Millət vəkili: “Prezidentin islahatlar proqramına qarşı çıxanlar cəzalandırılacaq”

Millət vəkili: “Prezidentin islahatlar proqramına qarşı çıxanlar cəzalandırılacaq”
  • Clock-gray 10:32
  • calendar-gray 02 May 2020

“Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, önləyici və qabaqlayıcı tədbirləri nəticəsində koronavirusa qarşı mübarizədə Azərbaycan uğur qazanıb, bu, dünya və Azərbaycan ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanb”.

Bunu APA-ya açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirib.

Millət vəkili deyib ki, təsadüfi deyil ki, Azərbaycanla əhalisi eyni olan bir çox ölkələrdə 10 dəfə çox insan koronavirusa yoluxub və vəfat edib: “Bu, Azərbaycanın böyük nailiyyətidir. Prezidentin çağırışı ilə vətəndaşlar, sahibkarlar, təşkilatlar səfərbər olunub, ehtiyacı olan insanlar yardımlarla təmin edilir. Dövlət tərəfindən sosial yardımlarla əlaqədar milyardlarla manat vəsait ayrılıb. Eyni zamanda Heydər Əliyev Fondu da bu istiqamətdə humanist təşəbbüslərlə çıxış edir, insanların ehtiyacları təmin olunur. Amma təəssüf ki, dövlət strukturlarında çalışan, hətta yüksək vəzifələrə təyin edilən bəziləri bu işə dırnaqarası yanaşır, hətta cinayətlərə yol verirlər”.

T. Kərimli Ağstafa, Neftçala  və Yevlağın keçmiş İcra Hakimiyyəti başçıları digər cinayətlərə yol verməklə bərabər, həm də vətəndaşlara ayrılmış yardımın, sosial paketin mənimsənilməsinə görə məsuliyyətə cəlb olunublar: “Çox təəccüblü və təəssüf doğuran haldır ki,  bütün bunlardan sonra Biləsuvar İcra Hakimiyyətin başçısı da eyni əmələ yol verib. Dövlət başçısı çox ciddi islahatlar aparır, bu insanlar niyə dərs çıxarmırlar? Prezident hər zaman bəyan edir ki, məqsədimiz xalqa xidmətdir. Bu insanlar vəzifələrə təyin ediliblər ki, xalqa xidmət etsinlər. Necə olur ki, onlar kasıb insanlara ayrılan yardımlara göz dikirlər?!  Təsadüfi deyil ki, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti bu vəzifəli şəxsləri konkret dəlil və sübutlarla ifşa edir. Bu, başqalarına görk olmalıdır. Bu, bir daha göstərir ki, Prezident islahatlar proqramında ardıcıldır, mövqeyi qətidir və bu istiqamətdə işlər davam edəcək. Kimliyindən asılı olmayaraq, Prezidentin islahatlar proqramına qarşı çıxanlar cəzalandırılıcaqlar. Xüsusən koronavirus pandemiyası və iqtisadiyyatımızın yeni sınaqlarla qarşılaşdığı bir dövrdə Prezident büdcədə sosial xərclərin azaldılmasına qarşı çıxır, büdcənin 40 faizini təşkil edən sosial xərcləri genişləndirir, 3 milyard manatdan çox əlavə sosial paket ayırır. Belə bir vaxtda bu insanların gözlərinin doymaması, yüngül qazanc əldə etmək istəkləri çox təəccüb doğurur  Prezident İlham Əliyev  qətiyyətlə islahatlar kursunun həyata keçirir. Prezidentin korrupsiyaya qarşı mübarizədə mövqeyi qətidir və korrupsiyaya qarşı qətiyyətlə mübarizə aparılacaq”.

 

Millət vəkili bu kontekstdə ötən gün Milli Məclisin razılığı ilə Prezident İlham Əliyevin Kamran Əliyevi Baş Prokuror təyin etməsini məhkəmə-hüquq sistemində islahatlar istiqamətində növbəti addım kimi dəyərləndirib: “Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olmuş Kamran Əliyevin Baş Prokuror təyin edilməsi eyni zamanda Prezident İlham Əliyev tərəfindən korrupsiyaya qarşı mübarizə istiqamətində apardığı siyasətin tərkib hissəsidir. Bizə məlumdur ki, Prezident Administrasiyasında yeni strukturlar yaranıb. Bu strukturlardan biri də Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir. Bu şöbənin müdiri Ədalət Vəliyev Milli Məclisdə Prezident İlham Əliyevin Baş Prokurorla bağlı təqdimatını təqdim etdi.  Ən mühüm məsələlərdən biri də odur ki, Prezident Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisini bu vəzifəyə layiq gördü. Təmiz reputasiyası olan şəxsi Baş Prokuror vəzifəsinə layiq görməklə Prezident korrupsiyaya qarşı ardıcıl və ciddi mübarizənin gələcəkdə də davam etdiriləcəyi mesajını verdi”.

 

T. Kərimli hesab edir ki, Prezident İlham Əliyev tək iqtisadi sahədə deyil, eyni zamanda siyasi, hüquqi və mənəvi sahələrdə köklü islahatlara start verib: “Atılan addımlar göstərir ki, korrupsiyaya qarşı mübarizə səngiməyəcək. Eyni zamanda da təmiz kadrların irəli çəkilməsi davam etdiriləcək. Biz bunu Milli Məclis rəhbərliyinin formalaşması prosesində də, Prezident Administrasiyasında irəli çəkilən şəxslərin simasında da, Baş Prokuror təyinatında da gördük. Buna görə Prezidentə uğurlar diləyirik. Bütün qüvvəmizlə Prezidentin islahatlarının dəstəkçisi, yerlərdə təbliğatçısı olacağıq. Bu islahatlar bizdə böyük ruh yüksəkliyi yaradır”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər