Millət vəkili: “İslamofobiya və Azərbaycanofobiya AŞPA-nın fəaliyyətinin tərkib hissəsidir”

Millət vəkili: “İslamofobiya və Azərbaycanofobiya AŞPA-nın fəaliyyətinin tərkib hissəsidir”
# 08 iyun 2020 10:29 (UTC +04:00)

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtər rayonunda Olimpiya İdman Kompleksinin açılışındakı çıxışı proqram xarakterli olub, bir çox fundamental məqamları özündə ehtiva edir".

Bunu APA-ya açıqlamasında Milli Məclisin üzvü, professor Rüfət Quliyev bildirib.

R. Quliyev deyib ki, Prezident çıxışında qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən "prezident və parlament seçkiləri"nin, əslində, siyasi şoudan başqa bir şey olmadığını, nəticələrini dünyanın heç bir dövləti və nüfuzlu təşkilatının tanımadığını vurğulayıb: “Guya dünyaya demokratiya dərsi keçən Avropa Şurası isə bu qondarma qurumda keçirilən seçkilərə heç bir münasibət bildirməyib və susmağı üstün tutub. Necə ola bilər ki, özünü demokratiya carçısı kimi aparan təşkilat bu təlxək oyunlarına heç bir reaksiya verməyib? Bu məsələdə də Avropa Şurası yenə də ikili standartlar prinsipinə riayət edib. Azərbaycana qarşı bir çox hallarda qərəzli mövqedən çıxış edən Avropa Şurasının Parlament Assambleyası bu dəfə də öz ermənipərəstliyini bir daha açıq-aydın göstərdi. Onu da qeyd etmək zəruridir ki, son vaxtlar bu qurum bütün dünyada nüfuzunu itirib və onun rəyi olsa idi də, bunun Azərbaycan üçün heç bir əhəmiyyəti olmayacaq. Çox qəribədir ki, Avropa Şurası qarşında üzərinə götürdüyü bütün öhdəliklərə əməl edən Azərbaycan niyə görə bu təşkilatda ikili standartlarla, qərəzli mövqe ilə üzləşir? Təcavüzkar Ermənistana isə gözün üstə qaşın var deyən yoxdur. Görünür, burada ermənilərin qurumun nümayəndələrini, həmməruzəçilərini qaranlıq yollarla ələ almaları öz rolunu oynayıb”.

Millət vəkili qeyd edib ki, İslamofobiya və Azərbaycanofobiya bu təşkilatın fəaliyyətinin tərkib hissəsidir: “Dəfələrlə şahidi olmuşuq ki, Avropa Şurası demokratiya, insan hüquqları və siyası məhbuslar məsələləri ilə Azərbaycan əleyhinə şər və böhtan dolu müxtəlif sənədlər qəbul edib. Düzdür, Prezidentin qeyd etdiyi kimi, bütün bu sənədlər Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Əgər Avropa Şurası Azərbaycan üçün belə can yandırandırsa, niyə bir dəfə də olsun Azərbaycanın Ermənistanın cinayətləri nəticəsində 20 faiz ərazisinin işğal altında olmasını, 1 milyondan yuxarı qaçqın və köçkünün olmasını, BMT Təhlükəsizlik Şurasının bu məsələlərlə əlaqədar 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsini gündəmə gətirməyib. Azərbaycanın hər sahədə dinamik inkişafı, onun Prezidentinin sarsılmaz siyasi iradəsi və qətiyyətli mövqeyi, müstəqil siyasət yürütməsi bəzi Qərb dövlətlərini də, elə Avropa Şurasının özünü də narahat edir. Onlara müti, onların diqtəsilə hərəkət edən ölkə lazımdır. Azərbaycan isə ərazisi baxımından elə də böyük dövlət olmasa da, dünyada onun xüsusi çəkisi böyükdür və heç vaxt onunla təzyiq dili ilə danışmaq olmaz. Bu, aydın həqiqətdir ki, Azərbaycan öz tutduğu yolu uğurla davam etdirəcək. Bu yol isə müstəqillik, inkişaf və tərəqqi yoludur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR