Millət vəkili: “Avropa Şurası Azərbaycana qarşı ikili standartlardan çıxış edir, riyakar mövqe ortaya qoyur”

Millət vəkili: “Avropa Şurası Azərbaycana qarşı ikili standartlardan çıxış edir, riyakar mövqe ortaya qoyur”
  • Clock-gray 15:34
  • calendar-gray 06 İyun 2020

“Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. O cümlədən dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında da vasitəçi kimi çıxış etmiş Azərbaycanın nüfuzu ermənipərəst, azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz. Prezident İlham Əliyev də iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Avropa Şurasının timsalında Azərbaycanın artan nüfuzuna qısqanc münasibətə diqqət çəkdi”. 

Bunu APA-ya açıqlamasında Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib. 

M. İbrahimqızı deyib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qondarma xunta rejiminin keçirdiyi saxta “prezident və parlament seçkiləri”ni heç bir dövlət tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınayıb. Ancaq Avropa Şurası həmin beynəlxalq təşkilatların sırasına qoşulmayıb: “Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev bütün təhdid və təzyiqlərə qarşı qətiyyətli mövqe ortaya qoyur, müstəqil siyasət həyata keçirir. Ona görə ermənipərəst Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı”.

Millət vəkili 1992-ci ildən bu günə qədər Ermənistan dövlət başçılarının Azərbaycana qarşı təcavüzkarlıq, status-kvonu qorumaq, torpaqların işğalını qanuniləşdirmək cəhdi, o cümlədən beynəlxalq aləmdə humanitar dövlət imici ilə tanınmağa çalışmaq məsələsində eyni mövqeyə malik olduqlarına diqqət çəkib: “O cümlədən hər zaman Azərbaycanı təxribata çəkməklə işğalçılıq və təcavüzkarlıq siyasətlərini ört-basdır etməyə cəhd ediblər. Çünki bir çox beynəlxalq təşkilatların sənədlərində Ermənistan işğalçı dövlət kimi əksini tapır. Martın 31-dəki işğal olunmuş ərazilərimizdəki “seçki şousu” da növbəti təxribat xarakterli hərəkət idi. Azərbaycan övladları torpaqlarını işğaldan qorumaq uğrunda şəhid olublarsa, Ermənistanda anaların övladları işğalçılıq siyasətinin qurbanı olublar. Təcavüzkar Ermənistan və qondarma rejimin rəhbərləri bilirlər ki, gec-tez həmin analar övladlarının Azərbaycan torpaqlarının işğalı uğrunda ölmələrinə görə ayağa qalxacaqlar. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda yoxsulluq yüksək səviyyədədir, xalqın durumu ağırdır. Hakimiyyətə gələrkən böyük vədlər verən, ancaq bu vədlərini həyata keçirməkdə aciz qalan, o cümlədən Qarabağ məsələsinin ona aidiyyatı olmadığını, Ermənistanın problemlərinin həlli ilə məşğul olacağını bəyan edən Nikol Paşinyan isə belə təxribatlarla xalqın başını qatmağa çalışır”.

Azərbaycanın koronavirus pandemiyasına qarşı uğurla mübarizə apardığını, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq bu dövrdə də sosial layihələrin həyata keçirilməsində heç bir ixtisara yol verilmədiyini söyləyən M. İbrahimqızı Prezident İlham Əliyevin iştirakı ilə bir çox müəssisə və obyektlərin açılışının həyata keçirildiyini qeyd edib. Prezident İlham Əliyevlə birlikdə Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyəti, humanitar sahədə təşəbbüsləri də göz önündədir: “Prezident İlham Əliyevin sərhəd bölgəsinə səfəri, bir sıra obyektlərinin açılışında iştirak etməsi və mesajları təbii ki, KİV-lər və sosil şəbəkələr vasitəsi ilə işğalçı dövlətin rəhbərliyi və erməni xalqı tərəfindən də izlənir. İşğalçı dövlətin büdcəsi əsasən erməni lobbisi və Azərbaycan torpaqlarının işğalında maraqlı olan Ermənistanın havadarlarının dəstəyi ilə formalaşır. Lakin bu dəstək hesabına formalaşan büdcə də erməni xalqının sosial problemlərinin həlli üçün yetərli deyil, Ermənistan daxilində sosial narazılıq artır. Azərbaycanın uğurlu inkişafı fonunda Ermənistanda yaranan bu durum isə Ermənistanın havadarlarını da narahat edir ”.

Millət vəkili ermənipərəst qüvvələrin fəal olduğu Avropa Şurasının Azərbaycana münasibətdə hər zamani kili standartlardan çıxış etdiyini, 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarını görməzdən gəldiyini, ancaq zaman-zaman ölkəmizdə qanun çərçivəsində atılan bir sıra addımları insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışdığını vurğulayıb: “ABŞ-da qara dərililərlə bağlı son olay qarşısında əsas missiyası insan hüquqlarını qorumaq olan Avropa Şurasının susqunluğu bir daha bu təşkilatın riyakarlığını, insan hüquqları, söz və ifadə azadlığının sadəcə, bir sıra dövlətlərə təzyiq etmək üçün bir vasitə olduğunu təsdiqlədi. Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının Ermənistanın işğalçılıq siyasətinə qəti münasibət bildirməməsi, işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insanın hüquqları pozulmasına susması da təsadüfi deyil. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən seçki şousuna münasibət bildirməməsi də qərəzli və riyakar mövqeyini göstərir”.

M. İrahimqızı bildirib ki, koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət Azərbaycanın ləyaqətli dövlət olduğunu bir daha nümayiş etdirdi: “Yeri gəlmişkən, Avropa ölkələrində koronavirus pandemiyası başlayan zaman Çindən Almaniyaya göndərilən tibbi ləvazimatlar Avropanın digər ölkəsi tərəfindən oğurlandı. İtaliya və İspaniyaya pandemiyanın ağır dövründə Avropa İttifaqının  digər inkişaf etmiş ölkələri yardımlarını əsirgədilər. Digər tərəfdən, son dövrlər Avropa ölkələrində aksiyalara zorakı münasibət də göz önündədir. Ancaq bu hallarda da Avropa Şurası susub. Bütün bunlar göstərir ki, həmin dövlətlər bizə nümunə ola bilməz. Digər tərəfdən, koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə atılan addımlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə ilk dəfə videkonfrans formatında Türk Şurasının, 120-dən artıq dövləti öz sıralarında birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri keçirildi, qlobal çağırışlara birgə cavab verilməsi təşəbbüsü ortaya qoyuldu. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə BMT Baş Katibinin müraciətinin səslənməsi, videkonfrans formatındakı bu tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Avropa İttifaqı və Afrika İttifaqının ali nümayəndələrinin iştirakı Prezident İlham Əliyevin nüfuzunun, Azərbaycana münasibətin göstəricisidir.  Azərbaycan kiçik ölkə olsa da, koronavirus pandemiyası ilə mübarizədə 20-ə yaxın ölkəyə yardım göndərib, üç beynəlxalq təşkilata maliyyə ayırıb. Bütün bunlar bir daha Azərbaycanın dünyanın ən humanist və ən sülhpərvər dövlətlərdən biri olduğunu təsdiqləyir. Bu aspektdə Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə çalışır, münaqişənin sülh yolu həlli imkanlarının hələ tükənmədiyini bildirir. Baxmayaraq ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordusudur, Azərbaycan ordusunun gücünü 2016-cı ilin aprelində bütün dünya, işğalçı Ermənistan və ermənilərin havadarları gördü, biz münaqişənin sülh yolu ilə həllinə cəhd edirik.  Bunun özü də sülhə bir töhfədir”.

Millət vəkili uğurlarımızın Ermənistan və Ermənistanı dəstəkləyən dövlətləri daha da qıcıqlandırdığını vurğulayıb: “Bir məqamı da xüsusi qeyd edim. Müxtəlif yollarla təzyiq cəhdinə baxmayaraq, Prezident İlham Əliyev hər zaman bu təzyiqləri dəf edib, Dağlıq Qarabağ məsələsində güzəştə gedilməyəcəyini, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını bəyan edib. Bu, birmənalı və qəti mövqedir. Buna görə də Avropa Şurası kimi qurumlar, dairələr Azərbaycana qarşı ikili standartlardan çıxış edir, riyakar mövqe ortaya qoyur. Ümumiyyətlə, Azərbaycana tarix boyu təzyiqlər olub və ayrı-ayrı mərhələlərdə güzəştə gedilib. Amma Prezident İlham Əliyev birmənalı olaraq Dağlıq Qarabağ məsələsində güzəştə gedilməyəcəyini, bir qarış torpaqdan da vaz keçilməyəcəyini bəyan edib ”.

apa-logo-mini

Digər xəbərlər