Millət vəkili: “Yeni partiyaların qeydə alınması Azərbaycanda demokratiyanın inkişafına nümunədir”

Millət vəkili: “Yeni partiyaların qeydə alınması Azərbaycanda demokratiyanın inkişafına nümunədir”
# 18 aprel 2020 13:40 (UTC +04:00)

“Azərbaycan Respublikasının Prezidenti eyni zamanda, siyasi islahatlara da start verdi. Bunlardan da biri, məhz siyasi partiyalarla dialoq mühitinin yaradılması, yeni konfiqurasiyalı çoxpartiyalılığın inkişaf etdilməsi, siyasi partiyaların dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsidir”.

APA-nın məlumatına görə, bunu millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib. Onun sözlərinə görə, bir sıra partiyalar artıq parlament rəhbərliyində təmsil olunublar və bu islahatlar hələ davam edir: “Eyni zamanda, siyasi islahatların göstəricilərindən biri də Ədliyyə Nazirliyində Yeni Zaman Partiyasının və Azad Demokratlar Partiyasının qeydə alınması oldu. Qeyd edim ki, hər iki partiya qeydə alına bilmədikləri üçün uzun müddət idi Ədliyyə Nazirliyinə, məhkəmələrə müraciətlər, şikayətlər edirdilər. Amma, biz bilirik ki, Prezident Administrasiyasında siyasi islahatlarla bağlı olaraq, Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqə üzrə şöbə yaradıldı. Artıq, nəinki bu partiyalar müraciət etdi, hətta yeni şöbənin rəhbərliyi özü maraq göstərərək, bu partiyaların taleyi ilə maraqlandı. Məhz onların müdaxiləsi və tövsiyələri ilə Ədliyyə Nazirliyi bu partiyaları yenidən öyrəndi, qeydə alınmasını mümkün hesab edərək dövlət qeydiyyatından keçirtdi”.

T.Kərimli bildirib ki, bunun özü partiyaların oriyentasiyasından aslı olmayaraq, Azərbaycanda demokratiyanın inkişafına bir nümunədir: “Məsələn, mən bilirəm ki, Azad Demokratlar Partiyası Avroatlantik tendensiyalı sağ mərkəzçi partiyadır. Yeni Zaman Partiyası isə istər Qərb, istər Rusiya və digər ölkələrlə Azərbaycanın mənafeyi baxımından əməkdaşlığı üstün tutur. Bu partiyalar daim özlərini müxalifətyönümlü göstəriblər, buna baxmayaraq, hakimiyyət bu təşkilatları qeydə alıb. Bu o deməkdir ki, cəmiyyət inkişaf edir, böyük ümid var ki, nəinki parlamentdə, gələcək hökumətdə də siyasi partiyalar təmsil oluna, onlar dövlət idarəçiliyində, hakimiyyət və mülkiyyətin bölgüsündə iştirak edə bilərlər. Cənab Prezident həqiqətən də bu islahatların mahiyyət üzrə keçirilməsındə maraqlıdır və bu iki partiyanın qeydə alınması buna yaxşı nümunədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR