Millət vəkili: "Moskva görüşü Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb"

Millət vəkili: "Moskva görüşü Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb"
# 12 yanvar 2021 18:34 (UTC +04:00)

“Yanvarın 11-də Moskvada keçirilən görüşə Azərbaycan qalib tərəf olaraq, Rusiyanın tərəfdaşlıq, qonşuluq jestlərini qiymətləndirərək qatılmışdı. Bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, Moskva görüşü Azərbaycan Prezidentinin qətiyyətinin, prinsipiallığının yeni sənədlə təsbit və inkişafı deməkdir: “Yeni Bəyanat 10 noyabr bəyanatının məhz 9-cu bəndinə əsaslanır. O bənd məhz Azərbaycan Prezidentinin təkidi ilə bəyanata salınıb və Azərbaycan, normal qonşuluq edə bilən bütün tərəflər, yeni tərəfdaşlar üçün çox önəmlidir. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir. Ümummilli liderin bu tarixi kəlamı, üçtərəfli bəyanatın icrası ilə birgə yeni imkanlar, yeni çağırışlarla bir daha öz parlaq təcəssümünü, ifadəsini və təsdiqini tapmış olacaq. Bəyanatda nəzərdə tutulan yol Azərbaycanın regionlarını birləşdirəcək, Naxçıvanı blokadadan çıxaracaq. Tarixi İpək yolu, Mehri yolu, yaxud Türk yolu, başqa sözlə, Azərbaycan yolu olaraq, dünəni bu günə, bu günü sabaha daşıyacaq”.

Komitə sədri nəzərə çatdırıb ki, Azərbaycanla mehriban davranmaq Ermənistan üçün xilas seçimidir: “Bu xilas seçiminin alternativi isə erməni cəmiyyəti üçün uçurumdur. Üçtərəfli bəyanat bir daha təsdiq edir ki, Moskva görüşü Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Respublikamız hərb meydanında olduğu kimi, diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir, bu mövqeyini qoruyur və qoruyacaq. İndi bütün region ölkələri regionumuzun bundan sonra davamlı və təhlükəsiz inkişafla təmin olunmasında maraqlı olmalıdır. Əbədi müharibə olmur, müharibə birtərəfli ziyan vurmur. Müharibə son çarə olaraq meydana çıxır və nəticələri ilə sonrakı dönəmə təsir edir”.

Komitə sədri bildirib ki, Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub: “Rəsmi Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı da alınmayacaqdı. Bu, faktiki olaraq Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Respublikamız öz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə, eləcə də, qardaş Türkiyə ilə bağlarını gücləndirəcək, ölkəmizin geoiqtsadi önəmi və əlbəttə, gəlirləri artacaq. Buraya tranzit daşımaları, ticarət, turizm sektoru və s. daxildir”. Q. Paşayeva hesab edir ki, Ermənistan tərəfinin Moskva görüşü öncəsi və görüşdə nələrəsə nail olmaq cəhdləri heç bir nəticə verməyib: “Nə Ermənistan tərəfinin hərbi əsir kimi qələmə verdiyi erməni terrorçuları, nə qondarma rejimin statusu, nə də “Minsk qrupu formatı”nda danışıqların bərpası və s. masada və bəyanatda əksini tapdı. Paşinyan hökumətinin, özünün və erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyi alınmadı. Məğlubların sözü keçmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR