Millət vəkili: “İqtidarın niyyəti Azərbaycanda çoxpartiyalı sistemin inkişaf etməsidir”

Millət vəkili: “İqtidarın niyyəti Azərbaycanda çoxpartiyalı sistemin inkişaf etməsidir”
  • Clock-gray 16:36
  • calendar-gray 14 Mart 2020

“Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində ölkəmizdə çoxpartiyalı parlament formalaşıb”. 

Bunu APA-ya açıqlamasında millət vəkili Elman Nəsirov bildirib. 

E. Nəsirov deyib ki, bu, Azərbaycanın demokratik inkişaf yolunda çox mühüm bir amildir: “O da bəllidir ki, ölkəmizdə çoxpartiyalı sistemin inkişafı istiqamətində də çox ciddi addımlar atılmaqdadır. Bu addımlardan biri kimi parlamentin və komitələrin rəhbərliyində Yeni Azərbaycan Partiyası ilə bərabər azlıqdakı partiyaların və bitərəflərin nümayəndələrinin təmsil olunmasıdır. Bu gün Milli Məclisin Vitse-spikeri müxalif partiyanın nümayəndəsidir. Əksər komitələrin sədr müavinləri də müxalif partiyaların təmsilçiləridir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda iqtisadi, sosial və məhkəmə-hüquq sistemində islahatlarla bərabər siyasi islahatların da həyata keçirilməsi istiqamətində ciddi addımlara start verilməkdədir. Ölkəmizdə genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Əks təqdirdə islahatlar öz mahiyyətini dəyişmiş olar. Bu məntiqdən çıxış edərək Prezident İlham Əliyev VI Çağırış Milli Məclisin ilk iclasında xüsusilə vurğuladı ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz, yalnız hakim partiya dialoq apara bilməz. Çünki dialoq üçün tərəfmüqabillər lazımdır və ilkin təəssürat müsbətdir”. 

Millət vəkili nəzərə çatdırıb ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən siyasi partiya rəhbərləri, eyni zamanda müxalifət kəsimini təmsil edən partiya sədrləri ilə mütəmadi görüşlərin keçirilməsinə başlanıb: “Bu görüşlər tanışlıq xarakteri kəsb etsə də, bütövlükdə artıq hakimiyyətlə müxalif partiyalar arasında siyasi dialoqun başlamasını təsdiqləyir. Demək olar ki, Azərbaycanın siyasi palitrasını müəyyən edən bütün siyasi partiyaların, həm iqtidar yönümlü, həm də müxalif partiyaların nümayəndələri bu görüşlərdə iştirak edirlər. Hər iki tərəfin ilkin təəssüratı müsbətdir. Yeganə bu danışıqlardan imtina edən tərəf qismində Azərbaycan Xalq Cəbhəsi Partiyası və bu partiyanın rəhbərliyi çıxış edir. Onların irəli sürdüyü ilkin şərtlər dialoqun aparılmasına maneə yaradır. Prezident İlham Əliyev çıxışında bu məqama da toxundu. Bildirdi ki, biz addımı atırıq, ilk gedişi edirik, qarşı tərəfin də müvafiq addımın atılmasından yayınırlar və uduzan tərəf də onlar özləri olacaq. İqtidarın niyyəti Azərbaycanda çoxpartiyalı sistemin inkişaf etməsidir və parlamentin rəhbərliyində baş verən dəyişikliklər də dediklərimizi bir aha təsdiqləyir”. 

E. Nəsirov qeyd edib ki, Azərbaycanda siyasi islahatlar həyata keçirilməyə başlayır və bu islahatlar digər sferalarda həyata keçirilən islahatların məntiqi davamdır: “Bu, heç də o demək deyil ki, iqtisadi və sosial sahələrdə, məhkəmə-hüquq sistemində islahatlar artıq yekunlaşıb, siyasi islahatlara start verilib. Yəni iqtisadi və sosial sahələrdə, məhkəmə-hüquq sistemində struktur və kadr islahatları həyata keçirilir və paralel olaraq siyasi islahatların həyata keçirilməsi istiqamətində ilkin addımlar atılır. Parlamentin çoxpartiyalı olması və parlamentin rəhbərliyin azlıqdakı partiyaların təmsil olunması dediklərimizi bir daha təsdiqləyir”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər