Millət vəkili: "Həssas əhali qruplarının rəqəmsallaşmaya hazırlığına xüsusi fikir verilməlidir"

Millət vəkili: "Həssas əhali qruplarının rəqəmsallaşmaya hazırlığına xüsusi fikir verilməlidir"
# 09 aprel 2020 17:20 (UTC +04:00)

Rəqəmsallaşmanın sürətlə artacağı postpandemiya dövründə əhalinin həssas qruplarının dəyişikliklərə hazırlığına xüsusi diqqət yetirilməlidir”.

Bunu APA-ya açıqlamasında millət vəkili Məzahir Əfəndiyev deyib.

O bildirib ki, artıq postpandemiya dövründə yaşadığımız dünyanın əvvəlki kimi olmayacağı heç kimə sirr deyil: "Yeni düzəni xarakterizə edən əsas xüsusiyyətlərdən biri də rəqəmsallaşma tendensiyalarının artımı olacaq. Ölkəmizin bu qlobal çağırışa hazırlığının yüksək səviyyədə təmin edilməsi hətta hazırki böhrandan öncə də dövlət gündəliyində mühüm yer tutur və hökümət tərəfindən bu istiqamətdə ardıcıl addımlar atılırdı. Bu məcrada Prezident İlham Əliyevin şəxsi iradəsi nəticəsində bu il keçirilən Davos Dünya İqtisadi Forumunda Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması barədə imzalanan niyyət protokolunu xüsusilə vurğulamaq olar. Bu əlamətdar hadisə və onun gələcək müsbət təsirləri dövlət rəhbərliyinin ölkəmizi bu dəyişikliyin hərəkətverici qüvvələrindən birinə çevirmək istəyindən irəli gəlir. ​Lakin sürətlə artan rəqəmsallaşma tempində bir neçə məsələyə, o cümlədən həssas qrupların rəqəmsallaşmaya hazırlığı və regional inkişaf perspektivi baxımından rəqəmsallaşmanın tarazlığının təmin edilməsinə xüsusi diqqət yetirilməlidir. Bu iki aspekti vurğulamam hazırkı vəziyyətdən öyrəndiyimiz bəzi təcrübələrlə bağlıdır. Məsələn, ən sadə misallardan biri kimi həssas qrupa aid etdiyimiz yaşlı nəslin nümayəndələrinin internet vasitəsilə geniş yayılmış müxtəlif xidmətlərdən istifadə və yararlanmaq bacarığının aşağı və yaxud heç olmamasıdır. Bu əhali qrupunun bir hissəsinin həmin xidmətlər haqqında təəssüratı yoxdur, onlar müxtəlif müasir anlayışlar haqqında eşidəndə nədən söhbət getdiyini belə anlamırlar. Vəziyyət demək olar ki, əksər dövlətlərdə belədir. Və yaxud tarazlılığın təminatı baxımından müxtəlif onlayn xidmətlərin regionlarda yayılma səviyyəsini və populyarlığını öyrənmək yerinə düşərdi. Nəticə çox güman ki, bu xidmətlərdən istifadənin populyarlığının aşağı olduğunu göstərəcək. Bu faktorlar inkişafın qeyri-barəbərsizliyinə yol aça bilər. Təkcə bu sadə misalları nəzərə alaraq, rəqəmsallaşmada regional tarazlığın qorunmasını və hər bir əhali qrupunun bu dəyişikliyə hazır olmasını daim gündəlikdə saxlamaq lazımdır. Bu, eyni zamanda, 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinin 10-cu Məqsədi olan bərabərsizliklərin azaldılması məqsədinin çağırışlarına xidmət etmiş olacaq.

Millət vəkili qeyd edib ki, Prezidentin bilavasitə rəhbərliyi altında regionların inkişafı üzrə inanılmaz nəticələr əldə olunması danılmaz faktdır: "Xüsusilə 2004-cü ildən icra olunaraq dörd illik dövrləri əhatə edən və hazırda 2023-cü ilədək davam edəcək “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları” nəticəsində əldə olunan uğurları qeyd etmək olar. Bu Proqramlar çərçivəsində görülmüş mərhələli işlər nəticəsində regionlarda şəhər və kəndlərin siması köklü şəkildə dəyişib, infrastruktur təminatı və kommunal xidmətlərin keyfiyyəti yüksəlib, regionların iqtisadi potensialı və əhalinin rifah səviyyəsi artıb. Bununla belə, rəqəmsallaşma və onun gətirəcəyi dəyişikliklərin miqyası, həcmi və mürəkkəbliyi bəşəriyyətin bütün əvvəlki təcrübələrindən ciddi şəkildə fərqlənir.

Bu dəyişiklik kontekstində əhalimizin üzərinə böyük iş düşür. Bu məqsədlə xüsusilə əhalinin yuxarı yaş kateqoriyalarının üzvlərinə inkişaf terminologiyası ilə desək, “lifelong learning”, yəni “həyatı boyu öyrənmə” yanaşmasının aşılanması çox yaxşı olardı. Bu, onların yeni düzənə uyğunlaşma tempini xeyli asanlaşdıracaq.

Eyni zamanda, alternativ və digər ölkələrin təcrübəsində özünü sınamış kompleks tədbirlərə də diqqət yetirmək olar. Bunlardan biri kimi “ərazi-əsaslı inkişaf” yanaşmasının (“area-based development” approach) ölkəmizdə mümkün tətbiqi öyrənilə bilər.

M. Əfəndiyev diqqətə çatdırıb ki, koronavirus pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması məqsədilə hazırlanmış geniş əhatəli dövlət dəstəyi proqramlarının əsas özəlliklərindən biri onların Azərbaycanın böhrandan sonra hədəflədiyi iqtisadi modelin ehtiyaclarına və şərtlərinə uyğun olaraq hazırlanmasıdır: "Müvafiq nəticələri inkişaf planlarına inteqrə etmək uzunmüddətli inkişaf baxımından ölkəmizin maraqlarına xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR