Millət vəkili: “Koronavirusla bağlı çaşqınlıq yaradan informasiyalar yayılmamalı, xalqımız təxribatlara uymamalıdır”

Millət vəkili: “Koronavirusla bağlı çaşqınlıq yaradan informasiyalar yayılmamalı, xalqımız təxribatlara uymamalıdır”
# 19 mart 2020 20:05 (UTC +04:00)

"Bu gün Prezidentin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və Fonda 20 milyon manat vəsait ayrılması dövlətin qlobal pandemiya ilə ciddi və gərgin mübarizə apardığının göstəricisidir”.

Bunu APA-ya açıqlamasında Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik nitqində səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Tamam Cəfərova deyib.

T. Cəfərova bildirib ki, Azərbaycan virusun ən az yayıldığı ölkələrdən biridir: “Dövlətimiz ilk gündən koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə hərtərəfli önləyici tədbirləri görüb və görməkdə davam edir. Bu xəstəliyin yayılmaması üçün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da öz sosial məsuliyyətlərini anlamalı, hökumətin tətbiq etdiyi xüsusi davranış qaydalarına əməl etməlidirlər. Vətəndaşlarımız dərk etməlidirlər ki, dünya çox qorxulu pandemiya ilə üzləşib və bunun nə vaxta qədər davam edəcəyi, sabah nə olacağı heç kəsə bəlli deyil. Artıq virus demək olar ki, bütün dünyaya yayılıb və qurbanlarla bağlı hər gün qorxunc xəbərlər gəlir. Məlumata görə, təkcə dünən İtaliyada virusdan 500 nəfərə qədər insan dünyasını dəyişib. Dünya iflic vəziyyətindədir, sərhədlər bağlanır. Öz tarixində ilk dəfə Avropa İttifaqı bu gün öz fəaliyyətini dayandırdı. Ən qorxulusu odur ki, bu virusa qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılmasının və yayılmamasının bu gün üçün yeganə yolu sosial izolyasiya və sanitar-gigiyena tədbirləridir”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan xalqına Novruz Bayramı münasibətilə təbrikində bu məsələyə xüsusi toxunub: “Çox təəssüf ki, bəzi vətəndaşlar koronavirus epidemiyasının yayılması təhlükəsinə qeyri-ciddi yanaşırlar. Hökumət tərəfindən qəbul olunmuş sosial izolyasiya, karantin şərtlərini yerinə yetirmək istəmirlər. Onlar bu virusun ölümcül təhlükəsini hələ də anlaya bilmirlər. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bütün dövlətlərdə karantin qaydalarını pozanlara qarşı cəza tədbirləri nəzərdə tutulub. Dövlət başçısının da qeyd etdiyi kimi, bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalı, kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməli, özünü təcrid etməli, kütləvi yerlərə getməməli, lazım olmadan kütləvi tədbirlərə qatılmamalıdır”.

T. Cəfərova bildirib ki, cəmiyyətdə çaşqınlıq yaradan informasiyaların yayılması məsələsinə də dövlət başçısı xüsusi toxunub və xalqımızı təxribatlara uymamağa çağırıb: “Müraciətdə Prezident İlham Əliyev xalqımızı təxribatlara uymamağa çağırdı və bildirdi ki, dövlət, həmişə olduğu kimi, bu gün də xalqın yanındadır. Prezident haqlı olaraq qeyd etdi ki, bəşəriyyətin böyük bir bəla ilə üzləşdiyi bir dönəmdə anti-Azərbaycan qüvvələri, “beşinci kolon”, milli satqınlar bu vəziyyətdən istifadə edir, təxribatlar törətməyə çalışırlar. Ancaq buna yol vermək olmaz. Cəmiyyətdə çaşqınlıq yaradan informasiyalar yayılmamalı, xalqımız təxribatlara uymamalıdır”.

Millət vəkili vətəndaşları bu böyük bəladan qorunmağa və dövlətin tələb və təkliflərinə riayət etməyə çağırıb: “Bütün Azərbaycan vətəndaşlarını panikaya qapılmamağa, onların yalnız rəsmi məlumatlara üstünlük vermələrinə çağırıram. Bundan başqa, vətəndaşlarımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə, kütləvi yerlərdən uzaq olmağa, bacardıqları qədər evdən çıxmamağa səsləyirəm.

Cənab Prezidentin də qeyd etdiyi kimi, bu, milli məsələdir, dövlətimizin gələcəyi üçün göstərilən tələblərə riayət etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Cənab Prezident bizləri həmrəy və məsuliyyətli olmağa dəvət etdi. Gəlin həmrəy olaq, dövlətimizin yanında olaq. Çünki yalnız birlikdə güclüyük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR