Millət vəkili: “Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində addımların davamıdır”

Millət vəkili: “Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində addımların davamıdır”
  • Clock-gray 10:58
  • calendar-gray 19 Mart 2021

“Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı dövlət başçısının milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımıdır”.

Bunu APA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Millət vəkili deyib ki, dövlət başçısı tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları indiyədək on minlərlə insana sevinc bəxş edib: “Ötən il COVID-19 pandemiyası dövründə yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi də dövlətin humanist siyasətinin əyani təzahürüdür. Bu əfv sərəncamı isə şamil olunduğu şəxslərin sayına görə ən böyük aktlardan biridir. Dövlət başçısı humanizm prinsiplərinə əsaslanaraq, məhkum edilmiş şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alıb. Sərəncam ümumilikdə 625 məhkuma şamil edilib, onlardan 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub, 98-nin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 nəfərin cəzası 25 ilə endirilib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub. Bu, Novruz Bayramı ərəfəsində minlərlə ailənin, on minlərlə insanın sevinci deməkdir. Cəzaçəkmə müəssisələrində saxlanılan 475 məhbus bu bayramı öz ailəsi ilə birlikdə keçirəcək. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin milli həmrəyliyə istiqamətlənmiş növbəti humanist addımına yüksək dəyər verir. Bu, eyni zamanda həm ictimai, həm milli, həm də siyasi həmrəyliyi gücləndirir. Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır”.

M. İbrahimqızı vurğulayıb ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər.

apa-logo-mini

Digər xəbərlər