilməsi ilə bağlıdır.

İctimai dinləmədə hər iki komitənin sədrləri və üzvləri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva və digərləri iştirak ediblər. İctimai dinləmələr zamanı qanun layihələrinə təklif edilən dəyişikliklər geniş müzakirə edilib.

İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, bu qanun layihəsinin birinci oxunuşu zamanı Milli Məclisin plenar iclasında çoxlu fərqli yanaşmalar, iradlar, təkliflər səsləndirilib:

“Milli Məclisin sədri Sahibə Qafarova isə bu ətrafda ictimai dinləmənin fayda verməsi ilə bağlı öz fikrini bildirdi. Bugünkü iclas Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş) və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub”.

Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir sıra hallarda qanunvericilik aktlarının yaranması səbəbi qüvvədə olan qanunun digər qanunlarla uyğunlaşdırılması olur:

“İlkin işçi qrupunun təqdim etdiyi layihədə ancaq cərimə sanksiyaları nəzərdə tutulurdu.

Bu qanunlarda olan normalar sadəcə ölkə prezidentinin fərmanın auyğunlaşdırma xarakteri daşıyır. Burada yeni heç bir norma fikirləşməmişik. Işçi Qrupunun işi mövcud qanunları fərmana uyğunlaşdırmaqdan ibarət olub”.

İşçi Qrupunun üzvü Hacı Mirhəşim Seyid həyata keçirilən işlərlə bağlı iclas iştirakçılarına məlumat verib. O bildirib ki, müzakirə zamanı bir sıra məsələlər ortaya çıxıb:

"“Dövlət dili haqqında” qanunda göstərildiyi kimi Azərbaycan dilinin normaları dedikdə dilin orfoqrafik və orfoepik normaları nəzərdə tutulur. Burada da biz Azərbaycan ədəbi dilinin orfoqrafik və orfoepik normalarını əsas götürmüşük. Prezidentin fərmanlında göstərildiyi kimi Monirorinq mərkəzinin təşkilinin də əsas məqsədi ədəbi dil normalarının qorunmasından ibarətdir. Burada deputatların təklifi ilə birinci halda qanun pozuntuları baş verəndə xəbərdarlıq ediləcək. Belə olan halda isə sui-istifadə hallarına gətirib çıxara bilər. Amma qanun pozuntusu baş verəndə müvafiq akt tərtib ediləcək amma cərimə tutulmayacaq. Həmin şəxsə müəyyən vaxt veriləcək və bui vaxt ərzində həmin şəxs xətanı aradan qaldırsa, həmin cərimədən azad olunacaq”.

Zahid Oruc isə bildirib ki, bu qanun layihəsinin qəbulu ilə bağlı media məkanında çox fərqli yanaşmalar mövcuddur və fərqli formalarda təqdim olunur:

“Qeyd edim ki, qəbul edəcəyimiz qanun layihəsi şivəyə qarşı deyil. Bu qanunun hədəfi şivələrlə bağlı deyil. İkinci səsləndirilən fikir bu qanunun siyasi nəticələr doğuracağı ilə bağlı idi. Bu da yanlışdır”.

Millət vəkili Hikmət Babaoğlu isə təklif edib ki, qanun layihəsində təklif edilən cərimələr minimum əməkhaqqı ilə ekvivalentdə götürülsün:

“Bu gün çox aktual və vacib məsələni müzakirə edirik. Təklif edərdim ki, cərimələr minimum əməkhaqqının iki misli, üç misli və yaxud yarı misli şəklində təqdim edilsin. Belə olan halda gələcəkdə manatla bağlı hər hansı proseslər baş. Verərsə, yenidən bu qanuna dəyişikliklər etmək ehtiyacı yaranmasın”.

Millət vəkili Nizami Cəfərov bildirib ki, dil hər zaman hüququn predmeti olub:

“Məsələnin konkret aktual tərəfi qanunlara təklif edilən dəyişiklikdə dövlət dili normaları anlayışını ədəbi dilin normaları anlayışı ilə sinonim işlədək. Dilin saflığının qorunması dünyada mövcud problemdir. "Dövlət dili haqqında" qanuna bununla bağlı maddə əlavə etməliyik. Bu gün dilimizdə leksik normalarda problem var. Qrammatik normalara heç kim toxunmur. Azərbaycan dili iltisaqi dildir. Amma leksika açıqdır. Bura dəyişikliklər etmək mümkündür. Lüğət tərkibinə ən müxtəlif dillərdən söz gələ bilər. Buna görə də bu gün dilimizdə Azərbaycan mənşəli sözləri azalıb. Dilin normalarının pozulmasına görə cərimələrin tətbiqi bütün xalqlarda var. İngilislər də hətta televiziyalarda sözləri düzgün tələffüz edilməməsinə görə cərimələr tətbiq etmişdilər”.

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, dilə yeni sözlərin daxil olmasına imkan vermək lazımdır:

“Bu gün mövzunun predmeti üzərində doğru mühakimə yürütmürük. Dilin statusu ilə dilin saflığı terminləri ayrılmalıdır. Bu gün dilin statusunun siyasi baxımdan qorunmasının aktuallığlnı müzakirə etməliyik. Prezidentin də istədiyi odur. Biz bu gün qapımıızı açmalıyıq ki, dilimizə yeni elementlər daxil olsun. Demokratiya, demoqrafiya kimi sözləri hansı sözlə əıvəz edək?! Bu gün Azərbaycan dilinin təkmilləşməsinin tək yolu orfoqrafiya və orfoepiya lüğəti hazırlamaq deyil, tərcümə mərkəzinin inkişafına nail olmaqdır. Dili qapalı tutmaqla məsələni həll etmək mümkün deyil”.

Millət vəkili Tahir Kərimli isə bildirib ki, mənəvi, mədəni kateqoriyalara cərimələrin tətbiq edilməsini düzgün hesab etmir:

“Bu insan haqlarının pozulması və ifadə azadlığınıln məhdudlaşdırılmasıdır.

Digər tərəfdən, hər hansı dövlət xadimi yaxud nazirin dövlət televiziyasında dövlət dilində nə danışdığı bəlli olmur. Bu zaman onu kim cəzalandıracaq?! Ədəbi dillə dövlət dili məsələsinə toxunaq. Hansı şivədə danışmasından asılı olmayaraq Azərbaycan coğrafiyasında yaşayanların danışdığı dil Azərbaycan dilidir. Bu adama deyə bilməzsən ki, sən dövlət dilində danışmırsan! Bizim ədəbi dilimiz uzun müddətdir formalaşıb”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, dil xalqın sərvətidir, varlığıdır, kimliyidir:

“Bu tədbirin keçirilməsini yüksək qiymətləndirirəm. Bəziləri düşünür ki, dilin saflığını yalnız Dilçilik İnstitutu qorumalıdır. Bu, yanlış fikirdir. Bu, elmi-tədqiqat qurumudur və vəzifəsi dilin saflığının qorunmasının monitorinqini keçirməkdir. Dili hər kəs qorumalıdır”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, televiziyaya aparıcıların qəbul edilməsi prosesində Dilçilik İnstitutunun da iştirak etməsi təklifi ilə vaxtında çıxış ediblər.

Qanun layihələri müzakirələrdən sonra üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR