Millət vəkili: “Azərbaycan diasporunun həmrəyliyi və gücü qarşısında erməni lobbi qrupları aciz qaldı”

Millət vəkili: “Azərbaycan diasporunun həmrəyliyi və gücü qarşısında erməni lobbi qrupları aciz qaldı”
# 02 avqust 2020 11:51 (UTC +04:00)

“İyulun 12-də işğalçı Ermənistanın silahlı bölmələri tərəfindən növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz istiqamətində mövqelərimiz ağır artilleriyadan və minaatanlardan atəşə tutulmağa başladı və bir neçə gün davam edən döyüşlərdə şanlı Azərbaycan ordusu Ermənistan ordusuna ağır zərbə vurdu”.

Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

C. Osmanov deyib ki, bu döyüşlərdə şəhidlərimiz olub və Allah bütün şəhidlərimizə rəhmət etsin: “Ermənistan tərəfə isə daha ağır, daha ciddi zərbələr endirildi. Azərbaycan Ordusu Ermənistan Ordusunun çoxlu sayda texnikası və canlı qüvvəsini məhv etdi. Müharibə isə həm də informasiya cəbhəsində genişləndi. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın diaspora nümayəndələrinə müraciət etdi. Mehriban Əliyevanın müraciətindən sonra dünya azərbaycanlıları daha mütəşəkkil şəkildə birləşərək, birlik, həmrəylik nümayiş etdirərək dünyanı müxtəlif ölkələrində dinc, qanuni aksiyalar keçirdilər, Ali Baş Komandan, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna, əsgərlərimizə dəstək nümayiş etdirdilər, işğal altındakı torpaqlarımızın işğaldan azad olunmasını tələb etdilər. Bu, qürurverici bir mənzərə və Mehriban Əliyevanın müraciətinə adekvat reaksiya idi. Erməni diasporunun, erməni lobbi qruplarının təxribatlara əl atacağını nəzərə alaraq, Birinci vitse-prezident diasporumuzu təxribatlara uymamağa və aksiyaları dinc, hüquqi müstəvidə keçirməyə çağırdı”.

Millət vəkili Ermənistan və erməni diasporunun, lobbisinin müxtəlif təxribatlara əl atdığını qeyd edib: “Bir məqamı da təəssüflə qeyd etmək lazımdır. Bu proseslər zamanı xaricdəki antimilli ünsürlərin erməniləri müdafiə etməsinin də şahidi olduq. Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli kimilər, Milli Şura ətrafında birləşənlər birbaşa Ermənistana, ermənilərin maraqlarına xidmət etdiklərini ortaya qoydular. Etnik terrorizmin bir forması kimi özünü büruzə verən erməni terrorizminin bu yolla dəstəklənməsi qəbuledilməzdir. Həmin ünsürlər erməni tərəfinin vandalizmini, təxribatlarını müdafiə edir, baş verənlərə görə Azərbaycan tərəfini günahlandırmağa çalışırdılar. Özlərinə məxsus İnternet kanallarında, verdikləri müsahibələrdə təkrar-təkrar deyirdilər ki, günah Azərbaycan tərəfdə, azərbaycanlılardadır. Bununla da iç üzlərini açdılar. Beləliklə, Ermənistan tərəfdən, Əli Kərimlidən aldıqları göstərişləri yerinə yetirdilər. Göz önündə idi ki, Ermənistan informasiya savaşında hansı tezislərdən çıxış edirdisə, həmin antimilli ünsürlər də məhz o tezislərdən çıxış edirdilər”.

C. Osmanov Azərbaycan diasporunun həmrəyliyi və gücü qarşısında erməni lobbi qruplarının aciz qaldığını, zorakı addımlara və nifrətə əsaslanan cinayətlərə əl atdıqlarını söyləyib: “Diqqət çəkən məqamlardan biri ermənilərin ASALA terror təşkilatı ilə bağlı oldu. Yaxın tarixdə türk diplomatlara hücumları ilə gündəmə gəlmiş ASALA terror təşkilatı bir daha ortaya çıxdı. ASALA terror təşkilatının adı yazılmış köynəklər geyinmiş qrupların azərbaycanlılara hücumu, xüsusi zorakılığa, vəhşiliyə yol vermələri nifrətlə qarşılanmaya bilməzdi. Los-Ancels, Vaşinqton, Brüssel və digər şəhərlərdə soydaşlarımıza, hətta diplomatik korpuslarımıza hücumlar oldu. Soydaşlarımız belə təxribatlara qarşı hüquqi müstəvidə reaksiya verdilər və bütün dünya erməni vandalizminin şahidi oldu. Həmin ölkələrinin, xüsusilə ABŞ-ın məhkəmə-hüquq orqanları tərəfindən hadisəyə nifrət, cinayət kimi qiymət verilib. Erməni lobbi dairələrinin, ASALA-nın Azərbaycan diplomatik nümayəndəliklərinə təşkil etdikləri hücumlar amerikalılara ABŞ-ın Liviyada (Benqazi) baş konsulluğuna olan hücumu xatırlatmaya bilməzdi. ABŞ Nümayəndələr Palatasında qəbul edilən sənəddə də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi təsbit olundu”.

Millət vəkili Ermənistan Baş nazirinin diasporla işə məsul nazirliyin aparıcı və məsul işçilərini işdən çıxarmasının da diaspor sahəsində uğursuzluğun nəticəsi olduğunu vurğulayıb: “Beynəlxalq təşkilatların, dünya dövlətlərinin əksəriyyəti Ermənistanın işğalçılıq siyasətinə etirazlarını bildirdi. Çünki Ermənistanın işğalçılıq siyasətini, ermənilərin vandalizmini bir daha gördülər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR